“Windows 10” "jandarm"lığa başlayır

   “Windows 10” "jandarm"lığa başlayır
  06 Avqust 2021    Oxunub:1872
“Windows 10” əməliyyat sisteminə daxil olan “Defender” antivirusu bu aydan “potensial arzuedilməz proqramları” (Potential Unwanted Application, PUA) avtomatik bloklamağa başlayacaq. Bu funksiya avqustda çıxacağı gözlənilən yenilənmədən sonra aktivləşəcək.
“Microsoft”un “ağıllı” mütəxəssislərinə görə, “potensial arzuedilməz proqramlar” - ziyan vurmasa da, “kompüterdə qurulması vacib olmayan” proqramlardır. Şirkət son vaxtlar tez-tez bəyan edirdi ki, bu cür applikasiyalar kompüterlərin sürətini və məhsuldarlığını azaldır, reklamı isə çoxaldırlar.

“PUA”ların sırasına şirkət torrent-klientləri, mayninq proqramlarını və digər bu cür əlavələri aid edir.

“PUA”ların bloklanması funksiyası “Windows 10”da indi də var, amma onu “əl ilə” aktivləşdirmək lazımdır. Bu aydan isə daha əməliyyat sistemi bizim fikrimizi soruşmayacaq.

Yaxşı ki, “Defender”in köklənməsi panelinə daxil olaraq, həmin funksiyanı söndürmək imkanını saxlamaq “Microsoft”dakıların dahi beyinlərinə gəlib. Əks halda yəqin ki, “Windows 10”dan imtina etməli olacaqdıq. Çünki o hansısa proqramı “arzuedilməz” sayanda bizim rəyimizi nəzərə almırsa, üstəlik, bizdən icazəsiz bloklayırsa, demək, bir növ “digital diktatura” yaratmış olur.

Samir Quliyev
Azvision.az



Teqlər: Windows  





Xəbər lenti