Azvision.az xəbər verir ki, hazırda Türkiyədə olan aviasiya qrupunun rəhbəri Yuri Storojenko əməliyyatların təfərrüatları barədə Ukrayna mediasına danışıb.
|
| Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR |
Onun sözlərinə görə, gündüzlər tüstünün istiqamətini külək təyin edir ki, burada da alov mərkəzlərini müəyyən etmək çətinləşir. Bu səbəbdən də aviasiyadan suyun buraxılması 30-40 metr məsafədən baş verə bilər. Belə əməliyyat isə istənilən effekti vermir. Gecələr isə suyun effektiv atılması, dəqiqlik artır:
"Alovlara davamlı təsir etmək də vacibdir. Xüsusən də yanğın yaşayış yerlərinə yaxınlaşanda, əməliyyatları dayandırmırıq, günün vaxtından asılı olmayaraq alovlara təsir göstərməyə davam edirik".

O, təhlükəsizliklə bağlı tədbirlər kompleksinin, xüsusən də ərazidə kəşfiyyat işlərinin aparılması, yanğınsöndürmə əməliyyatının diqqətlə planlaşdırılması, yüksəkliklərin və relyefin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.
"Məsələn, yerüstü maneələr problemini gündüz əlavə kəşfiyyat tədbirləri vasitəsi ilə həll edirik. Potensial maneələr axtarırıq. Əgər varsa, müəyyənləşdirdiyimiz nəticələri ekipaj üzvlərinə çatdırırıq. Marşrutları hazırlayır, yanğınlar olan bölgədə nəqliyyat sxemlərini qururuq”,- qrup komandiri əməliyyatın gedişini izah edib.
Onun sözlərinə görə, bölgədə son sutka ərzində daha 110 yanğın ocağı qeydə alınıb və meşə yanğınlarının nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin heç bir iş görməmək yanğının daha da sürətli yayılmasına və ciddi zərərlərə səbəb olmasına gətirib çıxarar. Bu mənada Ukrayna helikopterləri gecə -gündüz demədən yanğınların söndürülməsində iştirak edirlər .
Hazırda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçiliklə bağlı aidiyyəti dövlət qurumlarından xüsusi qrupları da ukraynalı pilotlarla bərabər çalışırlar. Storojenko türklər tərəfindən yüksək səviyyədə təşkilatlanma işlərinin aparılmasını ukraynalı pilotların işinə kömək etdiyini bildirib.
Bu arada, "Ukrayna helikopterləri" şirkətinin yaydığı məlumata görə, son sutka ərzində Türkiyədə 93 su atımı həyata keçirilib ki, bu da 279 ton edir.
Qeyd edək ki, bu özəl aviaşirkətin helikopterləri və ixtisaslaşmış xüsusi ekipajları Ukrayna Prezidentinin Türkiyəyə yardımla bağlı təşəbbüsünü dərhal dəstəkləyiblər. Onlar təşəbbüsə heç bir maliyyə ummadan qoşulublar. Şirkət Türkiyə yanğınları ilə mübarizəyə BMT-nin humanitar və sülhməramlı tədbirlərində axtarış və xilasetmə, aeromedik evakuasiya kimi yüksək riskli əməliyyatların aparılmasında xüsusi hazırlıq və geniş təcrübəyə malik olan modernləşdirilmiş, çoxfunksiyalı “Mi-8MTV-1” helikopterləri və elit heyəti cəlb edib.
Xatırladaq ki, iyulun 28-də Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində irimiqyaslı meşə yanğınları başlayıb. Yanğın yüzlərlə hektar meşəni məhv edərək bir sıra yaşayış məntəqələrinin boşaldılmasına səbəb olub. Ümumilikdə isə Türkiyənin cənub və cənub-qərb zonalarında genişmiqyaslı yanğınlar baş verir.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


