Yeni “Kipr partiyası” başlayır: Ağ fiqurlar Ərdoğandadır – TƏHLİL

      Yeni “Kipr partiyası” başlayır:    Ağ fiqurlar Ərdoğandadır –    TƏHLİL
  30 Avqust 2021    Oxunub:5453
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cumhuriyyətinin müstəqil dövlət kimi tanınması istiqamətində Ankaranın geniş fəaliyyətə başlayacağını elan etməsinin ilkin səbəbi adada yaşayan türk icmasının təbii hüquqlarını qorumaqla bağlıdır. Kipr adasının türk icmasının yunan tərəfilə birləşib, vahid dövlətdə yaşamasını kiprli yunanlar istəmir, mütəqil dövlət kimi mövcudluğuna isə BMT imkan vermir. Nəticədə kiprli soydaşlarımız illərdir Türkiyə istisna olmaqla, heç kimin tanınmadığı dövlətdə yarıleqal yaşamaq məcburiyyətindədirlər.
Borrel: "Müharibə Livana sıçrayır"
Ankaranı Şimali Kipr Türk Dövlətinin tanınması uğrunda dünya icması ilə diplomatik savaşa daxil olmağa vadar edən digər əhəmiyyətli səbəblər də mövcuddur. Bunların ən diqqətçəkəni Kipr adasının cənubunda zəngin təbii qaz yataqlarının aşkar edilməsidir. Yunan Kiprinin ərazi sularında aşkarlanan qazın hasilatı və Avropaya nəqli ilə bağlı 2019-cu ildə bu ölkə ilə İsrail və Yunanıstan arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, hasil olunacaq təbii qazın Kiprdən dənizin dibilə çəkiləcək boru xətti vasitəsilə Yunanıstanın Krit adasına, oradan ölkənin əsas ərazisinə, sonra isə İtaliyaya nəqli nəzərdə tutulub. Şərqi Aralıq Dənizi (EastMed) adlanan bu layihənin ümumi dəyəri 7 milyard dollardır və icrası üçün Avropa Birliyi tərəfindən ilkin olaraq 34 milyon dollar vəsait ayrılıb.

Ancaq Türkiyə ilə Liviya arasında beynəlxalq hüquq normalarına uyğun olaraq imzalanmış dəniz zonalarının sərhədlərinin müəyyən edilməsinə dair memoranduma əsasən Avropa Birliyinin EastMed layihəsinin reallaşması müşkülə çevrilir. Belə ki, adıçəkilən memaranduma əsasən, Aralıq dənizi faktik olaraq Türkiyə ilə Liviya arasında “orta xətt” prinsipinə əsasən bölünüb və bu xətt şərqdə yerləşən sahilyanı dövlətlərin qərbə çıxışını məhdudlaşdırır. Eyni zamanda, beynəlxalq hüquq normalarına əsasən, dövlətin sahilyanı iqtisadi zonaları qitədə yerləşən əsas ərazisi ilə müəyyən edildiyi və bu zaman adaların ərazisi nəzərə alınmadığı üçün Yunanıstanın Aralıq dənizində olan Krit, Rodos, Kerpe və Meis adaları da Türkiyə ilə Liviyanın iqtisadi zonasına düşür. Beləliklə, yaranmış vəziyyətdə Avropa Birliyi Kiprdən Krit adası, oradan isə Yunanıstana boru çəkməsi üçün Türkiyənin razılığını almaq məcburiyyətində qalır. Belə olan təqdirdə, Ankaranın vaxtilə Liviyadakı vətəndaş müharibəsində qanuni hökuməti dəstəkləmək üçün hərbi yardım göstərməsinin əsl səbəbi aydınlaşır.


İşlətdiyi qazın 75 faizini idxal edən Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün EastMed layihəsini reallışdırmağa ehtiyacı var buna görə Türkiyə ilə danışıqlara getməyə məcburdur. Bu zaman Ankara sövdələşmə predmeti olaraq Şimali Kiprin tanınması məsələsini qaldıra bilər. Doğrudur, Aİ-nin Kipr türklərinin müstəqilliyinə razı olacağı inandırıcı görünməsə də, Brüssel kiprli yunanlara türklərlə federativ dövlət qaydasında birləşmələri üçün təzyiq göstərə bilər.

Avropanın Kiprdən qaz idxalına maneə yaradan Ankara paralel olaraq, bəyan edir ki, Şimali Kiprə qaz xətti çəkiləcək. Şimali Kipr ərazisindən Türkiyəyə, Türkiyədən isə Avropaya qaz xəttinin çəkilməsi mərkəzi və şərqi Avropa dövlətlərinin marağına səbəb olaraq, onları Şimali Kiprin müstəqilliyinin tanmasına həvəsləndirə bilər. Məlum olduğu kimi, Rusiyanın Qara Dənizin dibi ilə çəkdiyi qaz xəttinin reallaşması sanksiyalar səbəbindən mümkün olmadı nəticədə bir sıra mərkəzi Avropa ölkələri birbaşa qaz təminatından məhrum qaldılar. Qaz ehtiyaclarını ödəmək istəyi cənubdakı avropalılarla şərqdəkilər arasında ciddi mübahisə yarada bilər və Türkiyənin bu ziddiyyətlərdən istifadə edəcəyi şübhəsizdir.

Bundan əlavə, Rusiyanın bu məsələdə Türkiyənin mövqeyini dəstəkləməsi də mümkündür. Bu yaxınlarda Moskvanın Şimali Kipri tanıması müqabilində Ankaranın Krımın ilhaqına göz yumması Rusiya mətbuatında geniş müzakirələrə səbəb oldu. Doğrudur, Rusiya prezidentinin mətbuat katibi Peskov bunun qeyri-mümkün olduğunu bildirsə də, əslində Kreml məsələni geniş ictimai müzakirəyə çıxarmaqla Türkiyəyə dolayı ismarıc göndərmək məqsədi daşıya bilər. Türkiyənin Ukraynanın yaratdığı Krım platformasına qoşulmaması Moskvanın Krımın ilhaqı ilə korlanmış beynəlxalq imicinin bərpasına yardım, Kiyevi isə mühüm müttəfiqdən məhrum edəcək. Türkiyənin bu məsələdə Rusiya ilə hər hansı danışığa gedəcəyi, Krımın ilhaqına hansısa formada haqq qazandıracağı inandırıcı görünməsə də, Rusiyanın BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvü olması Ankaranın mövqeyinə təsirsiz ötüşməyəcək. Çünki Şimali Kiprin hətta Türkiyəyə dost olan ölkələr tərəfindən tanınmasına əngəl olan əsas maneə BMT-nin müvafiq qətnamələridir. Bu mənada, Kiprin gələcək taleyilə bağlı BMT-də məsələnin yenidən gündəmə gətirilməsində Moskva həlledici rol oynaya bilər.

Moskva ilə Ankaranın Krımın müqabilində Şimali Kipr ətrafında danışıqlara başlaması istər-istəməz Qərbi hərəkətə keçirəcək və bu vəziyyətdə Vaşinqton ilə Brüssell Türkiyə ilə Rusiya arasında seçim etmək məcburiyyətində qalacaqlar.

Tofq Vahid
Azvision.az


Teqlər: Kipr   Türkiyə   Ərdoğan  





Xəbər lenti