“Təhsil nazirliyi uşaqları maariflənməyə qoymur”

“Təhsil nazirliyi uşaqları maariflənməyə qoymur”
  31 Mart 2013    Oxunub:2302
“Vətəndaşların, uşaqların yaşama hüququ olduğu kimi təhsil, mədəni-kütləvi maariflənmə hüququ da var. Amma Təhsil Nazirliyi Azərbaycan məktəblilərinin bu hüququnu tanımır. Teatr biletinin satışının qadağası qüvvədə olduğu halda məktəblərdə yenə əvvəlki kimi süpürgə, təbaşir satışı baş alıb gedir. Heç nə dəyişmir, əvəzində gələcək nəslin təfəkkürünə, mənəviyyatına ziyan vurulur”. Bu sözləri Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan deyib.
Onın sözlərinə görə, uşaqları, məktəbliləri mədəniyyət ocaqlarından, düşüncə mənbələrindən uzaq salmaq olmaz. Uşağı tamaşaya ilk dəfə məcburi aparmaq lazımdır ki, görsün, bilsin, tanış olsun. Sonra gedib-getməyəcəyini özü qərar verəcək: “Monoton müəllim leksiyası ilə izahı çox çətin anlaşılan mövzuları yüz dəfə eşitməkdənsə, bir görmək daha xeyirlidir. Eyni zamanda sənətçilər də öz işini vicdanla görməlidir ki, ilk dəfə tamaşaya gələn uşaq, artıq o sehr dünyasına düşsün və teatra meyllənsin. Xüsusən kompüter, texnika, elm dünyasında, sürətli inkişaf çağında, bizim bu kasıb səhnəmizdəki ədəbi materialımız o qədər güclü olmalıdır ki, ilk tamaşaçı öz ilə əlavə tamaşaçı gətirsin. Təbliğatımız itirməyə yox, qazanmağa yönəlsin. Onsuz da uşaqlara xidmət edən teatrlarımız azdır, cəmi üç dənədir – Kukla Teatrı, Uşaq Teatrı və Gənc Tamaşaçılar Teatrı. Hər teatr öz auditoriyası ilə gələcək savadlı tamaşaçı nəsli yetişdirə bilər”.

İntiqam Soltan düşünür ki, bəzi məsələləri şagirdlərə anlatmağın ən yaxşı yolu teatrdır: “Bakı Uşaq Teatrının “Xaş-xaşın göz yaşları” adlı tamaşası Strasburqda keçirilmiş teatr festivalında 80 ölkə arasında ilk üçlüyə düşdüyü halda Azərbaycan məktəblərində nümayişinə qadaga qoyulur. Yuxarı sinif şagirdlərin, yeniyetmələrin narkomaniya mövzusunda maarifləndirilməsinə yönəldilən bu tamaşaya məktəb rəhbərləri deyirlər ki, “yox-yox, olmaz, uşaqlar narkomaniyadan bilməsələr yaxşıdır”. Araşdırsaq görərik ki, Azərbaycanda 90-95 faiz insanların narkomaniya haqda bilgiləri sıfır səviyyədədir. Belə olan halda narkotik bataqlığına yuvarlanmaq asan olur”.

İ.Soltan ölkədəki cinayətkarlığın səbəbini də insanların mənəvi cəhalətində, mənəviyyatındakı boşluqlarda görür. Deyir ki, hətta bir çox hallarda bu cinayətlərin zəmini uşaqlıqdan qoyulur. Yenə də böyüklərin laqeydliyi, düşüncəsizliyi ucbatından: “Baxın kimsəsiz uşaqların taleyinə. Missioner təşkilatlar, fondlar onları geyimlə, qida ilə, hər şeylə təmin edirlər. Amma bu təminatla onları potensial cinayətkar kimi yetişdirdiklərinin fərqində deyillər. 15-16 yaşına qədər yalnız maddi tərəfdən təmin olunan bu uşaqların mənəviyyatı haqda kimsə düşünmür. Onların içlərini “geyindirmək” kimsənin umurunda deyil. Həddi-buluğa çatmış gənc, uşaq evlərindən buraxılır ki, “get, özün özünü saxla”. Necə saxlasın özünü?! Dünənə qədər yataqla, geyimlə, qida ilə təmin edir, hətta uzananda belə üstünü örtürdünüz ki, “sən kimsəsizsən, səni qoymayacağıq ehtiyac içində böyüyəsən”. Real həyatı yalnız müəllim leksiyasından eşidən, müstəqilliyə, çətinliklərə hazır olmayan, maariflənməmiş, müəyyən təlim görməmiş bir uşağa necə demək olar ki, “get, özün özünü saxla”?! İş-işdən keçəndən sonra səbəbini, kökünü axtarmadan yapışırıq nəticədən – filankəs narkomandır, canidir, oğrudur. Amma bu fəlakətin bünövrəsinin hardan gəldiyini düşünmək, qarşısını almaq istəmirik”.

Müsahibim Bakı Uşaq Teatrının tamaşalarının xüsusi bir missiya daşıdığını vurğuladı. Nədir bu missiya?
“Tamaşalarımızın çoxu seyrçini passivlikdən aktvliyə gətirir, səhnədə gördüklərinə təkcə baxmaqla kifayətlənmir, ona həm də hadisələrin iştirakçısı olmağına şərait yaradılır. Tutaq ki, bu gün mən, zalda aktiv tamaşaçı olarsam, sabah küçədə, həyatda iki nəfərin mübahisəsini bəlkə bir kəlmə ilə müdaxiləm həll eləyə, yaxşı tərəfə yönəldə, böyük bir fəlakətin qarşısını ala bilər? Səhnədə gördüklərinlə real həyatda rastlaşsan, sən hansı addımı atardın, necə qərar verərdin düşüncəsini yaradır. Bu baxımdan uşaqlarımızın hüquqları barədə körpəlikdən düşünməliyik”.

Sevda Babayeva


Teqlər:





Xəbər lenti