Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantlarını nə gözləyir – TƏHLİL

      Cəhənnəmdən qaçış yoxdur:    Əfqan miqrantlarını nə gözləyir –    TƏHLİL
  31 Avqust 2021    Oxunub:6497
ABŞ və digər koalisiya dövlətlərinin hərbi qüvvələrinin Əfqanıstandan çıxması, ardınca isə “Taliban” qruplaşmasının ölkədə tam nəzarəti ələ keçirməsilə ciddi bir məsələ - yaşayış yerlərini tərk etməyə məcbur olmuş əfqanıstanlıların miqrasiyası problemi ortaya çıxdı.
Əfqanıstanı tərk etmiş, yaxud tərk etmək istəyən miqrantların sayı barədə hələ ki, dəqiq məlumat olmasa da, hərbi təyyarələr vasitəsilə evakuasiya olunmaq ümidilə 550 minə yaxın insanın Kabil aeroportu ətrafında məskunlaşması barədə məlumat yayılmışdı. Bu günə qədər koalisiya qüvvələrinin 88 minə yaxın insanı hava yoluyla evakuasiya etdiyi bildirilir, lakin bunların nə qədərinin Əfqanıstan vətəndaşı olduğu məlum deyil.

Ölkədən hava yoluyla qaça bilməyən əfqanların “Taliban”dan canlarını qurtarmaq üçün başqa heç bir leqal yolları qalmır. Çünki Taliban qüvvələri Əfqanıstanın xarici ölkələrlə sərhəddə yerləşən bütün buraxılış məntəqələrini nəzarətə götürüb. Bununla belə, Əfqanıstandan qeyri-leqal yollarla xarici ölkələrə kütləvi miqrant axını davam etməkdədir.


Ölkələrini quru yolla tərk etmək istəyən əfqanlar mümkün görünən mövcud marşrutlardan birini seçə bilərlər. Bu variantlardan birincisi və ən çox seçiləni Pakistana üz tutmaqdır. BMT-nin məlumatına əsasən, hazırda 1.5 milyona yaxın əfqanıstanlı mühacir müvəqqəti olaraq, Pakistan ərazisində məskunlaşıb. Lakin bu mühacirlər əsasən əvvəlki illərdə koalisiya qüvvələrinin təqiblərindən qaçaraq, Pakistana sığınmış “Taliban” tərəfdarlarıdırlar. Odur ki, yeni gələcək mühacirlərlə əvvəlkilərin arasında Pakistan ərazisində qarşıdurmanın yaranacağı tamamilə labüddür. Bu baxımdan, Pakistan ərazisi də əfqanıstanlı mühacirlər üçün təhlükəsiz ərazi hesab oluna bilməz.

Əfqanlar üçün digər mümükün marşrut isə qeyri-leqal yolla İrana yönəlməkdir. İran Əfqanıstanla sərhədində qaçqınların yerləşdirilməsi üçün müvəqqəti düşərgə yaradıb. Təxmini rəqəmlərə əsasən, İranda artıq 780 minə yaxın əfqan mühacir məskunlaşıb. Bunlar əsasən şiə təriqətinə mənsub əhalidir ki, yeni gələcək əsasən sünnilərdən ibarət qaçqınlarla onların arasında münaqişənin baş verəcəyini indidən demək mümkündür.


Odur ki, əfqan mühacirlər daha təhlükəsiz həyat şəraiti tapmaq üçün İrandan qeyri-leqal yollarla Türkiyə ərazisinə qaçmalıdırlar. Bu təxminən 2 min km.-ə qədər piyada yolun qət edilməsi anlamına gəlir. Lakin İran-Türkiyə sərhədində miqrantları 3-4 metr hündürlüyündə təhlükəsizlik kameraları ilə təchiz olunmuş beton hasarlar qarşılayacaq ki, bu maneəni adlamaq demək olar, mümkün deyil. Bu səbəbdən, əfqan qaçqınları sərhədi keçmək üçün dağlıq ərazilərdən istifadə etməlidirlər.

