Qərb Ermənistandakı anti-Rusiya planlarını bərpa edir - Şərh

 Qərb Ermənistandakı anti-Rusiya planlarını bərpa edir -  Şərh
  21 İyul 2021    Oxunub:2584
Qarabağdakı noyabr məğlubiyyətindən 9 ay sonra erməni cəmiyyətində və onun əhval-ruhiyyəsində qəribə bir canlanma və sevinc hissləri müşahidə olunur. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesinin Ermənistandan başlaması qonşuların uşaq sevincini alovlandırmağa bəs edib.
İrəvan ziyarətinə gözlənildiyi kimi qondarma "soyqırım" abidəsinə əklil qoymaqla başlayan Şarl Mişel daha sonra iyun seçkilərinin qalibi, ölkə baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşərək onunla danışıqlar aparıb. Şablon bəyanatları hesaba qatmasaq, Avropa məmurunun "Ermənistana 2,6 milyarad avroluq yardım paketi" açıqlaması bütün digər siyasi mesajları kölgədə qoydu.
Erməni hakimiyyətinin ətrafında lövbər salmış və siyasiləşmiş mafioz qruplar, keçmiş separatçıları və terrorçuları öz tavanı altında birləşdirən müxalifət blokunun funksionerləri "yardım paketi" adını eşidən kimi, hər şeyi unutdular. Hakimiyyət Qarabağ və Zəngəzur mövzusunu, müxalifət seçki saxtakarlığını, müharibədəki məğlubiyyəti və başqa məsələləri, erməni cəmiyyəti isə özünün bütün təməl problemlərini yaddan çıxardı.



Şarl Mişelin ayağının tozu yatmamış erməni KİV-lərində, sosial şəbəkənin erməni seqmentində 2,6 milyard avronun necə və hara xərclənəcəyi haqda "analiz" və "proqnozlar" dərc edilməyə başladı. İllərdir Rusiyanın protektoratı altında olduğuna görə Qərbdən elə də böyük yardım paketi ala bilməyən ermənilər bu dəfə sevinclərindən az qala küçələrdə qol açıb oynayacaqdılar. Şarl Mişelin təyyarəsi İrəvan hava limanına endikdən sonra 5-10 nəfər daşnakın "Mişel utan!" şüarı ilə keçirdiyi 15 dəqiqləik saxta "aksiya"nı saymasaq, ermənilər avropalı siyasətçini sözün əsl mənasında xilaskar kimi qarşıladılar. Paşinyanla birgə mətbuat konfransından sonra isə Mişel Azərbaycana gəldi.

Bakı səfərinə Şəhidlər Xiyabanını ziyarətlə və əbədi məşələ əklil qoymaqla başlayan Şarl Mişel sonra prezident İlham Əliyevlə görüşdü və görüşün sonunda iki siyasətçi işgüzar nahar etdilər. Daha sonra Şarl Mişel astrofizika rəsədxanası və Azərkosmosun yerləşdiyi Şamaxıya getdi. Burada keçirilən görüşlər və aparılan fikir mübadiləsi hamıya məlum olduğundan detallarına varmırıq. Aydın olan odur ki, Avropa Azərbaycanın peyk rabitəsi, telekommunikasiyalar və kosmik tədqiqatlar sahələrindəki uğurlarını ciddi qəbul edir və ölkəmizlə əməkdaşlıqda maraqlıdır.

Azərbaycana yardım paketinə gəldikdə isə, unutmamalıyıq ki, biz ermənilərdən fərqli olaraq, heç kimdən dəstək gözləmirik. Bizim bu yardıma heç ehtiyacımız da yoxdur. Hətta dövlət olaraq Avropanın ayrdığı 150 milyon avroluq vəsaiti də qaçqınların, şəhid ailələrinin erməni zülmündən əziyyət çəkmiş şəxslərin həyat şəraitinin yaxşılaşmasına xərcləyəcəyik. Məsələyə isə sırf ona görə toxunuruq ki, bəzi şəxslər bunu az qala "fəlakət" kimi qələmə verərək Ermənistanın Avropa üçün böyük əhəmiyyətindən danışıb, Azərbaycanın "uduzduğuna" eyham vurdular. Amma onlar Azərbaycanın istər dövlət xətti, istərsə də özəl sektor xətti ilə Avropadaya yatırdığ sərmayədən, kapitalın həcmindən xəbərsizdirlər. Avropada həm xeyriyyə, həm humanitar məqsədlərlə Azərbaycandakı fondlardan milyonlarla vəsait xərcləndiyi, buna görə müxtəlif Avropa ölkələrinin rəhbərliyi səviyyəsində ölkəmizə edilən təşəkkürlər, verilən yüksək mükafat və medallar yaddan çıxarılmamalıdır.

