Ukrayna ordusu Krımda atəş açmaq əmri aldı

Ukrayna ordusu Krımda atəş açmaq əmri aldı
  19 Mart 2014    Oxunub:1188
Bu haqda qərar Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi tərəfindən verilib

Ukrayna Müdafiə nazirliyi Krım Muxtar Respublikasında yerləşən Ukrayna hərbi bazalarında xidmət çəkən hərbçilərə odlu silahlardan istifadə etməyə icazə verib.

AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə bildirilir: “Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin verdiyi qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin əmrinə uyğun olaraq Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə odlu silahdan istifadə edilməsinə icazə verilsin”.

Xatırladaq ki, bir neçə saat bundan əvvəl Simferopolda binaların birindən Ukrayna hərbi bazasına atəş açılıb. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanıb.

Hadisədən sonra Ukraynanın baş naziri Arseni Yatsenyuk bəyan edib ki, “Rusiya hərbçiləri Ukrayna əsgərlərinə atəş açmağa başlayıb. Bu isə hərbi cinayətdir. Ona görə də Budapeşt memorandumunun iştirakçıları olan Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiya müdafiə nazirləri səviyyəsində birgə komissiya yaradılmalıdır. Rusiya artıq beynəlxalq hüquq normalarını pozub. Rusiya ilə yaranmış münaqişə artıq müharibə mərhələsinə keçib. Komissiyanın iclasında Ukraynanın Rusiya ilə yaranmış problemin siyasi yolla həll edilməsi istiqamətində müzakirələr aparılmalıdır”, - deyə Yatsenyuk bildirib.

Ans Press


Teqlər:  





Xəbər lenti