Politoloq : Soydaşlarımızın Göyçə mahalında və Qərbi Zəngəzurda yaşamağa tam haqqı var
Azvision.az xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov söyləyib.
O deyib ki, indiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə bərkitmək, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda mövqelərimizi möhkəmləndirməkdir: “Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə start verilib ki, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir”.
Politoloq qeyd edib ki, dövlətimizin başçısının iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı tarixi, siyasi, iqtisadi və hüquqi xarakter daşıyır. Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetlər müəyyənləşdirdi. Bu, həm tarixə, həm də gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda azərbaycanlıların yaşaması tarixi ədalətin bərpası ilə yanaşı, vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.
“Digər önəmli məsələ isə toponimlərlə bağlıdır. Hazırda Basarkeçər rayonuna Ermənistanda “Vardenis” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır və həmin ərazi qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Basarkeçərdə yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi və onlar da deportasiyaya məruz qalıblar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək “Vardenis” adlandırıb. Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan zaman və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan sərhədində gərginliklə bağlı mediada tarixi yer adlarına diqqət yetirilməlidir. Hazırda Ermənistanın “Yerasx” kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir”, - deyə İlyas Hüseynov fikrini tamamlayıb.
Azvision.az