"COVID-19"u 100% sağaldan dərmanlar var - İsrail alimləri

 "COVID-19"u 100% sağaldan dərmanlar var -  İsrail alimləri
  23 İyul 2021    Oxunub:3366
"Tibb elminə məlum olan dərmanlarla COVID-19-u müalicə etmək mümkündür". Bu iddianı Qüdsün İbrani Universitetinin alimləri irəli sürüblər. Onlar araşdırma nəticəsində müəyyən ediblər ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan bəzi dərmanlar COVID-19 ilə mübarizədə az qala 100% effektivdir.
AzVision.az "The Jerusalem Post"a istinadla xəbər verir ki, Aleksandr Silberman Həyat Elmləri İnstitutunun biyokimyaçı professoru Şay Arkinin sözlərinə görə, labarotoriya testləri zamanı SARS-CoV-2-yə yoluxmuş hüceyrələr və müalicəvi olduğu güman edilən dərmanlar bir qabın içində iki gün müşahidə altında saxlanılıb. Hüceyrələr virusa demək olar ki, 100% yoluxmalarına baxmayaraq, məhv olmayıblar. Əksinə, dərman əlavə edilməyən qabda saxlanılan hüceyrələrin təxminən 50%-i virusla təmasdan sonra ölüb.

Qeyd edək ki, Arkin və qrupu istifadə üçün təsdiqlənmiş 2800-dən çox dərmanı bu üsulla sınaqdan keçiriblər. Nəticədə 18 dərmanın effektiv olduğunu təyin ediblər. Onlar, bu dərmanlardan ikisinin - aterosklerozun müalicəsində istifadə olunan Darapladib və qan xərçənginin müalicəsində tətbiq edilən Flumatinibin əhəmiyyətini xüsusi vurğulayıblar.

Bununla yanaşı, alimlər qeyd edirlər ki, sözügedən dərmanlar digər xəstəlik göstəriciləri üçün istifadə olunduğundan, zəhərliliyi və yan təsirləri bilinir və artıq təsdiqlənib.

Professor Arkin hələlik hər hansı bir dərmanın adını paylaşmaqda tərəddüd etdiyini, lazımi kliniki sınaqlardan keçməyincə onları tövsiyə edə bilməyəcəyini söyləyib.

COVİD-19 -a təsir üsuluna gəlincə, dərmanlar virusun iki proteinini - E və 3a proteinlərini məhv edir. Məsələn, SARS-CoV-2 və SARS-CoV-1 (2003 virusu) spayk proteinləri yalnız 75 faiz dayanıqlıdırsa, E zülalları təxminən 95% dayanıqlıdır. Bu, o deməkdir ki, virus mutasiya edərsə belə, dərmanlar təsirli olacaq.

Qeyd edək ki, Pfizer və Moderna peyvəndləri ancaq spayk proteini hədəfə alır.

Səbinə Həsənova
Azvision.az


Teqlər: COVİD-19  





Xəbər lenti