Ermənistana - aclıqdan, içinə düşdüyü borc bataqlığında boğulan bu məğlub ölkəyə Avropa köməyinin arxasında isə tamam başqa məqamlar dayanır. SSRİ dağılandan sonra total olaraq Rusiyanın nəzarətinə keçən Ermənistanı xaricdəki diasporunun köməyilə bu nəzarətdən çıxarmaq Qərbin əsas hədəflərindəndir. Soros fondunun yardımı ilə 2018-ci ildə Paşinyanın hakimiyyətə gətirilməsi bu proseslərə start verdi. Paşinyan iyun seçkilərindən sonra hakimiyyətini saxladı və Qərbin buradakı layihələri yenidən gündəmə gəldi. Artıq Avropa bu planların icrası üçün yerli komandasına maliyyə dəstəyi verməlidir. Çünki illərdir Rusiyanın ayırdığı maliyyə dəstəyi buradakı separatçılar və terrorçulardan ibarət loyal hökumət tərəfindən mənimsənilir, borc və faizi isə eməni xalqının üstünə yazılırdı. Nəticədə Rusiya Ermənistanda sovetlərdən qalan bütün əmlakı - atılmış zavod və fabriklərı, SES-ləri, AES-i, dəmir yollarını, elektrik və qaz təchizatı şəbəkəsini, Ermənistan hava yollarını və büdcəni formalaşdıran digər təşkilatları borcun əvəzində müsadirə etdi.



Erməni xalqı bütün bunları yaxşı görür və Koçaryan-Sərkisyan cütlüyündən canını qurtarmaq üçün məqam axtarırdı. İndi isə tarixi Azərbaycan torpaqlarını onlara hədiyyə edən Rusiyadan qurtulmaq istəyirlər. Bunun üçün Qərb artıq pul da ayırıb. Ayrılan 2,6 milyard avronun əsasən infrastruktur, yoxsulluğun aradan qaldırılması, Zəngəzur dəhlizinin keçəcəyi cənub rayonlarının sosial-iqtisadsi vəziyyətinin yaxşılaşdırılması və digər humanitar məqsədlərə xərclənməsi tövsiyə olunsa da, əslində Avropanın Ermənistanda hansı layiləhəri həyata keçirəcəyini indidən görmək o qədər də çətin deyil. Ermənistanda əvvəlcə təhsil problemini yaxşılaşdırmağı məsləhət görən avropalılar qonşu ölkədə Rusiya əleyhinə ideloji işlərə start verməyə hazırlaşırlar.

Xatırladırıq ki, biz bunun analogiyasını Avropanın hazırda Rusiyaya qarşı qaldırdığı bütün ölkələrdə görmüşük. Moskvaya nifrətin ən yüksək həddə çatdığı bu ölkələrdə Qərb Rusiya prezidentini televiziya ekranlarından açıq şəkildə söyüb təhqir edə bilən jurnalistlər, aparıcılar, siyasi xadimlər və ekspertlər yetişdirə bilib. Son illərdə Gürcüstanda, Ukraynada, Polşada və Baltikyanı ölkələrdə təhsilə və propaqandaya böyük pullar ayıran Qərb fondlarının yetişdirdiyi mütəxəssislərin siyasi baxışlarına və Rusiyaya münasibətlərinə nəzər saldıqda yaxın 4-5 ildə qonşu Ermənistanda Rusiyanın maraqlarının hansı zərbə və təhlükə altında qalacağını aydın təsəvvür etmək olur.

Yuxarıda adını qeyd etdiyimiz, Avropanın siyasi və iqtisadi təsirinə tam və ya qismən düşmüş ölkələrdəki rusofobiyanın eynisi ilə Ermənistanda üzləşməmək üçün Kreml Qafqaz və Ermənistan siyasətinə yenidən baxmalı, Azərbaycan-Türkiyə, habelə qurulması artıq tarixi zərurət halına gəlmiş Türk Birliyi ilə münasibətlərini ermənilərə görə korlamamalıdır. Əks təqdirdə, Rusiyanı elə özünün qurduğu Avrasiya Birliyi daxilində çox biabırçı bir məğlubiyyət gözləyir.

Qarabağda ermənilərin rus sülhməramlılarının arxasında gizlənərək Azərbaycan əsgərinə atəş açması cəmiyyətimiz tərəfindən böyük hiddətlə qarşılanır və Rusiyanın onsuz da təmiz olmayan imicinə ağır zərbələr vuraraq Azərbaycan siyasi elitasının Moskvaya etibarının tədricən tükənməsinə gətirib çıxarır. Rusiya rəhbərliyi Azərbaycanın böyük cəsarət, siyasi iradə nümayiş etdirərək onlara öz ərazisində sülhməramlı missiya mandatı verməsini yüksək qiymətləndirməli və Bakının etibarından suai-istifadə etməməlidir. Çünki Qərb artıq Ermənistanda rusofobiyanın Baltikyanı "ştammına" start verib və bu məqsədlə nə az, nə çox, düz 2,6 milyard avro maliyyə yardımı ayırıb.

Şahin Ömər
Azvision.az




Teqlər: Ermənistan   Şarl-Mişel   2.6milyard   Rusiya  





Xəbər lenti