DSK: 2 ayda əhalinin gəlirləri və ÜDM artıb

DSK: 2 ayda əhalinin gəlirləri və ÜDM artıb
  17 Mart 2014    Oxunub:1557
2014-cü ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.

AzVision.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki,Ölkənin iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri göstərən əsas makroiqtisadi göstəricilərin yanvar ayında olduğu kimi fevral ayında da müsbət istiqamətdə dəyişildiyi müşahidə edilib.

Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1.6 faiz artaraq 8.5 milyard manat təşkil edib. Əlavə dəyərin 50.0 faizi sənaye sahələrində, 8.8 faizi tikinti kompleksində, 11.6 faizi ticarət və pullu xidmət sahələrində, 6.3 faizi nəqliyyatda, 1.9 faizi rabitə müəssisələrində, 2.5 faizi aqrar bölmədə, 11.9 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 903.5 manat məbləğində (1151.9 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz artıb.

Əlavə dəyərin 53.9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8.8 faiz artmış, neft-qaz sektorunda isə 5.7 faiz azalıb.

2014-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5.4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Azalmanın əsas səbəbi neft hasilatında geriləmə ilə bağlıdır. Məhsulun 3.9 milyard manatı və ya 71.6 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 6.8 milyon ton neft və 3.1 milyard kub.metr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində iki ay ərzində 1.1 milyard manatlıq və ya 0.3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 4.0 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 9.1 faiz, geyim istehsalı 9.5 faiz, kimya sənayesi məhsulları istehsalı 15.5 faiz, metallurgiya sənayesi 47.0 faiz, tikinti materialları istehsalı 10.6 faiz, maşın və avadanlıqları istehsalı 26.8 faiz, elektrik avadanlıqları istehsalı 53.2 faiz, avtomobil və qoşquların istehsalı 3.3 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3.2 dəfə, mebel istehsalı 19.5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 20.9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2.1 dəfə artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülmə-si və təchizatı bölməsində sənaye məhsullarının 6.7 faizi və ya 363.4 milyon manat istehsal olunub. İstehsal olunaraq 4.0 milyard kVt.saat elektrik enerjisi ötən ilki səviyyədən 4.3 faiz çox olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 13.3 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.8 faiz artmış, neft-qaz sektorunda isə 4.8 faiz azalıb.

İki ay ərzində istehsal olunmuş məhsulun 98.7 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlər-də yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisə-lərinin anbarlarında 322.8 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 35.0 milyon manat artıb.

Aqrar bölmədə bitkiçilik məhsullarının əkininə başlanılmışdır. Mart ayının 1-nə kimi 46.6 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1.6 min hektar sahədə dənli və dənli paxlalılar, 11.3 min hektar sahədə kartof, 6.9 min hektar sahədə tərəvəz, 26.7 min hektar sahədə çoxillik otlar əkilib.

Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilə nisbətən 1.7 min ton, yaxud 2.4 faiz artaraq 71.0 min ton, süd istehsalı 8.7 min ton və ya 3.4 faiz artaraq 264.5 min ton, yumurta istehsalı 25.9 milyon ədəd, yaxud 12.1 faiz artaraq 240.5 milyon ədəd, bitkiçilik məhsullarından isə 3764.1 ton və ya 12.1 faiz çox tərəvəz istehsal edilmişdir. Qeyd olunan məhsulların istehsalının artması kənd təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 3.4 faiz yüksək olmasını təmin edib.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1824.6 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 7.9 faiz çox vəsait yönəldilib. Əsas kapitala cəlb olunmuş vəsaitin 1145.0 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 28.1 faiz artmışdır. Əsaslı vəsaitin 70.7 faizi və ya 1290.2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, 66.1 faizini (1205.8 milyon manatını) daxili investisiyalar təşkil edib.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 222.9 min kv.metr yaşayış evləri, 660 şagird yerlik ümumtəhsil məktəbləri, 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.

Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən iki ay ərzində 32.8 milyon ton yük daşınmış, 272.8 milyon nəfər sərnişinə xidmət göstərilmiş və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0.5 faiz çox yük, 6.2 faiz çox sərnişin daşınıb.

Ötən ildə olduğu kimi cari ildə də informasiya və rabitə sahəsi sürətlə inkişaf edir. İlin əvvəlindən keçən iki ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 243.9 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-fevralına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 11.2 faiz artmış, xidmətlərin 72.4 faizi əhaliyə göstərilib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar ayında xarici ölkələrlə 2406.0 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 535.2 milyon dollarlıq idxal və 1870.8 milyon dollarlıq ixrac əməliyyatları aparılaraq, 1335.6 milyon dollarlıq müsbət saldo yaranıb.

2013-cü ilin yanvarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 3.6 faiz, o cümlədən ixracın həcmi 0.2 faiz, idxalın həcmi isə 15.7 faiz azalmışdır. Ticarət əlaqələrinin 91.6 faizi və ya 2204.1 milyon dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, 8.4 faizi, yaxud 201.9 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmiş və ticarət əməliyyatlarının həcmi müqayisəli qiymətlərlə müvafiq olaraq 0.7 faiz və 28.6 faiz azalıb.

2013-cü ilin yanvar ayına nisbətən ölkədən MDB üzvü olmayan dövlətlər istisna olmaqla digər dövlətlərə ixrac olunan malların dəyəri müqayisəli qiymətlərlə 1.8 faiz artmış və 1792.9 milyon dollar həcmində məhsul göndərilib. Eyni zamanda, MDB ölkələrinə ixrac olunmuş malların həcmi 30.7 faiz azalaraq 77.9 milyon dollar təşkil edib.

Yanvar ayında ölkəmizə idxal olunan malların 411.2 milyon dollarlığı MDB üzvü dövlətlər istisna olmaqla digər ölkələrdən, 124.0 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olub və müvafiq olaraq 11.4 faiz və 27.3 faiz azalıb.

Xam neftin və qazın ixracına dair Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 3195.5 milyon dollar, o cümlədən ixrac 2660.3 milyon dollar təşkil etmiş və 2125.1 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2014-cü ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 2.8 faiz artaraq 601.8 manata çatıb. Gəlirlərin 72.1 faizi son istehlaka, 8.9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 16.8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.4 faiz artaraq 426.3 manat təşkil edib.

Gəlirlərin artması ilə yanaşı əhalinin istehlak mallarına olan tələbatı da yüksəlir və bu onların istehlak bazarından aldıqları əmtəənin həcminin durmadan artmasında özünü büruzə verir. İki ay ərzində əhali istehlak bazarından 3193.3 milyon manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 1010.3 milyon manat ödəmişdir. 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.0 faiz, o cümlədən ərzaq məhsullarının satışı 0.9 faiz, qeyri-ərzaq mallarının satışı 20.1 faiz, pullu xidmətlərin həcmi 6.9 faiz artıb.

Fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.8 faiz, bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri 0.2 faiz bahalaşıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar ayında dövlət büdcəsinə 1751.7 milyon manat vəsait daxil olmuş, büdcədən 1726.8 milyon manat xərclənmiş, ayrılmış vəsaitin 1253.3 milyon manatı iqtisadiyyatın inkişafına, 206.1 milyon manatı sosial müdafiə və sosial təminata, 45.4 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.

2014-cü il fevfal ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15.5 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2013-cü ilin fevral ayının 1-i ilə müqayisədə 24.5 faiz artıb və onun 78.3 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 815.1 milyon manatının, yaxud 5.2 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 21.4 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 6.5 milyard manata çatmışdır. Əmanətlərin 60.9 faizi milli valyuta ilə, 39.1 faizi isə xarici valyuta ilə qoyulub.

Fevral ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.07 manata, 100 Rusiya rublu 2.23 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.07 və 2.29 manata bərabər olub.


Teqlər:  





Xəbər lenti