Sağlamlıq turizmi: Potensial var, qalır reallaşdırmaq

  Sağlamlıq turizmi:  Potensial var, qalır reallaşdırmaq
  30 Avqust 2021    Oxunub:6466
Dünyanın bir ildən çox koronavirus pandemiyası ilə mübarizə aparması, xeyli insanın bu virusdan həyatını itirməsi sağlamlıq mövzusunu yenidən aktuallaşdırıb. Hər kəs sağlam və uzun ömür yaşamaq, xəstəliklərdən yaxa qurtarmaq üçün yollar axtarır. Bu istiqamətdə insanların üz tutduqları vasitələrdən biri də təbii yollarla müalicədir.
Araşdırmalara əsasən, dünya miqyasında sağlamlıq turizminə tələbat artır. Bunun əsas səbəbi insanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq turizminin müalicə ilə yanaşı, fiziki və əqli yorğunluğu aradan qaldırması, xüsusi qulluq və gözəllik yönümlü digər xidmətlər də təklif etməsidir. Ancaq bir sıra dünya ölkələri ilə müqayisədə bu turizm növü Azərbaycanda o qədər inkişaf etməyib. Ölkəmizdə müalicəvi Naftalan neftinin, xeyli sayda duz mədənlərinin, palçıq vulkanlarının, bulaqların, mineral suların və termal qaynaqların olmasına baxmayaraq, bu yerlərə gələn turistlərin sayı olduqca azdır. Halbuki, sovet dönəmində uzun illər Azərbaycan Naftalan neftinin, Kəlbəcərin “İstisu”yunun müalicəvi effekti ilə məşhur olub. Birbaşa təyyarə reysləri ilə müxtəlif ölkələrdən turistlər Naftalan şəhərinə müalicə olunmaq üçün gəlirdilər.

Son illərdə Naftalan şəhərində, o cümlədən respublikanın bir sıra bölgələrində müalicəvi istirahət mərkəzləri, 5 ulduzlu otellər tikilsə də, bu turizm növünə hələ də geniş maraq hiss olunmur. Azvision.az Azərbaycanda sağlamlıq turizminə marağın zəif olmasının səbəblərini öyrənməyə çalışıb.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin mütəxəssisi Könül Nuriyeva bildirib ki, agentlik Azərbaycanda nəinki sağlamlıq turizminin, eləcə də, digər turizm növlərinin inkişaf etdirilməsində çox maraqlıdır. O, qurumun məqsədinin təbiət və mədəni resursları bir araya gətirməklə, istər daxili, istərsə də xarici turistlər üçün maraqlı destinasiya yaratmaq olduğunu vurğulayıb:
- İdeyanı formalaşdırmamışdan öncə hansı resurslarla bunları həyata keçirə biləcəyimizi müəyyən etmək üçün qiymətləndirmə aparmalı idik. Müxtəlif turizm növləri və onların xarakteristikasına görə qiymətləndirmə davam edir. Sağlamlıq turizmi ilə bağlı artıq müəyyən qədər addımlar atılıb və ötən il böyük araşdırma sənədi hazırlanıb. Bu sənəddə Azərbaycanda hansı ərazilərdə sağlamlıq turizmi üçün faydalı resursların olması qeyd edilib. Bunların tərkibində mineral sular, müalicəvi bulaqlar, eləcə də neft vannası da var. Onların hər biri araşdırılıb, hansı xəstəliklərin müalicəsində effektli olması ilə bağlı ekspert rəyləri, eləcə də digər dövlət qurumlarından rəylər alınıb.


Sağlamlıq turizmi ilə bağlı sənəddə araşdırma ilə yanaşı, müqayisəli təhlillər də aparılıb. Belə ki, bu turizm növündə rəqib ola biləcəyimiz bazarlar və Azərbaycanın rəqabət qabiliyyəti müəyyən edilib. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlər, böyük otellərin necə işləməsi, marketinqlərini necə təmin etmələri araşdırılıb, müxtəlif datalar əsasında hər biri üçün tövsiyələr hazırlanıb. Sənəddə bir çox məqamlar əksini tapıb. Məsələn, bu gün Türkiyə, Gürcüstan və Rusiyada olan sanatoriyalar, müalicəvi istirahət mərkəzlərinin təkmilləşənə qədər hansı yol gəlməsi və Azərbaycanın hansı mərhələdə olması araşdırılıb.

