Yeni iqtisadi diplomatiya: Ölkəyə “portfel investisiyaları” cəlb etməliyik – Ekspert
O, diqqəti belə bir məqama yönəldir ki, səfirlərimizin dəyişdiyi ölkələrin arasında Qazaxıstan, Malayziya, Avstriya, İsveçrə, Türkiyə kimi adların olması təsadüfi deyil: “Bunlar müasir regional maliyyə mərkəzinə çevrilməkdə olan dövlətlərdirlər. Azərbaycan bu tip ölkələrlə iqtisadi əlaqələri ayrı cür qurmalıdır. Biz indiyə qədər adətən podratçı şirkətləri ölkəyə cəlb etmişik. Əvvəlcə buna haqq qazandırmaq olardı. Çünki sırf maliyyənin ölkəyə cəlb olunması vaxtı hələ yetişməmişdi. İndi isə bütün şərait və infrastruktur var, Azərbaycanın özü, yerli şirkətlərimiz menecment və logistika işlərini yüksək səviyyədə həyata keçirməyi bacarır. Nəticədə, indi daha çox portfel investisiyalarına ehtiyac var. Yəni investorun özünün idarəetmədə birbaşa iştirakı vacib deyil. Onları Azərbaycan şirkətlərinin effektivliyinə və idarəetmənin düzgünlüyünə inandırmaq lazımdır. Bunun üçün isə iqtisadi diplomatiya tələb olunur”.
Ekspert bunu sadə dildə belə izah edib ki, biz daha xaricilərə “İmkan yaradırıq, gəlin, işləyin” yox, “Özümüz yüksək səviyyədə işlər görürük, investisiya qoyun və gəlirinizi götürün” deməyə başlamalıyıq. Köhnə və yeni iqtisadi diplomatiyaların arasında fərq bundadır.
- Başqa cür ifadə etsəm, kapital iki böyük qola ayrılır: Sənaye kapitalı və maliyyə kapitalı. İnkişafın ilk mərhələsində sənaye kapitalı vacib və əvəzsizdir. Amma zavodlar, limanlar, iqtisadi zonalar, şirkətlər, infrastruktur qurulandan sonra sənaye kapitalı ilə yanaşı, maliyyə kapitalı da oyuna daxil edilməlidir. “Pul qoyub, idarə edənlər”lə yanaşı, “pul qoyub, pul götürənlər” təbəqəsi də yaranmalıdır, - deyən Əlibala Məhərrəmzadə bildirib ki, işlərin miqyası məhz ikincilərin hesabına böyüyür. - Maliyyə kapitalı işə qarışmasa, sənaye qurular, amma böyüməz. Yuxarıda haqqında danışdığımız Malayziya, Türkiyə kimi ölkələr məhz sənaye kapitalı ilə yanaşı, maliyyə kapitalını ölkəyə cəlb edəndən sonra sürətlə böyüməyə başladılar. İsveçrə isə artıq maliyyə kapitalının dominant olduğu ölkədir.
Ekspert deyir ki, bizim hədəflərimiz indi elan ediləndən daha böyük olmalıdır. Regionun təkcə sənaye və nəqliyyat mərkəzi yox, həm də maliyyə mərkəzinə çevrilməliyik. Bakı öz imici ilə bunun üçün ideal şəhərdir. Həmin istiqamətdə ilk addım məhz maliyyə kapitalının ölkəyə cəlb edilməsi olmalıdır. Bu ilk addım isə yeni iqtisadi diplomatiyanın qurulması sayəsində atıla bilər.
Azvision.az
Teqlər: İqtisadi-diplomatiya