Türkiyə tərəfinin məlumatına əsasən, son bir ayda 27 minə yaxın mühacir buna müvəffəq olsa da, sonradan Türkiyənin müvafiq orqanları tərəfindən yaxalanaraq, barələrində deportasiya qərarı verilib. Ümumilikdə isə Türkiyədə 4 milyona yaxın miqrant yaşayır ki, bunların əsas hissəsi Suriya qaçqınlarıdır. Əfqanıstanlı qaçqınların sayının 400 minə yaxın olduğu bildirilir.

Qaçqınların Türkiyə cəmiyyətinə inteqrasiyası prosesi heç də uğurlu getmir və ölkə daxilində etnik zəmində münaqişələrin sayı artmaqdadır. Məsələdə diqqət çəkən məqam odur ki, Türkiyə hökuməti Əfqanıstanda baş verəcək hadisələrdən və miqrant axınının başlayacağından əvvəlcədən xəbərdar idi və bu axının qarşısını almaq üçün hələ 2017-ci ildə İranla sərhədində divarın tikintisinə qərar vermişdi.
Eynilə miqrantların əsas marşrutunda yerləşən Yunanıstan da mümkün miqrant axınına əvvəlcədən hazırlaşmış və sərhədboyu ərazilərində divar tikintisinə başlamışdı. Hazırda Yunanıstan ərazisində 41 minə yaxın əfqanıstanlı qaçqın müvəqqəti məskunlaşıb, lakin onların gələcək taleyi hələ ki məlum deyil.


Türkiyəyə keçib, oradan dəniz yolu ilə Yunanıstana gəlməyə müvəffəq olan tək-tük qaçqın qrupları Avropanın kandarına çatmış hesab olunsalar da , bu, hələ onların orada yaşamaq hüququ qazanacaqlarına zəmanət vermir. Ancaq hər halda, Pakistan, yaxud İran düşərgəsində öz həmyerlisi tərəfindən məzhəb fərqinə görə qətlə yetirilməsindən daha yaxşıdır.

Avropa və digər inkişaf etmiş ölkələrə gəldikdə isə, bu dövlətlər də əfqan mühacirlərini öz ölkələrində qəbul etməyə həvəsli görünmürlər. Yayılan məlumatlara əsasən, ABŞ evakuasiya etdiyi əfqanları müvəqqəti olaraq xarici ölkələrdəki hərbi bazalarında yerləşdirəcək, sonrakı mərhələdə isə onlara Amerikada yaşamaq hüququ veriləcək. Ümumilikdə 22 min əfqanın bu xoşbəxt biletin sahibi olacağı gözlənilir.

Britaniya keçmiş koloniyasından 20 min, Kanada da eynilə bu qədər mühacir qəbul etməyə hazır olduqlarını bildiriblər. Fransa, Avstriya, Sloveniya kimi dövlətlər isə ümumiyyətlə, əfqanıstanlıların öz ölkələrinə sığınmalarına qarşıdırlar. Çünki əfqanlar hər bir ölkə üçün xüsusi təhlükəli miqrant kimi qəbul olunurlar. Məhz bu səbəbdən Rusiya da əfqanların mühacirətinə ciddi qadağa qoyub və Əfqanıstanla həmsərhəd Orta Asiya ölkələrində sərhədlərdə nəzarətin gücləndirilməsi, miqranların keçidinin qarşısının alınması üçün fəaliyyətə başlayıb.

Xarici dövlətlərin əfqan miqrantları qəbul etməkdə ehtiyatlı davranmaları ümumilikdə mühacirət edəcək əfqanıstanlıların ümumi sayının 100 min nəfəri keçməyəcəyi anlamına gəlir. Bu isə 38 milyon əhali sayına nisbətdə çox kiçik rəqəmdir. BMT-nin hesablamalarına görə, Əfqanıstan əhalisinin üçdə biri aclıqdan əziyyət çəkir və əgər bu ölkəyə təcili humanitar yardım göstərilməzsə, əhali ciddi böhranla üzləşəcək. Müharibə şəraiti, quraqlıq və “COVİD-19” pandemiyasının sürətlə yayılması əfqan ahalisinin kütləvi qırğını ilə nəticələnə bilər. Görünür, Əfqanıstanı silahla ram edə bilməyənlər bu yolla cəzalandırmaq qərarına gəliblər.

Tofiq Vahid
Azvision.az

Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: Əfqanıstan   Miqrasiya  





Xəbər lenti