Hərb tarixinin PUA dövrü və lazer silahı haqda miflər - ARAŞDIRMA

Hərb tarixinin PUA dövrü və  lazer silahı haqda miflər - ARAŞDIRMA
  17 İyul 2021    Oxunub:4284
Dünyanın qloballaşdığı və iri kapitalın insanlıq üzərində total hakimiyyət qurmaq uğurunda ölüm-dirim savaşına girdiyi bir dövrdə qlobal silah bazarı dünya ÜDM-ində öz payını artırmaqda davam edir. Artıq əksər dövlətlərin ilk işi daxili və xarici təhlükəsizliyini təmin etmək üçün ordusunu müasir silahlarla təmin etməkdir. Hər il beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən lokal konfliktlər artmaqda, planetin böyük dövlətlərinin maraqlarının toqquşduğu bölgələrdə yeni müharibə ocaqları yaranmaqdadır.
Son illər bölgəmizdə və ondan uzaqlarda baş verən lokal konfliktlər zamanı istifadə olunan yeni silah texnologiyaları qlobal silah bazarına da təsirsiz ötüşməyib. İnkişaf etmiş və əsas silah istehsalçısı olan dövlətlərin adətən 5-10 ilə hazırladıqları hərbi sənaye konsepsiyası yeni texnologiyaların döyüş meydanlarında sınaqdan keçməsindən sonra alt-üst oldu və bu ölkələr ös strategiyalarına yenidən baxmaq məcburiyyətində qaldılar.

Söhbətin pilotsuz uçan təyyarə və ya aparatlardan getdiyini, yəqin ki, anladınız. "XXI əsrin silahı" adlandırılan PUA sistemlərinə sahib olmaq artıq bütün dünyanın hərbi-sənaye komplekslərinin qarşısında duran ən priotitet məsələdir. Bu sisemləri ilk olaraq hazırlayan ABŞ dünyanın müxtəlif bölgələrində onlardan əsasən kəşfiyyat məqsədilə geniş şəkildə isifadə etməyə başlayıb. Bu sistemlərin texnologiyası daha sonra illərdir ən narahat bölgədə yerləşən İsraillə də bölüşüldü. Beləliklə, ABŞ və İsrail PUA sistemlərinin təkmilləşməsi istiqamətində ciddi iş aparan iki ölkə kimi bu sahədə ən qabaqcıl texnologiyalara sahib oldular.

PUA texnologiyalarından daha sonra terrorla mübarizədə, xüsusən də dağlıq ərazilərdə kəşfiyyat apararaq, terrorçuların sığınacaqlarının, habelə dar və gizli dağ cığırları ilə hərəkət istiqamətlərinin yerini müəyyən etmə prossesində əvəzolunmaz vasitə kimi istifadə olundu. Onillərdir terror bəlasından əziyyət çəkən Türkiyə də 2000-ci ildən başlayaraq, bu texnologiyalara sahib olmaq üçün bir sıra addımlar atdı. PUA texnologiyalarına sahib olmaq üçün işlər aparan şirkətlərə dəstək verildi. Türkiyəli mühəndislərin xaricdə təhsil alması, yerli texniki universitetlərdə müvafiq ixtisas üzrə kurslar və laboratoriyalar təşkil olunması yönündə böyük işlər görüldü. Uzun illərin məhsuldar əməyi nəhayət, bəhrəsini verdi. "Baykar" şirkəti başda olmaqla, bir neçə müəssisənin (o cümlədən, xarici şirkətlərlə əməkdaşlıq etməklə) yaratdığı ilk Türkiyə istehsalı PUA-lar sınaqdan keçirildi.
Naməlum qardaş onu izləyir | VIDEO

Öncə meşə yanğınları ilə mübarizədə və polisin axtarış əməliyyatlarında geniş istifadə olunan ölçücə kiçik və yüngül PUA-ların daha sonra böyük və geniş imkanlı prototipləri yaradılmağa başladı. Yəni Türkiyədə bu texnikanın istehsalı və təkmilləşmiş versiyalarının yaradılması üçün möhkəm baza yarandı.