- Əsas hədəfimiz sağlamlıq turizmi üzrə potensialı olan regionlarımızı müəyyən etməkdir. Naftalanda müalicəvi neft, Qəbələdə termal bulaqlar, Lənkəranda və Qalaaltıda termal sular var. Bunların arasında ən məşhuru Naftalan neftdir. Oranın sağlamlıq turizmi mərkəzinə çevrilməsi Dövlət Turizm Agetliyinin əsas hədəflərindən biridir. Naftalan Sovetlər dönəmindən məşhur olub və onların artıq bəlli təcrübəsi var. Orada digər regionlarla müqayisədə sağlamlıq mərkəzləri üzrə otellərdə gecələmə günləri çoxdur,- deyir Könül Nuriyeva.


Onun sözlərinə görə, insanların müalicəvi sanatoriyalara gəlməsi üçün göndərişlərin bərpa edilməsi layihələri də sənddə əksini tapıb: "Bu gün sağlamlıq üçün turistlərin üz tutduğu məkanlardan biri Bakıya ən yaxın olan Qalaaltı və Lənkərandır. Orada beşulduzlu resorslar müalicəvi isti su vannalarını təqdim etməklə yanaşı, spa və sağlamlıq üzrə digər prosedurları təklif edərək, turistlərə sağlamlıq xidmətləri göstərirlər. Sağlamlıq turizmi mövsümi deyil və bu istiqamətdə otellər ilin 12 ayında turistləri qarşılaya bilərlər. Belə otellər Qəbələ, Quba, Qusar, Zaqatala, Naxçıvanda da var. Qarabağın işğalından əvvəl Kəlbəcərdə İstisuda böyük sanatoriya olub. Artıq Qarabağ azad edilib və oranın sağlamlıq turizmi baxımından önəmli resurs olaraq qiymətləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev ölkədə sağlamlıq turizminin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin sağlamlıq turizmi ilə bağlı hesabatının hazırlanması, müqayisəli analizlər və bazar araşdırmaları yaxın iki ildə sağlamlıq turizminin inkişafının yol xəritəsi ola bilər: "Biz keçmiş ənənələri öyrənərək, onu irəli apararaq yeni innovativ yanaşma ilə markalaşma siyasətini həyata keçirməli, Azərbaycanı yeni sağlamlıq turizmi destinasiyası kimi dünya turistlərinə yenidən açmalıyıq. Sağlamlıq turizminin həm daxili bazara yönəlik fəaliyyətinin şaxələndirilməsi, həm də qonşu və digər ölkələrdən bu istiqamətdə daha çox turistin cəlb edilməsi vacib məsələlərdəndir. Burada dövlətin təşviqləri də olmalıdır"


Ekspert bildirib ki, təyyarə reyslərinin açılması, aviabiletlərin qiymətləri və digər məsələlərlə bağlı təşviq siyasəti həyata keçirilərsə, düzgün marketinqlə davamlı fəaliyyətin şahidi ola bilərik: "Sağlamlıq turizminin bu gün labüd və vacib olması nəyə görədir? Çünki bu turizm növündə mövsüm anlayışı yoxdur və 365 gün işləyir. İkincisi, digər turizm növlərindən fərqi gecələmə günlərinin çox olmasıdır ki, bu da iqtisadi baxımdan səmərəlidir. Bu turizm növünün inkişafı üçün ilkin mərhələdə indiyə qədər mövcud olan sağlamlıq turizmi müəssisələrinin xəritəsinin, yəni məlumat bazasının yenilənməsinə ehtiyac var. İkinci mərhələdə isə ekspertlərin cəlbi ilə yeni şəfalı su yataqları tapılaraq, burada investisiya imkanları araşdırılmalı və yeni xəritə hazırlanmalıdır".



Onun sözlərinə görə, İordaniyanın paytaxtı Amanda keçirilən Zirvə toplantasında sağlamlıq turizminin 8 alt seqmenti müəyyən edilib. Bunlar tibbi turizm, Spa Welness turizmi, termal turizm, idman turizmi, kulinariya turizminin sağlam qidalanma konsepsiyası və digərləridir. Sağlamlıq turizminin bütün növlərini inkişaf etdirmək üçün Azərbaycanda şərait var. Yeni metodların tətbiq olunması, onun təkmilləşdirilməsi sağlamlıq turizminin önəmini və bu seqmentin daha səmərəli fəaliyyətini təmin etmək üçün əsas verir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sağlamlıq   Turizm  



Xəbər lenti