Avropa İttifaqının prezidenti bölgəyə niyə gəlir – TƏHLİL

   Avropa İttifaqının prezidenti bölgəyə niyə gəlir –    TƏHLİL
  16 İyul 2021    Oxunub:4513
Avropa İttifaqının prezidenti Şarl Mişelin bölgəyə səfəri maraqlı dövrdə baş tutur. Son dövrlərdə birliyin postsovet məkanında, xüsusilə Güney Qafqazda fəallığının artması müşahidə olunmaqdadır. Bu fəallıq regional əhəmiyyətli iqtisadi layihələrlə yekunlaşmır, eyni zamanda, siyasi proseslərə müdaxilə, konfliktlərin həllində iştirak cəhdləri də müşahidə olunur.
Bunun bariz nümunəsi Avropa İttifaqının Gürcüstanda hələ də davam edən siyasi böhranın həllində əsas tərəfdaş kimi çıxış etməsidir. Gürcüstan siyasi böhrandan çıxmaq üçün məhz Aİ prezidenti Şarl Mişelin irəli sürdüyü “yol xəritəsi”ni qəbul etmək qərarına gəlib və bu, əlbəttə ki, birliyin get-gedə regionda artan siyasi nüfuzundan xəbər verir.

Təbii ki, Aİ təkcə Gürcüstanla kifayətlənmək niyyətində deyil və ümumilikdə regionun həyatında daha yaxından iştirak etmək üçün qonşuluq siyasətini daha da dərinləşdirməyi planlaşdırır. Bu, ən əvvəl İttifaqın özünün enerji təhlükəsizliyini zəmanət altına almaq istəyilə bağlıdır. Avropanı enerjilə təmin edən əsas dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir, Qarabağ münaqişəsinin həllindən sonra isə Zəngəzur dəhlizinin işə düşməsi Aİ-nin enerji mənbələrinin diversifikasiyası siyasətinin reallaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Avropa İttifaqının postsovet məkanında təsirinin artmasına istiqamətlənmiş siyasəti Rusiyanın ürəyincə olmasa da, 10 noyabr Bəyannaməsilə müəyyən edilmiş formulun icra olunmasında Brüssellə Moskvanın mövqeləri üst-üstə düşür.

Bu ilin iyun ayının 7-də Aİ prezidenti Şarl Mişellə Rusiya rəhbəri Vladimir Putin arasında baş tutan telefon danışığında demək olar ki, postsovet məkanında mövcud olan bütün münaqişələr və onların həlli yolları müzakirə olunub və yalnız bir məsələdə - Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində tərəflərin mövqeləri üst-üstə düşüb. Kremlin yaydığı rəsmi açıqlamada qeyd olunur ki, “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 (10) noyabr və 2021-ci il 11 dekabr Bəyanatlarının reallaşdırılmasının vacibliyi vurğulanmaqla, Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub”. Müqayisə üçün qeyd edək ki, elə həmin telefon danışığında Mişel Putini Ukraynadakı böhranın həllilə bağlı Minsk razılaşmalarını tam həcmdə yerinə yetirməməkdə ittiham edib, Putin isə Avropanın Belorusa qarşı sanksiyalarının əks effekt verəcəyini söyləyib.

Bundan əvvəl Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon danışığı olub. İyunun 2-də baş tutan telefon danışığında Ai rəhbəri bir daha məlum Bəyanatın icrasının vacibliyinə toxunub, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası üçün ekspertlər səviyyəsində köməklik göstərməyi təklif edib və tərəfləri tez bir zamanda ərazilərin minalardan təmizlənməsi, həmçinin, əsirlərin dəyişidirilməsi və digər humanitar məsələlərlə bağlı danışıqlara dəvət edib. Hətta Şarl Mişel 2020-ci 10 noyabr bəyanatının icra olunmasının regionda təhlükəsizliyin təminatı və qarşılıqlı etimadın yaranması baxımından vacib olduğunu vurğulayıb.
Prezident İlham Əliyev isə cavab olaraq Azərbaycanın sülh razılaşmasının imzalanması üçün Ermənistanla danışıqların başlanılmasına hazır olduğunu, lakin, Yerevanın bu təklifə dair mövqeyini açıqlamadığını söyləyib. Aİ rəsmisi tərəfləri tez bir zamanda konstruktiv danışıqların başlanmağa çağırıb.

Regiona növbəti səfərə hazırlaşan Şarl Mişelin güman ki, Ermənistan rəhbərliyi qarşısında qoyacağı əsas tələb 10 noyabr bəyanatının icrası və Azərbaycanla sülh danışıqlarının başlanılması olacaq. Lakin Ermənistan hakimiyyəti bu prosesə tam hazır olmadığı üçün Aİ rəhbəri qarşısında müəyyən arqumentlər irəli sürərək, vaxt udmağa çalışacaq. Çünki, Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına başlaması ölkəmizin ərazi bütövlüyünü tanıması anlamına gəlir ki, bu da erməni müxalifəti tərəfindən satqınlıq kimi qəbul olunacaq. Nəticədə Ermənistanda yenidən narazılıqlar baş qaldıra və siyasi böhran başlaya bilər.

Məhz vaxt qazanmaq üçün Ermənistan Azərbaycan ərazisində təxribatlara əl atır ki, Qarabağ münaqişəsinin bitməməsi görüntüsü yaratsın və beynəlxalq tərəfdaşları münaqişənin həlli prosesinə cəlb etsin. Paşinyan eyni zamanda, bu yolla Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edə bilməməsi görüntüsü yaratmaqla, sülhməramlı qismində Avropa ölkələrinin qüvvələrin cəlb olunmasına çalışır.

Tofiq Vahid
Azvision.az


Teqlər: Avropa-İttifaqı   Şarl-Mişel  





Xəbər lenti