İranın Ermənistan siyasətində “ruhani döndərməsi”, yaxud Paşinyanın pərtliyinin səbəbi – TƏHLİL

 İranın Ermənistan siyasətində  “ruhani döndərməsi”, yaxud Paşinyanın pərtliyinin səbəbi –  TƏHLİL
  07 Avqust 2021    Oxunub:6284
Nikol Paşinyanın Ermənistanın baş naziri kimi ilk xarici səfərini məhz İrana etməsi heç də təəcüblü deyil. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan üçün İran həyati əhəmiyyətli arteriya rolunu oynayır və siyasi orientasiyasından asılı olmayaraq, istənilən erməni lideri Tehranla münasibətlərin yüksək səviyyədə saxlamağa məcburdur.
Lakin son hadisələrin təhlili göstərir ki, İrəvanın siyasi orientasiyası Tehranın Ermənistana münasibətinə təsirsiz ötüşməyib. Bunu təsdiq edən əsas faktor İranın II Qarabağ savaşı zamanı birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləməsi idi. 44 günlük müharibənin gedişində İranın Ali dini lideri Əli Xameneyinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməli olduğunu bəyan etməsi regionda qüvvələr balansının ölkəmizin xeyrinə dəyişdiyinin göstəricisi idi.

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin azərbaycanlı həmkarı İlham Əliyevin təbrik məktubuna cavabında yer alan fikirlər post-müharibə dövründə də İranla Azərbaycanın mövqelərinin həmrəyliyindən xəbər verirdi. Rəisi Ali dini liderinin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı mövqeyinə sadiq qalaraq, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyini təmin etməsi və ümumi sərhədlərin (İran-Azərbaycan) bərpa olunmasından sonra regional sülh və təhlükəsizliyin təminatı üçün yeni imkanlardan birgə istifadənin daha da asanlaşacağını bildirdi.
Al Jazeera: "Tehranda mərkəzi küçəyə Yəhya Sinvarın adı verilə bilər"

Bu bəyanatlar bir tərəfdən Azərbaycanla İranın strateji tərəfdaşlıq səviyyəsinin yüksəlməsindən xəbər verməklə yanaşı, Tehranın Ermənistan rəhbərliyinə etimadsızlığının ilkin işartıları idi. Etimadsızlığın göstəricisinin davamı isə, avqust ayının 2-də baş nazir kimi təsdiqlənən Paşinyanın nə keçmiş prezident Həsən Ruhani, nə də yeni prezident İbrahim Rəisi tərəfindən təbrik edilməməsi oldu. Bu reallıqlar fonunda İrana yollanan Paşinyanın Ali dini lider Əli Xamenei tərəfindən qəbul olunmaması İrəvanın Tehran üçün strateji əhəmiyyətsizliyini göstərən digər vacib amil hesab oluna bilər.

Paşinyanın prezident Rəisi ilə görüşü zamanı isə ikincinin “Qarabağ münaqişəsi” ifadəsini işlətməməsi, üstəgəl, regional təhlükəsizliyin təmin olunması üçün dialoqun vacibliyindən söz açması həm Rusiya, İran və Azərbaycanın razılaşdırılmış vahid mövqeyindən, həm də Tehranın dolayı yolla Yerevanı Bakı ilə sülh danışıqlarına sövq etmək istəyindən xəbər verir.

Paşinyanın Rəisinin inaqurasiya mərasimində saymazyana telefonla oynaması Tehrandan gözlədiyi dəstəyi ala bilməməsinə özünəməxsus tərzdə etiraz etməsinin göstəricisidir. Çünki erməni baş nazir “Qarabağ münaqişəsinin hələ davam etməsi və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə cəlb olunması” fikrinə İrandan dəstək ala bilmədi. Ancaq Paşinyanın məyusluğu tək bununla bitməyə bilər.

İrəvanın digər əsas istəyi odur ki, Zəngəzur layihəsinin reallaşmasıyla ilk növbədə İran-Ermənistan dəhlizi işə salınsın. Bu yolla İrəvan Azərbaycanla Naxçıvan arasında dəhlizin çəkilməsinin yubadılmasına və sonrakı mərhələdə həmin vəziyyətdən siyasi xal qazanmağa səy göstərəcəkdi.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda verdiyi bəyanatda Zəngəzur ərazisində bütün dəhlizlərin eyni vaxtda istifadəyə verilməli olduğu, ayrıca hansısa dəhlizin birtərəfli qaydada fəaliyyətə başlamasının yolverilməzliyi vurğulanırdı. Rəisi ilə Paşinyanın müzakirə mövzuları arasında ermənilərin “Mehri azad iqtisadi zonası” adlandırdıqları, əslində Zəngəzurda ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin olması İlham Əliyevin siyasi uzaqgörənliyini bir daha sübut edir. Təbii ki, Azərbaycan, İran və Rusiyanın eyni mövqedən çıxış etməsi Ermənistanın maraqlarına hesablanmış belə təşəbbüslərin reallaşmasını mümkünsüz edir.

Digər tərəfdən, İranın bəri başdan Zəngəzurda Ermənistanla əməkdaşlığa skeptik yanaşacağını deməyə əsas verən başqa amillər də mövcuddur. Paşinyan Rəisiyə Ermənistan ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizinin çəkilməsini təklif edir və bu dəhliz vasitəsilə İranın Avrasiya İttifaqı ilə səmərəli münasibətlər quracağını söyləyir. Əslində isə, bu dəhliz Ermənistana İran vasitəsilə Rusiya ilə ticarət üçün lazımdır və hazırki məqamda Tehran üçün o qədər də əhəmiyyətli sayıla bilməz. Çünki, Ermənistan ərazisindən çəkiləcək Şimal-Cənub dəhlizi münaqişə səbəbilə Gürcüstandan Rusiyaya keçə bilmir, yalnız Qara dənizdəki limanlara yüklərin daşınmasına imkan yaradır. Lakin Qərbin sanksiyaları İrana Avropa ilə ticarət qurmağa imkan vermədiyindən, Ermənistan ərazisi İran üçün dalan hesab olunur. İranın Rusiya ilə ticarəti üçün ən əlverişli yol Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizidir.

Təbii ki, Paşinyanın “Mehri azad iqtisadi zonası”, “Avrasiya İttifaqı ilə əməkdaşlığın səmərəliyi” barədə dediyi cəlbedici ifadələrin məqsədinin İranla ticarətini inkişaf etdirmək olduğunu İran rəhbərliyi gözəl anlayır. Tehran ənənəvi olaraq, Ermənistanı öz təsirində saxlamaq üçün əlaqələri davam etdirəcək, ancaq dərinləşməsində artıq ehtiyatlı olmağa məcburdur. Çünki, Yerevandan İrana hər şeydən əlavə, təhlükəli “inqilabi fikirlər” də ixrac oluna bilər. 2019-2020-ci illərdə belə təhlükələrlə üzləşmiş İranın hazırki mühafizəkar hakimiyyətinin belə meyillərə qarşı daha sərt olacağı və bu səbəbdən Ermənistanla münasibətlərin dərinləşməsinə əvvəlki illərə nisbətən daha ehtiyatla yanaşacağını ehtimal edirik. Nikol Paşinyana olan etimadsızlığın səbəbləri arasında bu da var.

Tofiq Vahid
Azvision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti