Folklor nümunələrinin qorunması üçün mexanizm yaradılır

Folklor nümunələrinin qorunması üçün mexanizm yaradılır
  25 Avqust 2021    Oxunub:1111
Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 233 nömrəli qərarı ilə “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” təsdiq olunub.
Əqli Mülkiyyət Agentliyindən Azvision.az -a bildirilib ki, təsdiq olunan yeni Qayda Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması və qeydiyyatı üzrə müvafiq hüquqi prosedurları müəyyən edir.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və bu Qaydaya uyğun olaraq əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin xüsusi növləri kimi hüquqi qorunması Agentlik tərəfindən həyata keçirilir.

Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) və Azərbaycanın ənənəvi biliklərindən ölkəmizdə və xaricdə istifadə olunarkən bəzi hallarda həmin nümunələrin mənbəyi, mənsub olduğu xalqın və ya yarandığı coğrafi yerin adı dəqiq göstərilmir, yaxud yanlış göstərilir. Bu Qaydanın tətbiq edilməsi ilə Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasını təmin edən təsirli qorunma və müdafiə mexanizmlərinin yaradılması mümkün olacaqdır.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin qorunması rejimində hüquqi qorunması, onların əqli mülkiyyət qismində hüquqlarının qorunmasını tanımağı, fiziki və hüquqi şəxslər tərəfindən həmin nümunələrin qeyri-qanuni istifadəsinə qarşı tədbirlərin təmin edilməsini, o cümlədən məhkəmə qaydasında və ya üçüncü şəxslər tərəfindən onlara olan əqli mülkiyyət hüquqlarının qeyri-qanuni əldə edilməsinə maneələrin yaradılmasını ehtiva edir.

Bu Qayda Azərbaycan (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunları) və beynəlxalq (UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası) qanunvericiliyinə uyğun olaraq hazırlanıb.

Nazirlər Kabinetinin eyni qərarı ilə Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” də təsdiq edilib.

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri dövlət qeydiyyatına alındıqda, Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə” tərtib ediləcək. Şəhadətnamənin depozitarisi Əqli Mülkiyyət Agentliyidir.

Azvision.az


Teqlər: Əqli-mülkiyyət  





Xəbər lenti