Ölkənin İraq və Suriya ilə sərhəd bölgəsinə nəzarət etmək, bu böyük və geniş əraziləri terrorçulardan təmizləmək üçün Türkiyə Silahlı Qüvvələri başda PUA-lar olmaqla, son 15 ildə layihələndirilmiş yeni silah sistemlərindən istifadə etdi. Keçən il Türkiyə terrorla mübarizədə daha böyük uğurlar qazandı və bu uğurun arxasındakı əsas güc milli PUA sistemləri oldu. Türkiyənin ölkə daxilində və Şimali İraqın nəzarətsiz dağlıq ərazilərində keçirdiyi antiterror əməliyyatlarından sonra silahlı hücum PUA-larının ən böyük əməliyyatları Suriyada baş tutdu. Bu ölkənin şimalında təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə anlaşan Türkiyə bölgəyə hərbi kontingent göndərdi. 2020-ci ilin yanvar ayında Suriya ordusunun İdlibdə təhlükəsizliyi təmin edən türk hərbi konvoyuna hücumu nəticəsində 30-dan çox türk əsgərinin öldürülməsindən sonra Türkiyə silahlı qüvvələri Əsəd ordusuna qarşı geniş qisas əməliyyatına başladılar. Bir neçə gün ərzində Türkiyə PUA-larının zərbələri nəticəsində və ötürdüyü koordinatların köməyi ilə Suriya ordusunun onlarla zirehli texnikası və minlərlə canlı qüvvəsi məhv edildi. Əsədin İdlib ətrafına cəmləşdirdiyi böyük bir briqada, demək olar ki, sıradan çıxarıldı. Əməliyyatdan sonra bütün dünya mediası Türkiyə MN-nin yaydığı kadrları təkrar nümayiş etdirərək, hərbi ekspertlərin iştirakı ilə PUA-ların gücünü və gələcəkdə hərb sisteminə gətirəcəyi yenilikləri müzakirə etməyə başladı.


PUA sistemlərinin gücünü və önəmini bütün dünya Türkiyə ordusunun Liviyada üsyançı Haftarın qüvvələrini, o cümlədən, hərbi aviasiyasını sıradan çıxarmasından sonra bir daha gördü. Heç bir silah və HHQ-dən müdafiə sisteminin qarşısını ala bilmədiyi pilotsuz hücum təyyarələri ən müasir zenit-raket sistemlərinin özlərini belə, məhv etdilər. Bu, artıq o demək idi ki, dünya ölkələri öz hərbi doktrtinalarına yenidən baxacaqlar. Bir ilin içərisində Türk ordusu iki ildırım sürətli əməliyyatla bütün dünyanı lərzəyə salmışdı.

Üçüncü şoku isə dünya 27 sentyabrda Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoymaq üçün Qarabağda başladığı “Dəmir yumruq” əməliyyatı zamanı yaşadı. 44 gün davam edən Qarabağ əməliyyatında qəhrəman Azərbaycan əsgəri dağlıq relyefdə pilotsuz təyyarələrin köməyilə işğal altındakı torpaqlarımızın böyük hissəsini azad edərək, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu, artıq yeni müharibə üsulu idi və bütün dünya bu üsülü mənimsəməyə qərar verdi.

Amma aradan keçən müddətə baxmayaraq, bir çox ölkələrin PUA sistemləri hələ də özlərini döyüş meydanında sübut edə bilməyiblər. İran və Rusiya yaxın vaxtlarda öz PUA-larını silahlanmaya qəbul edəcəklərini elan etsələr də, hələ ortada ciddi bir şey yoxdur. Amma tam tərsinə, Türkiyənin "Baykar" şirkəti artıq Qətər, Ukrayna, Litva, Polşa, Macarıstandan PUA sifarişləri haqda təkliflər alıb. "Bayraktar TB", "TB-2", "Aksungur" xarici alıcılar üçün bir neçə fərqli parametrdə PUA-ların hazırlanması prosesini davam etdirir.

