Dünyanın diqqəti Krımdadır

Dünyanın diqqəti Krımdadır
  16 Mart 2014    Oxunub:884
Artıq bir neçə saatdır ki, bu ölkədə dünya tərəfindən qəbul edilməyən referendum keçirilir. Buna paralel olaraq ölkədə gərginlik artmaqdadır.

Bir tərəfdən, rus kazakları ukraynalı hərbiçiləri seçkiyə getməyə məcbur edirlər, digər tərəfdən isə tatarlar refendumu boykot edirlər.

Rusiya istisna olmaqla - bütün dünya ictimaiyyətinin qəbul etmədiyi referendumun ilkin nəticələrinin açıqlanmasına bir neçə saat qalıb. Bir milyon yarım seçicinin olduğu Krımda, Tatarlar səsverməni boykot edərək referenduma getməyiblər. Buna baxmayaraq yarımadanın rəsmi Kievdən ayrılaraq Moskvaya birləşəcəyi gözlənilir.

Burada böyük əksəriyyətin etnik ruslardan ibarət olmasının refendumun nəticələrinə təsiri qaçılmazdı. Referendum gözlənilən kimi nəticələnərsə, bu, ABŞ və Avropa Birliyinin ciddi sanksiyaları ilə cavablandırılacaq. Qərb, Rusiyanın Krımdakı addımını beynəlxalq razılaşmalara zidd olduğunu desə də, Krımın qeyri-legitim hökumət başçısı Sergey Aksinov, seçkilərin qanuni olduğunu bildirib:

"Gördüyünüz kimi burada azad seçkilər təşkil olunub. İnsanlar sərbəst şəkildə səsvermədə iştirak edirlər. Heç bir problem yoxdur. Mən heç bir təzyiq hiss etmirəm."

Bu gün səhər saat 10:00-da başlayan səsvermə axşam 20:00-a kimi davam edəcək. Referendum üçün Krımda 1204 səsvermə mərkəzi qurulub. Səvermənin yekun nəticələri növbəti 15 gün ərzində elan olunacaq. Seçicilərə təqdim edilən bülletenlər 3 dildə - ukrayna, rus və tatar dillərində tərtib olunub. Burada cəmi 2 sual var:

1. Siz Krımın Rusiya Federasiyası qanunlarına əsasən Rusiyaya birləşməsinin leyhinəsiniz?

2. Siz Krımın Ukraynanın 1992-ci il konstitusiyasına əsasən Ukraynanın tərkibinə bərpa edilməsinin leyhinəsiniz?

İki sualın məsələni əhatə etmədiyini deyən tatarlar isə, deyir ki, bülletendə ən azı 4 sual olmalıydı. Ukrayna Konstitusiyasında yerli referendumların keçirilməsi ilə bağlı heç bir müddəa yoxdur. Dünya ictimaiyyəti də, birmənalı olaraq bu referendumu qeyri-legitim hesab edir. Bütün bu ziddiyyətlərin fonunda Referendum günü Ukraynada vəziyyət getdikcə gərginləşir. Günün birinci hissəsində Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov, ölkənin şərqində baş verənlərə görə Rusiyanı günahlandırıb:

"Hamının hörmət etməli olduğu yalnız bir hüquq var. Bu gün aranı qarışdıranlar, binalara hücum edənlər, konstitusiyaya və hüquqa hörmət etməyənlər, Ukrayna torpaqlarını işğal etmək istəyənlərə xidmət edir. Həmin insanlar Ukraynanın düşmənlərinə kömək edirlər".

Növbəti saatlarda daha bir məlumat Rusiya kazaklarından gəldi. Bildirilir ki, Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər, dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını isə işə buraxmırlar. Deyirlər ki, səs verməyə getmədən işə gəlmək olmaz.

Gərginliksə səngimir. Naməlum şəxslər Simferopoldakı Krım Yanacaq-Sürtkü Yağları bazasına hücum ediblər. 15-ə yaxın maşın bazanın ərazisinə daxil olub və naməlum şəxslər oradakı benzini çıxarmağa başlayıblar. Yanacaq bazasının mühafizəsi üçün gecə silahlı atışma da baş verib.

Xatırladaq ki, referendumla bağlı gərginlik əsasən ötən axşamdan başlayıb. Ukraynanın şərqindəki, ölkənin ən böyük şəhərlərindən olan Donetskdə Rusiya tərəfdarları silsilə nümayişlər təşkil edir. Bu nümayişlər zamanı Xarkov şəhərində 2 nəfər həlak olub. Donetskdə baş verən qarşıdurmada da iki nəfər həyatını itirib.

Nicat Abdullayev
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti