“Bayraktar”ın yeni “gözü”, yaxud Kanadaya CATS “dərsi” – Hərbi ekspert

      “Bayraktar”ın yeni “gözü”,    yaxud Kanadaya CATS “dərsi” –    Hərbi ekspert
  27 Avqust 2021    Oxunub:9575
Türkiyədə keçirilən IDEX-2021 sərgisi bir neçə yerli şirkətin yeni məhsullarını ilk dəfə təqdim etməsi ilə yadda qaldı. Bu məhsullardan biri də CATS elektron optik kamera kompleksidir.
Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan CATS (Common Aperture Targeting System - Ümumi Diafraqmalı Hədəfləmə Kompleksi) PUA-lar, helikopterlər və təyyarələr də daxil olmaqla sabit qanadlı və ya fırlanan qanadlı hava platformaları üçün nəzərdə tutulan yüksək performanslı elektron optik kəşfiyyat, müşahidə və hədəf işarələmə kompleksidir.
Yaxın keçmişə qədər Türkiyənin taktiki və operativ PUA-larının bütün modellərində istifadə olunan müşahidə kameraları xaricdən gətirilirdi. İndi isə onlar yerli türk şirkətləri tərəfindən istehsal edilirlər. Bu dəfə bəhs edəcəyimiz CATS kameralarının yaranması da maraqlı tarixçəyə malikdir.

Yaranması


Hazırda "Bayraktar" ailəsinin hazırlandığı komponentlərin 93 faizi Türkiyədə istehsal olunur. Məlumdur ki, Vətən Müharibəsinin ilk günlərindən Azərbaycan Bayraktar TB2 PUA-larından geniş istifadə edirdi. Bu PUA-ların ilkin variantlarında Kanada istehsalı olan WESCAM optik kameraları quraşdırılmışdı. Ədalət naminə deməliyik ki, kifayət qədər keyfiyyətli məhsuldur.

Görünür, 30 il ərzində bütün dünyanın, o cümlədən, Kanadanın gözü qarşısında Azərbaycan torpaqlarını darmadağın edən erməni ordusunun Vətən Müharibəsində layiqincə cəzalandırılması rəsmi Ottavanın naharat etdi. 2020-ci ilin oktyabrın ortalarında Kanadanın xarici işlər naziri Mark Qarneu “Hərbi avadanlıqların son istifadəçi huququna dair razılaşma”nı bəhanə gətirərək, belə bir bəyanat verdi: “Türkiyəyə ixrac edilən Kanada texnologiyasının Qarabağda istifadə edildiyinə dair etibarlı sübutlar əldə edildiyini araşdırdıqdan sonra, 13 aprel 2020-ci ildə dayandırılan icazələrin tamamilə ləğv olunduğunu elan edirəm”.
Kanada hökuməti Türkiyə tərəfindən WESCAM MX-15 kameralarının öz ehtiyaclarından kənar məqsədlərlə istifadəsinə, o cümlədən, bu kameralara malik PUA-ların Azərbaycana ixracına qarşı idi. “Bayraktar” TB2 PUA-ları isə Azərbaycana Kanada kameraları ilə ixrac edilirdi.
NATO blokunda Türkiyə ilə birgə yer alan Kanadanın bu addımı yerli şirkətlər tərəfindən gözlənilən addım olduğu üçün, Türkiyənin müdafiə sənayesinin nəhəngi ASELSAN artıq CATS kamerasının hazırlanmasına başlamışdı.


Beləliklə, Kanada 2020 -ci ilin oktyabr ayından Türkiyəyə ixracı dayandırılan 25 müasir hərbi məhsulun qardaş ölkəyə satışına sanksiya qoydu. Müharibənin aktiv fazasının davam etdiyi bir dövrdə belə bir qərar çoxumuza mənfi təsir etmişdi. Şəxsən məni sonrakı təchizat və bu sanksiyanın Türkiyənin PUA istehsalına təsirləri daha çox düşündürürdü. Kanadanın qərarından iki gün sonra Türkiyədən özəl əlaqələr hesabına aldığım məlumatlar vəziyyətin kritik olmadığını və alternativin hazırlandığını göstərirdi. Kanada hökumətinin embarqo qərarı Türkiyənin bu istiqamətdə yerli istehsala yönəlməsini daha da sürətləndirdi.

Türkiyə və tərəfdaşları üçün əhəmiyətli addım


Embargo qərarına baxmayaraq, Türkiyənin PUA istehsalında və onların kamera təchizatında heç bir problem olmadı. ASELSAN şirkəti alternativ PUA kamera kompleksinin hazırlanmasına daha əvvəldən başlamışdı. Kanada sanksiya tətbiq edəndə artıq bu kameralar hazırlanırdı. CATS kameralarından əsasən müşahidə, kəşfiyyat, izləmə, hədəflərin koordinatlarının təyin edilməsi və sursatların hədəflərə yönləndirilməsi məqsədilə istifadə olunur.


Bəlkə də Türkiyə NATO müttəfiqi Kanadanın iç üzünü ortaya çıxarmaq üçün “Bayraktar” PUA-sını Azərbaycana WESCAM kamerasi ilə tədarük etmişdi, çünki CATS kameralarının istehsalı 2020-ci ildə artıq başlanmışdı.
4 aydır ki, “Bayraktar” TB2 PUA-ları öz vəzifələrini CATS kompleksinin köməyilə müvəffəqiyyətlə yerinə yetirirlər. Türkiyənin “Anka-S” PUA-ları da eyni kameralarla təchiz edilir.


Üstün cəhətləri

CATS kompleksi 220 mm diametrli ümumi optik diafraqmaya malikdir. Geniş diafraqma isə IR, HDTV, DI-NIR kameraları üçün geniş müşahidə bucağını təmin edir. Kameranın əlavə işıqlanma funksiyası daha uzaq məsədən yüksək keyfiyyətli görüntülər əldə etməyə imkan verir.
Təqdim etdiyi imkanlara görə kifayət qədər yığcam həcmə və kütləyə malikdir. Açıq arxitekturası modifikasiyasını mümkün edir. IR kamera gecə rejimində "Full High Definition -Tam Yüksək Çörüntü" (1920x1080) imkanlarını təqdim edir.
CATS kompleksinin HDTV kamerası rəqəmsal böyütmə olmadan 1920x1080p video çıxışını "High Definition - Yüksək Çörüntü" (1280x720p) formatında gündüz görüntülərini təmin edir.
DI-NIR kamerası isə məhdud işıqlanma (alatornalıq) şəraitində müşahidə funksiyalarına malikdir.
IR, HDTV və DI-NIR kameralar üçün baxış bucaqları ortaqdır.


ÇATS lazer vasitəsilə hədəfi işıqlandırır və ona qədər olan məsafəni dəqiqliklə ölçə bilir. Çox sayda hədəfi paralel izləyə bilən CATS kompleksi IR, HDTV və DI-NIR kameralarının tam rəqəmsal video və görüntülərinin emal kanalına malikdir.

Kompleks sabit hədəflərin dəqiq koordinatlarını, hərəkət edən hədəflərin isə istiqamətini və sürətini lazer texnologiyası ilə yüksək dəqiqliklə təyin edə bilir. Həssas stabilizasiya blokuna və ətalətli ölçmə cihazına malikdir. Kompleks yüksək hündürlüklərdə mövcud olan aşağı temperaturlarda çalışa bilir.

Texniki xüsusiyyətləri

Sensor görüntüləri
IR: 640x512
TV: 1920x1080
DI-NIR: 640x480

Müşahidə buçaqları
IR: 0.5 ° - 0.9 ° - 3.2 ° - 30 °
TV: 0,5 ° - 0,9 ° - 3,2 ° - 30 °
DI-NIR: 0.5 °
Əhatə bucağı: 360 ° (davamlı)
Yüksəklik: +10 ° -105 °
Lazerlə hədəf işarələmə və ölçmə məsafəsi: 25 km -ə qədər
Dalğa uzunluğu: 1064 nm
Təkrarlama diapazonu: 20 Hz -ə qədər
Lazer göstəricisi və işıqlandırıcı
Rabitə interfeysi RS-422 (MIL-STD-1553B standartına uyğundur)

Video İnterfeysi
4x SMPTE-292M HD-SDI
2x PAL
Güc mənbəyi: 28 VDC

Ölçüləri
Sensor blokunun çapı: ≤ 415 mm
Eni: ≤ 437 mm
Hündürlüyü: ≤ 520 mm
Çəkisi 55 kq (daha əvvəl 61 kq idi)
Aktiv fəaliyyətdə temperatur diapazonu: -54°C ilə +50°C arasında
Saxlanılma temperaturu: -55°C ilə +70°C arasında.
Pilotlu və pilotsuz aviasiyada ASELSAN kameraları


ASELSAN aviasiya vasitələri üçün elektron optik kamera komplekslərinin istehsalçısı kimi məşhurdur. JF-17 qırıcılarında istifadə olunan ASELPOD kameraları Pakistana ixrac olunur. T129 helikopterində istifadə olunan ASELFLIR-300T kompleksləri isə TUSAŞ tərəfindən əldə edilir.
Bu ASELSAN məhsulları daha böyük kütlə və ölçülərə malik idi, yəni taktiki PUA-larda tətbiqi mümkün düyildi. ASELSAN şirkəti Kanada məhsulunu əvəzləyən CATS kompleksinin kütləsinin 55 kiloqrama qədər azaltmaqla, onların Türkiyə istehsalı olan kəşfiyyat və zərbə PUA-larında tətbiqini mümkün etdi.

Nəticə

ASELSAN şirkəti tərəfindən hazırlanan CATS kamerası həm gecə, həm gündüz, həm də məhdud işıqlanma şəraitində fəaliyyət göstərən 3 kamera ilə bərabər, lazerlə həm koordinatların təyin edilməsi, həm məsafənin ölçülməsi, həm də hədəfin işarələnməsi funksiyalarını özündə birləşdirir. Onun kütləsi əvvəllər 61 kq idisə, hazırda şirkət onu modernləşdirərək, 55 kiloqrama qədər azaldıb.

Pilotsuz uçuş aparatlarında faydalı yük daşıma qabiliyyəti məhdud olduğundan, quraşdırılacaq komponentlər mümkün qədər yüngül olmalıdır. Məsələn, “Bayraktar” TB2-nin yükdaşıma qabiliyyəti 4 ədəd MAM-L və 1 ədəd optik kamera ilə təchizata imkan verir. CATS indiki 55 kq kütləsi ilə “Bayraktar” TB2 üçün ideal kompleksdir. Bu ilin may ayından istehsal olunan Türkiyə PUA-larında yerli CATS kamaera kompleksləri quraşdırılır. Daha yüngül kamera kompleksi cəmi 150 kq faydalı yük daşıyan “Bayraktar”TB2 PUA-larında çox vacib məsələdir, çünki optik kameranın azalan kütləsi, pilotsuz vasitənin daha artıq sursat yükü daşımasına və daha uzun müddət havada qalmasına imkan yaradır.
Adətən 2 ədəd daha yüngül MAM-C və 2 ədəd daha ağır MAM-L sursatları daşıyan “Bayraktar” TB2 PUA-sının yeni kamera kompleksi ilə təchiz olunduqdan sonrakı ilk sınaqda 4 ədəd daha ağır və təsirli MAM-L raketi ilə vəzifələrini icra etməsi də bunu təsdiqləyir.

Şirkətin əvvəlcədən digər ölkələrdən idxal olunan komponentlərin nə zamansa təchizatına sanksiya tətbiqini nəzərə alması və bu istiqamətdə layihələrini daha əvvəlcədən həyata keçirməsi PUA bazarında Türkiyənin üstün mövqelərini qorumağa imkan verdi. Nəticə etibarilə Türkiyə PUA-larına artan tələbatın tam ödənilməsində ASELSAN əhəmiyyətli rol oynadı. Bu baxımdan, özəl şirkətlərin müdafiə sənayesində yaxından iştirakının təmin edilməsi Azərbaycan üçün də nümunə hesab edilə bilər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Bayraktar   CATS   Türkiyə   Kanada  





Xəbər lenti