"Baykar" şirkətinin və türk ordusunun mütəxəssisləri PUA satılan dost ölkələrin hərbçilərinə bu sistemin yer-nəzarət staniyası ilə birlikdə işini tənzimləyən bütün yedək qurğularının çalışmasını izah edirlər. "Bayraktar"ın satıldığı bütün ölkələrin zabitləri "Baykar" şirkətinin təlim mərkəzində kurs keçərək, lazım olan sertifkatı alır və öz ölkələrinin təhlükəsizliyini təmin etmək üçün odularının sıralarında xidmətə başlayırlar.

PUA əlyehinə “lazer sistemi” istehsalı yarışı

Pilotsuz təyyarə sistemlərinin hərb sənayesinin strategiyasına gətirdiyi dəyişikliklərdən sonra hərbi nəşrlərin manşetində tez-tez “PUA əleyhinə sistem” istehsalı haqda xəbərlər peyda olmağa başladı. Son bir neçə ay ərzində bir neçə ölkə pilotsuz təyyarələrə qarşı yeni lazer sisteminin yaradılması istiqmətində böyük irəliləyişə nail olduğunu bəyan etdi.


Xronologiyaya nəzər salsaq, görərik ki, bu haqda ilk informasiyanı İsrailin “Elbit Systems” şirkəti yayıb. Şirkət hava hədəflərini yüksək dəqiqliklə məhv edə bilən lazer silahın uğurla sınaqdan keçirildiyini bildirir. Yeni lazer silahın hərbi təyyarəyə montaj edildiyi deyilir. Haqqında digər heç bir informasiya verilməyən bu silahın hədəfi (PUA-nı) hansı məsafədən məhv etdiyi barədə də şirkət heç bir məlumat verməyib.

Bu informasiyanın yayılmasından təxminən 1 ay sonra Fransanın “Le Figaro” qəzeti ölkənin Biskarros poliqonunda müdafiə naziri Florens Parlinin də iştrak etdiyi tədbirdə yeni PUA-lar əleyhinə lazer silahın uğurla sınaqdan keçirildiyi haqda məlumat yaydı. Nüfuzlu fransız nəşrinin məlumatında o da bildirilirdi ki, bu silahın Fransa ordusunun balansına 2024-cü ildə daxil ediləcəyi gözlənilir. Paralel olaraq müdafiə nazirliyinin PUA-larla mübarizə üçün yeni üsullar axtarmaqda davam etdiyi də vurğulanır. Adıçəkilən “silaha” aid nə bir foto, nə də onun parametrləri haqda dolğun bir məlumat var. “Le Figaro”nun öz xəbərini internetdən götürülmüş adi fotoşəkillə bəzəməsi isə şübhələri daha da artırır. Ehtimal oluna bilər ki, bu, məxfi məlumatdır və təbii olaraq gizli saxlanılır. Amma "Baykar" şirkətinin istehsal etdiyi PUA-lar haqda öz rəsmi saytında və kanalında nə qədər ətraflı və dolğun məlumatlar verdiyini, sınaq zamanı hər bir detalın, hətta əksikliklərin materiallarada öz əksini tapdığını nəzərə alsaq, Fransanın İsrailin və Fransadan dərhal sonra “PUA vuran” lazer silahın istehsalına başladığını bəyan edən Rusiyanın bu məsələdəki səmimiyyəti sadəcə, inandırıcı deyil.

Xatırladırıq ki, 2018-ci ildə Kremldə Rusiya ictimaiyyəti ilə görüş keçirən Putin ölkəsinin yeni ən müasir silahını tanıdan videoçarx nümayiş etdirmişdi. Çarxı nüfuzlu beynəlxalq hərbi nəşrlərin ekspertləri lağa qoymuş, Rusiyanın bir sıra müxalif görüşlü siyasətçiləri də öz tənqidi fikirlərini bildirmişdilər.

