Baş nazirdən Qarabağda aşkarlanan məzarlarla bağlı göstəriş
Bu barədə " Azvision.az -a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
"İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.
Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyanın dərhal məlumatlandırılması barədə Baş Naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib", - Dövlət Komissiyasından bildirilib.
Azvision.az