PUA dövrü: Yeni nəsil silahların istehsalında lider kimdir?

   PUA dövrü:   Yeni nəsil silahların istehsalında lider kimdir?
  13 Avqust 2021    Oxunub:2330
Azərbaycan Ermənistanla müharibədə Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından(PUA) geniş şəkildə istifadə etdi. Ordumuz PUA-ların hesabına havada Ermənistan üzərində tam nəzarəti əldə etdi. Rusiyanın keyfiyyətli pilotsuz uçuş aparatları olmadığına görə Ermənistana nə isə verə bilmədi.
Qarabağ uğrunda müharibə Türkiyə istehsalı olan PUA-ları məşhurlaşdırdı. İsrail də bu yeni növ silahların istehsalına xüsusi diqqət ayırır. Ancaq müasir PUA-ların istehsalında böyük ölkələrin də payı var.

Təkcə hərb meydanında deyil, siyasətdə də əsas vasitəyə çevrilən PUA-larla bağlı durumu Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, indi dünyanın diqqət mərkəzində əsasən ABŞ və Çinin silahlanmasıdır :

“ABŞ-ın “Popular Mechanics” dərgisinin yazdığına görə, Amerika pilotsuz uçuş aparatlarının istehsalında Çinlə rəqabət aparır. ABŞ Çindən geri qalmaq istəmir və bu məqsədlə hazırda 3 tip pilotsuz uçuş aparatının istehsalı üzərində sınaqlar keçirilir. Dərgidəki yazıda vurğulanıb ki, daha modern PUA-lar istehsal edən ölkə müdafiə və hücum sistemində üstünlük qazanacaq. Həqiqətən Qarabağ uğrundakı müharibə də göstərdi ki, bahalı tanklar və raketlər kiçik həcmli pilotsuz uçuş aparatlarının hücumları qarşısında acizdirlər.

Azərbaycan İsraildən 2 milyardlıq silah alacaq - "İsrael Hayom"
Çin yeni PUA-ların sınaqdan keçirilməsini və istehsalını artırıb. Hərbi mütəxəssislər Pekinin bu sahədə əsas rəqiblərini qabaqlamağa çalışdığını vurğulayırlar. Bu ölkədə yüzlərlə PUA modeli mövcuddur. Çin istehsalı olan bu yeni silahlar həm kəşfiyyat, həm də hücum xarakterlidir. Maraqlıdır ki, Çin Türkiyə və İsraildən fərqli olaraq başqa ölkələrə pilotsuz uçuş aparatlarının satışı ilə geniş şəkildə məşğul olmur.

Çinin müdafiə sınayesi istehsal etdiyi pilotsuz uçuş aparatlarını öz ordusuna, hərbi hava və dəniz qüvvələrinə təhvil verir. Çin müdafiə sənayesi pilotsuz uçuş aparatlarını orduya təhvil verdikdən sonra yenilərinin icadı üzərində çalışmalara başlayır”.



Politoloq deyir ki, ABŞ kəşfiyyatının məlumatına görə, Çinin nəzarətində olan pilotsuz uçuş aparatlarının 70 faizi yaxın məsafədə döyüşlər aparmaq üçündür :

“Çin kəşfiyyat xarakterli dronlara da önəm verir. Amerikalı hərbi mütəxəssislər hesab edirlər ki, Pekin yaxın gələcəkdə Əfqanıstan səmasında kəşfiyyat xarakterli dronlardan istifadə edəcək. Çin pilotsuz uçuş aparatlarından ilk növbədə harada istifadə etmək istəyir? ABŞ qoşunları Əfqanıstanı tərk edirlər və bu ölkə uğrunda mübarizə yenidən qızışıb. Taliban qruplaşması ard-arda şəhərləri ələ keçirir. Əfqanıstanda əsas oyunçulardan biri Çin olacaq. Çinin bu ölkəylə sərhəddi uzun olmasa da, Pekin Əfqanıstanda siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Çin məhz bu məqsədlə Taliban hərəkatının rəhbərliyi ilə intensiv danışırlar aparır. Taliban hərəkatının isə pilotsuz uçuş aparatları yoxdur. Ona görə də əgər Çin istehsalı olan kəşfiyyat dronları Əfqanıstan səmasında uçmağa başlayarsa, bu Talibanın işinə yarayacaq . Çünki Taliban öz rəqibləri haqqında Çin dronları vasitəsilə kəşfiyyat məlumatları toplaya biləcək”.

Tural Tağıyev
Azvision.az



Teqlər:   PUA   Çin   ABŞ  





Xəbər lenti