Krım rəsmən Rusiyaya birləşdirildi – VİDEO

 Krım rəsmən Rusiyaya birləşdirildi – VİDEO
  18 Mart 2014    Oxunub:1590
Krım muxtar respublikasının və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilə imzalandı. Müqaviləni Vladimir Putin, Krım Ali Şurasının sədri Vladimir Konstantinov, muxtar respublikanın Baş naziri Sergey Aksyonov və Sevastopol Şəhər Şurasının sədri Aleksey Çalıy imzalayıblar.

***

Rusiya Prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri , RF region başçıları və vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşısında Krım və Sevostopolun şəhərlərinin Rusiya Federasiyasına qəbul olunması ilə bağlı çıxış edir.

Putinin Qərbin əleyhinə dediyi hər bir fikir alqışlarla qarşılanır.

Krım referendumu barədə danışan Putin deyib ki, bu məsələ həyati və tarixi əhəmiyyət daşıyır: `Martın 17-də Krımda referendum keçirildi. 96 faizdən çox seçici Krımın Rusiyaya birləşməsinin lehinə səs verdi. Bu rəqəmlər xeyli böyükdür. Krımlıların nə üçün belə etdiklərini anlamaq üçün tarixi bilmək bəsdir. Krım sanki bizim hər şeyimiz , taiximiz, fəxrimizdir. Krım hər kəsin ürəyində Rusiyanın ayrılmaz bir hissəsi olub və olacaq`.

Krım tatarları və dili barədə Putin deyib ki, bəli, krım tatarlarının ədalətsizliyə, haqsızlıqlara məruz qaldığı vaxtlar olub. Müxtəlif millətlərdən olan milyonlarla insan repressiyadan əziyyət çəkib: “Nəhayət, Krım tatarları öz torpaqlarına qayıtdılar. Onların bu qərarı hüquqlarının bərpa olunmasına yol açacaq. Krım onların evidir. Krımda üç dövlət dilinin olması daha məqsədəuyğundur: rus, Ukrayna və krım-tatar dilləri”.

Xruşşovun Krımı Ukraynaya vermək qərarından danışan Putin söyləyib ki, bununla Xuruşşov Konstitusiya normalarının pozmuşdu: “Milyonlarla rus gözlərini bir ölkədə yumdular, açanda başqa ölkədə olduqlarını gördülər. Rus xalqı dünyada parçalanmaya məruz qalan xalqların ən böyüyü oldu. Krımlılar deyirlər ki, 1991-ci ildə onlar “kartof torbası” kimi əldən-ələ ötürüldülər. Rusiya isə başını aşağı salaraq barışdı və bu haqsızlığı “uddu”. Ölkəmiz elə bir vəziyyətdə idi ki, öz maraqlarını müdafiə edə bilmədi”.

Ukrayna ilə münasibətlərdən danışan Putin deyib ki, Ukraynanın mehriban qonşu olacağını hesab edir: “Ümid edirik, rusdilli vətəndaşların demokratiya şəraitində yaşayacaq, onların maraqları təmin olunacaq. Lakin hadisələr başqa istiqamətə yönəldi”.

- Ukrayna ilə əlaqələr bizim üçün önəmlidir və onlar mübahisəli məsələlərin əsirinə çevrilməməlidirlər. Dəfələrlə rusları tarixdən silməyə cəhd etdilər, rus dilini məhv etməyə çalışdılar. Ukraynanın digər vətəndaşları kimi ruslar da davamlı böhrandan əziyyət çəkdilər. Ukraynalıların dəyişiklik istəmələrini yaxşı başa düşürəm: onlar hökumətin əlindən təngə gəlmişdilər. Prezidentlər, baş nazirlər, Radanın deputatları dəyişsə də, onların öz xalqına münasibətləri dəyişmədi. Onlar Ukraynanı sağdılar, pul dalınca qaçdılar. Bununla yanaşı, vətəndaşların həyat şəraitilə maraqlanmadılar. Biz Ukrayna ilə dost olmaq istəyirik, istəyirik ki, o güclü bir dövlət olsun. Birgə layihələrimiz çoxdur və hər şeyə rəğmən mən onların uğuruna inanıram,- deyə Putin vurğulayıb.

Putin bildirib ki, Ukraynada hələ də legitim hökumət yoxdur, danışıqlar aparmağa heç kim yoxdur: “Bəzi nazirlərin qəbuluna düşmək üçün gərək Maydandakı silahlıların qılıncının altından keçəsən. Bu, zarafat deyil, müasir həyatın reallığıdır”.

- Krım və Sevastopol sakinləri Rusiyaya müraciət edərək hüquqlarını və həyatlarının təhlükəsizliyi üçün kömək istədilər. Biz onların bu istəyinə biganə qala bilməzdik, onları darda qoya bilməzdik. Yoxsa bu, satqınlıq olardı,- deyə o, bildirib.



S. Həsənova


Teqlər:  





Xəbər lenti