Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşüb
Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda öldürülüb.
Əsir və girovlara ağlasığmaz işgəncələr verildiyinə dair çoxasaylı faktlar var. Eyni zamanda əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.
Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir.
Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.
Qeyd edək ki, 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur.
Azvision.az
Teqlər: İtkin







Vaxtında, Aydın, Lazımlı!


