Rusiya bu il virusa görə Azərbaycana 12 bildiriş göndərib

  01 Sentyabr 2021    Oxunub :490
 Rusiya bu il virusa görə Azərbaycana 12 bildiriş göndərib
Bu ilin ötən dövrü ərzində Azərbaycana Rusiyadan pomidor məhsulunda pepino mozaik virusuna görə 4, qonur qırışıqlıq virusuna görə 6, kartof məhsulunda qonur çürümə bakteriyasına görə isə 2 bildiriş göndərilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

AQTA sədrinin sözlərinə görə, əksər hallarda təsərrüfatlarda mövsümün bitməsi ilə əlaqədar məhsulun olmaması, habelə uyğunsuzluq aşkar edilən mal partiyalarının geri qaytarılmaması bildirişlərin araşdırılması zamanı faktların təsdiqi prosesini çətinləşdirib:

"Pomidorla bağlı yalnız bir təsərrüfata bildiriş vaxtında göndərilib, dərhal müəssisədə monitorinq həyata keçirilərək nümunələr götürülüb, həm Agentlikdə, həm də xaricdə – Türkiyədə laborator müayinələrə cəlb edilib və virus faktı öz təsdiqini tapmayıb. Virusla bağlı bildiriş gələn digər təsərrüfatlarda bitki qalıqlarının zərərsizləşdirilməsi, təsərrüfatların və istifadə edilən ləvazimatların dezinfeksiyası təmin edilib.

Eyni zamanda ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması ilə bağlı bu ilin 7 ayı ərzində 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb, götürülən nümunələrin laborator müayinəsi zamanı 1 müəssisədə pepino mozaik virusu aşkarlanıb və dərhal fitosanitar tədbirlər görülüb, şitillər Agentlik müfəttişlərinin iştirakı ilə yandırılaraq məhv edilib".

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA   Pomidor  







Xəbər lenti