Pentaqondan qalmaqallı foto ilə bağlı açıqlama: "O uşaq xəstə idi"

   Pentaqondan qalmaqallı foto ilə bağlı açıqlama:   "O uşaq xəstə idi"
  21 Avqust 2021    Oxunub:4474
Talibanın Əfqanıstanda hərbi çevriliş etməsindən sonra ölkədə yaranmış xaos səngimək bilmir. Xüsusən də paytaxt Kabildə vəziyyət gərgin olaraq qalır. Burada humanitar böhran yaşanır, insanlar hava limanına axın edərək başqa ölkələrə qaçmağa çalışırlar.
Dünən isə Kabil aeroportunda qeydə alınan görüntülər dünya mətbuatının gündəminə çevrildi. Əfqan atanın öz körpə övladını ABŞ hərbçisinə verməsi Qərb mediasında bir sıra suallar doğurdu.

Taliblər İngiltərə vətəndaşlarını döyüblər
Azvision.az xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi artıq jurnalistləri maraqlandıran bu qalmaqallı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə Kabil hava limanının ətrafını qoruyan ABŞ Hərbi Dəniz Qüvvələri yalnız əfqan atanın xahişini yerinə yetiriblər. O, əsgərlərin körpəni izdiham içərisindən alaraq hava limanına aparmasına dair sensasiyalı görüntüləri belə izah edib:

"Körpənin valideyni Hərbi Dəniz Qüvvələrindən xəstə uşağına kömək etməsini istədi. Gördüyünüz kimi uşağı hava limanında fəaliyyət göstərən Norveç hospitalına apardılar. Körpəni müalicə etdikdən sonra atasına qaytarıblar".

Qeyd edək ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Pentaqon   Əfqanıstan  





Xəbər lenti