`Əminik ki, Azərbaycan Krımdakı vətəndaşlarını tək qoymayacaq`– MÜSAHİBƏ, EKSKLÜZİV

`Əminik ki, Azərbaycan Krımdakı vətəndaşlarını tək qoymayacaq`– MÜSAHİBƏ, EKSKLÜZİV
  14 Mart 2014    Oxunub:1059
AzVision.az Krımdakı Azərbaycan icmasının rəhbəri Rahim Hümbətovun eksklüziv müsahibəsini təqdim edir.

- Krımdakı referenduma 1 gün qalıb. Bu referendumdan krımlılar nə gözləyir?

- Gözləntilər çox ziddiyyətlidir. Bəziləri gözləyir ki, Krım Ukraynanın tərkibində qalacaq. Bəziləri isə hesab edir ki, krımlılar Rusiyaya ilə birləşməyə səs verəcəklər.

- Bəs yerli azərbaycanlıların referenduma münasibəti necədir?

- Krım Muxtar Respublikasının öz müqəddəratını təyinetmə məsələsi ilə bağlı azərbaycanlıların mövqeyi birmənalı deyil. Belə ki, kimsə qarşıdakı səsverməni boykot etməyə hazırlaşır, kimsə Ukraynanın bütövlüyü üçün səs verəcək, kimsə də Rusiyaya birləşməyi üstün tutacaq.
Qeyd etmək istəyirəm ki, Krımda yaşayan azərbaycanlıların problemləri burada yaşayan digər millətlərin problemlərindən heç nə ilə fərqlənmir.

- Referendum öncəsi Krım tatarlarının mövqeyi necədir?

- Mən bildiyimə görə, Krım tatarlarının mövqeyi dəyişməz qalıb. Onlar seçkini boykot edəcəklər.

- Aksenov və digər Krım rəhbərləri yerli rusdilli əhalinin Krımın ukraynalaşdırılmasından ehtiyat etdiklərini bildiriblər. Siz bununla razısınızmı?

- Mən Aksenovun Krımın səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı dedikləri sözlərlə razıyam. Krımın ukraynalaşdırlması ilə bağlı rusdilli əhalinin narahatlığı bir qədər şişirdilib. Azərbaycan əsilli krımlıyam. 15 ildən artıqdır ki, rus dilində qəzet, kitab nəşr edirəm və s. Və bu illər ərzində heç kəs məndən soruşmayıb ki, “niyə sən bunları rus dilində edirsən”.

- Yaxin vaxtlarda Krım tatarlarının lideri Mustafa Cəmilov Putinlə danışıb. Bu danışıqlardan sizin gözləntiləriniz?

- Hesab edirəm ki, Rusiya prezidentinin Mustafa Cəmilovu danışıqlar üçün Moskvaya dəvət etməsi çox müdrik addımdır. Hamıya məlumdur ki, Rusiya rəhbərliyi Ukraynanın rəsmi hakimiyyət nümayəndələri ilə birbaşa ünsiyyətdən imtina edir. Bütün Ukrayna üçün çətin olan belə bir gündə bu danışığın məhz Krım tatarlarının lideri ilə baş tutması bu xalqın Ukraynadakı rolunu yeni səviyyəyə qaldıracaq. Qeyd edim ki, Krım tatarları daim Ukraynanın müstəqilliyin və ərazi bütövlüyünü qoruyublar. Ümid və gözləntilərimiz belədir ki, doğurdan da Krımda qan tökülməyəcək və bütün məsələlər sülh yolu ilə həllini tapacaq.

-Sizin türk dünyasından, xüsusən, Azərbaycan və Türkiyədən gözləntiləriniz?
- Azərbaycan və Türkiyə öz mövqelərini ifadə ediblər. Məlumdur ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Türkiyə isə Krımdakı qardaşlarını dar gündə tək qoymayacaqlarını bildirib. Biz əminik ki, çətin məqamlar yaşansa, Azərbaycan Krımdakı vətəndaşlarını tək qoymayacaq. Bununla belə, inanırıq ki, hər şey yaxşı olacaq. Və Krım iki qardaş xalqın - rusların və ukraynalıların əməkdaşlıq yerinə çevriləcək.

Zaur Rəsulzadə
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti