Emmakol Makinyan. Paşinyan-Makron simbiozunun əsas səbəbi – TƏHLİL

      Emmakol Makinyan.    Paşinyan-Makron simbiozunun əsas səbəbi –    TƏHLİL
  25 İyul 2021    Oxunub:5215
Fransa prezidenti Emanuel Makronla Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında yaranmış bağlılığı hər ikisinin öz hakimiyyətini qorumaq üçün bir-birinə ehtiyaclarının olması ilə izah etmək olar.
Makron düşməkdə olan reytinqini erməni icmasının hesabına bərpa etməyə, Paşinyan isə Fransanın dəstəyilə Qarabağ münaqişəsinin bitmədiyini dünya icmasına göstərməyə və bu yolla sülh imzalamqdan yayınmağa çalışır. Çünki Azərbaycanla sülhün imzalanması Paşinyanın hakimiyyətlə vidalaşması anlamına gələcək.

Fransada keçirilən son regional seçkilərdə Makronun mərkəzçi “İrəli, Respublika” partiyası ümumilikdə 7-10 faiz səs toplayaraq, bütün əyalətlərdə millətçi Mari Le Pen və mühafizəkar Jan Leonettinin partiyalarına uduzdu.
Regional seçkilərin nəticələrindən belə qənaətə gəlmək olar ki, Fransada gələn il keçiriləcək prezident seçkilərində Makronun qələbə qazanmaq şansı demək olar ki, yoxdur. Onun reytinqinin düşməsi isə seçkiqabağı vədlərinə əməl edə bilməməsi və sosial sahədə göszlənilən islahatları həyata keçirməməsilə bağlıdır.

Eyni zamanda, prezident Makron ölkəsində koronavirusa qarşı mübarizənin təşkilini effektiv həyata keçirə bilməməkdə günahlandırılır. Fransada koronovirusla bağlı tətbiq olunan məhdudiyyətlərə qarşı kütləvi nümayişlər adi hal alıb, etirazçılara qarşı polis zorakılığını nümayiş etdirən fotoşəkillər isə dünyanın əksər nüfuzlu nəşrlərinin manşetlərini bəzəyir.

Ölkə daxilindəki problemləri həll etmək yerinə, başını götürüb Ermənistana səfər etməyə tələsən Makron güman ki, növbəti seçkidə qələbə üçün ümidini yeganə olaraq Fransadakı erməni lobbisinə bağlayıb. O zənn edir ki, Paşinyanı kor-koranə dəstəkləməklə, ölkəsindəki erməni icmasının rəğbətini qazanacaq. Makron Dağlıq Qarabağda münaqişənin bitmədiyi və tənzimlənmə üçün mütləq ATƏT-in Minsk qrupuna ehtiyacın olduğunu təkrarlamaqla bir tərəfdən Paşinyanın sifarişini yerinə yetirirsə, digər tərəfdən Parisin Cənubi Qafqazda itməkdə olan təsir gücünü bu yolla bərpa etməyə çalışır.

Paşinyan üçün isə Makron Yerevanın Avropaya inteqrasiya imitasiyasını yaratmağa kömək edən yeganə xarici dövlət başçısıdır. Paşinyan bilir ki, Avropa İttifaqı ilə əməkdaşlığın yolu münaqişənin tam həllindən keçir. Başqa sözlə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülhə imza atandan sonra Avropa Yerevana inteqrasiya üçün qapılarını aça bilər. Bunu Avropa İttifaqının rəsmiləri açıq şəkildə bəyan edirlər. Paşinyan ölkəsində ictimai qınaqdan qorxduğu üçün bu addımı ata bilmir, amma eyni zamanda, Avropa İttifaqı ilə də münasibətlərinin pozulmasını istəmir. Ona görə, Makronu alternativ variant kimi Aİ-ə nümyiş etdirir ki, “baxın, Fransa bizimlə energetika və s. sahələrdə əməkdaşlıq etmək istəyir, üstəlik, bizdən Azərbaycanla sülhə getməyi tələb etmir və hətta “Artsaxın” statusunun da müzakirəsini tələb edir”.

Yerevan bu modeli nümunə kimi Avropa İttifaqına nümayiş etdirir və əməkdaşlığını ona uyğun qurmağa cəhd edir. Bunun mümkün olmadığını bilsə də, Paşinyan bu yolla vaxt udaraq, hakimiyyətdə möhkəmlənməyə və “torpaqları vermədiyini” erməni cəmiyyətinə nümayiş etdirməyə çalışır.

Təbii ki, sonda Avropanın ümumi maraqları hansısa fərdi maraqların üstünlüyünə imkan verməyəcək və Makronla Paşinyanın populizm üzərində qurulan, bir-birinin reytinqinin artırılmasına hesablanmış dostluqları çox sürməyəcək.

Tofiq Vahid
Azvision.az


Teqlər: Makron   Paşinyan  





Xəbər lenti