Mobil telefonun satışa çıxarılmasından 30 il ötür

Mobil telefonun satışa çıxarılmasından 30 il ötür
  14 Mart 2014    Oxunub:1518
30 il əvvəl - 1984-cü il martın 13-də ilk “Motorola DynaTAC 8000” mobil telefonu satışa çıxarılıb. Telefon çox baha olduğundan (3995 dollar və ya inflyasiya nəzərə alınmaqla hazırkı qiymətlərlə 9 min dollar) onu yalnız varlı insanlar ala bilərdi.
O vaxt avtomobillərdə quraşdırılan portativ telefonlar mobil telefonlar adlanırdı. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, texnologiya 1940-cı ilin ortalarında hazırlansa da, o vaxtdan telefonu akkumulyator ilə birlikdə avtomobildə yox, insanın özü ilə daşıması üçün miniatürlük problemini heç kim yoluna qoya bilməyib. Əksər şirkətlər hətta amerikalıların hamısının avtomobillərdən tez-tez istifadə etməməsinə və təsadüfi hallarda piyada getmələrinə görə belə telefonlara tələbatın olmayacağını güman edirdilər. Lakin “Motorola” şirkəti risk etmək qərarına gələrək uğur qazanmağa nail olub. Belə ki, “Motorola DynaTAC 8000” modelinin satışları bütün gözləntiləri ötüb.

“Motorola DynaTAC 8000” qabaqcıl texnologiya nümunəsi olub. Telefonda hətta ağ-qara mətnli “LED” displey də quraşdırılmışdı. Hazırda 800 qramlıq böyük ölçüyə malik telefondan istifadə bir o qədər də rahat görünmür, lakin 30 il əvvəl bu, sözün əsl mənasında, həqiqi texnoloji inqilab idi.

“Motorola DynaTAC 8000” telefonu 1973-cü ildə buraxılsa da, ABŞ Federal Rabitə Komissiyası lisenziyanı təsdiq etmək və mobil rabitəyə tezliklər ayırmaq üçün təxminən on il sərf edib. İlk kommersiya mobil rabitə operatoru hesab edilən “Ameritech” şirkəti 1983-cü il oktyabrın 12-də fəaliyyətə başlayıb. Operator saat 9:00-dan 17:00-dək 50 dollar məbləğində aylıq abunə haqqı və üstəgəl bir dəqiqəlik danışıq üçün 0,40 dollar (digər vaxtlarda 0,24 dollar) tarifi ilə xidmətlərin göstərilməsi ilə məşğul olub.


Teqlər:  





Xəbər lenti