"30 metr aralıda "Qrad" mərmisi partladı" - Qazimiz necə yaralandığını danışır

 "30 metr aralıda "Qrad" mərmisi partladı" -  Qazimiz necə yaralandığını danışır
  28 Avqust 2021    Oxunub:6722
“YAŞAT” fondunun xətti ilə Türkiyədə müalicə olunub, ölkəmizə geri dönən Vətən Müharibəsi iştirakçılarından biri də Rafail İusubovdur. O, 2001-ci il mart ayının 21-də Gürcüstanın Marneuli rayonunda anadan olub. Orta təhsilini Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə alıb. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Vətən Müharibəsinin başlanmasına qədər Goranboy rayonunun N saylı hərbi hissəsində xidmət edib. Müharibə başladıqdan sonra Suqovuşanın və Talış yüksəkliyinin azad olunması uğrunda döyüşlərdə iştirak edib.
- Artilleriya bölməsində baş atıcı idim. Döyüşlərə sentyabrın 27-də qatılmışdım. Bundan əvvəl müharibədə olmamışdıq deyə bir neçə saat həyəcanlı oldum. Bir az keçdikdən sonra artıq güllə yağışına, topların səsinə vərdiş etdim. Suqovuşanı azad etmək üçün qızğın döyüşlər aparırdıq. Ölümü gözə almışdıq, məqsədimiz ancaq irəliləmək idi, - Rafail həmin günləri xatırlayır. O, müharibənin 3-cü günündə ağzından, qolundan və ayağından ağır şəkildə yaralanıb.



- Düşmənin artilleriya hücumuna məruz qaldıq. Bizdən 20-30 metr aralı məsafəyə qrad mərmisi düşdü. Həmin an 8-9 qəlpə ağzıma girdi. Çənəm qırıldı, dişlərim töküldü. Daha sonra qol sümüyüm sındı. Ayağımdakı yumşaq toxumalar cırıldı və sinirlər zədələndi. Qan içində idim, kontuziya almışdım deyə beynimdə səslər var idi. Vəziyyətim çox ağır olduğu üçün məni Naftalana, oradan isə helikopterlə Bakıya gətirdilər. Qan itirmişdim, huşumu itirdim, gözümü açanda özümü xəstəxanada gördüm. Məni əvvəlcə Mərkəzi Hərbi Klinik Hospitala, daha sonra isə Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına apardılar.Orada ağzımdan 8 qəlpə çıxarıldı.

Qazimiz bir müddət Bakıda müalicə olunduqdan sonra Türkiyəyə aparılıb. Orada olduğu iki ay ərzində Rafail üç dəfə ağız nahiyyəsindən əməliyyat keçirib.



- Demək olar ki, bütün dişlərim tökülüb. Türkiyəli həkimlər diş əkəcəklər. Bunun üçün hazırlıq gedir. Damaq hissədə sümüyün çox hissəsi sınıb deyə ilk növbədə bunun üzərində işləyirlər. Onlar sümük tozundan istifadə edirlər. O bir neçə aya bərkiyib sümüyə çevrilir. Ondan sonra diş qoya biləcəklər. Professorlar qolumda əməliyyat aparılmasını məsləhət görmədilər. Bildirdilər ki, sinirlər zədələnə bilər. Sol qolum 70 faiz işləyir. Yumub açmaqda çətinlik çəkirəm. Ayağımda vəziyyət indi nisbətən yaxşıdır. Doğrudur, sürətlə yeriyə bilmirəm, ayağımı möhkəm basanda sanki cərəyan vurur. Həkimlərin sözlərinə görə, bu, 3-4 il ərzində keçəcək, - əsgərimiz səhhətindən danışıb.

Qeyd edək ki, Rafail İusubov “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazi   Rafail-İusubov  





Xəbər lenti