PUA-lar və onlarla effektiv mübarizə aparacaq xəyali silahlardan bəhs edən bu ölkələr qlobal silah bazarında öz mövqelərini möhkəmləndirən Türkiyənin qarşısını almaq istəyirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə artıq bir neçə ölkə ilə "Bayraktar"ların və Aselsan şirkətinin istehsalı olan radio-elektron cihazların satışıyla bağlı ilkin müqavilələr bağlayıb. Göründüyü kimi, başda Fransa olmaqla, Türkiyənin dünyada və regionda nüfuzunun artmasına ənənəvi qısqanclıqla yanaşan bəzi ölkələr sadəcə olaraq “çirkli informasiya” yayamaqla prosesi tormozlamaq niyyəti güdürlər. Çünki hələlik heç bir ciddi hərbi ekspert bu məsələ ilə bağlı ciddi bir analiz verməyib. Lazer silahlar, müxtəlif müharibələr və toqquşmalar haqda mətbuatda informasiyalar çıxsa da, anlaşılmaz videokadrlar yayılsa da, bu məsələ ətrafında spekulyasiyaların olduğu heç kəsdə şübhə doğurmur.

Misal üçün 1969-cu ildə SSRİ və Çin arasında baş vermiş sərhəd konflikti zamanı sovet ordusunun Çin hərbi birləşməsini Amur çayındakı Daman adasında diri-diri yandırdığı haqda çox deylib və bu haqda çoxlu filmlər çəkilib. Amma lazer silahın ölçüsünün, təsir gücünün və öldürücü məsafəsinin nə qədər olduğu haqda heç bir dolğun məlumat yoxdur. Daman konfliktindən çox sonra SSRİ-nin birbaşa iştirak etdiyi və hətta uduzduğu müharibələrdə lazer silahından niyəsə istifadə edilmədi. Axı Əfqanıstanı tam olaraq istila edən sovet ordusu orada çox böyük itkilər verdi və 1979-cu ildən (Daman adasındakı konfliktdən də 10 il sonra) , ta 1989-cu ilə qədər davam edən əfqan hərbi kampaniyası zamanı Moskva müharibənin taleyini həll edə biləcək bu silahdan niyə istifadə etmədi? Vyetnam müharibəsi zamanı da on minlərlə əsgərini itirən SSRİ yenə dəhşətli lazer silahını dövrəyə buraxmadı.

Günümüzdə baş verən və Rusiyanın birbaşa iştirak etdiyi Suriya konflikti zamanı da illərlə böyük riski göz altına alaraq, on minlərlə Suriya əsgərinin açıq döyüşdə məhv olması fonunda Moskva yenə Damanda çinliləri yandırdığı “lazer silahından” istifadə etmədi. Deməli, lazer silahı haqdakı məlumatları miflərə aid etmək olar. Çünki tarixin ən dəhşətli silahı olan nüvə silahı haqda hər yerdə, hətta internetdə belə tam təfsilatlı məlumatın oduğunu nəzərə alsaq, lazer silahı, onun kateqoriyası haqda açıq mənbələrdə heç bir məlumatın olmaması, bu silah haqda deyilənlərin daha çox düşmənə qarşı psixoloji təzyiq kimi – informasiya müharibəsi “sursatı” kimi istifadə edildiyi təəssüratı yaradır.

Buradan belə nəticə çlıxarmaq olar ki, elan etmələrinə rəğmən, adı çəkilən ölkələrdən heç birinin hələlik PUA-larla effektiv mübarizə apara biləcək hava müdafiə sistemləri yoxdur. Çünki son 3 konfliktdə - Suriya, Liviya və Dağlıq Qarabağ - Türkiyənin pilotsuz zərbə təyyarələri demək olar ki, ən müasir sayılan HHQ-dən müdafiə sistemlərinin bütün növlərini asanlıqla və ən yüksək dəqiqliklə məhv etdilər. Bayraktarın məhv etdiyi zenit sistemlərinin arasında Rusiya istehsalı olan “Pantsir”, “S-200”, “S-300”, “Osa”, “Strela” kimi hava hücumundan müdafiə sistemləri var. Deməli, adı çəkilən, qırıcıların və hərbi helikopterlərin qənimi sayılan bu sistemlərə nəinki hədəf olmayan, hətta onların özlərini ovlayan PUA sistemlərinin qarşısını almaq yaxın gələcəkdə mümkün olmayacaq.

Şahin Ömər
AzVision.az


Teqlər: PUA   Lazer  





Xəbər lenti