Bu gün Avropa çempionatının final görüşü keçiriləcək

Bu gün Avropa çempionatının final görüşü keçiriləcək
  11 İyul 2021    Oxunub:1079
Bu gün Bakı vaxtı ilə saat 23:00-da futbol üzrə Avropa çempionatının final görüşü keçiriləcək.
Azvision.az xəbər verir ki, Londondakı "Uembli" stadionunda baş tutacaq görüşdə İtaliya və İngiltərə milli komandaları üz-üzə gələcək.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1), yarımfinalda isə İspaniya (1:1, penalti 4:2) millisini mübarizədən kənarlaşdırıb.

"Avro-2020”-nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə yığma komanda idi.

Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıb.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Dörddəbir final mərhələsinin qarşılaşması (Uels-Danimarka- 0:4) isə Bakıda iyulun 3-də keçirilib.

Azvision.az



Teqlər: Avropaçempionatı  





Xəbər lenti