“Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub
Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.
Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Qarabağda ağıllı şəhər” adlı keys üzrə tapşırıqları yerinə yetirib. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.
Azvision.az
Teqlər: Yüksəliş