Futbolumuzun kosası və keçəli seçildi – SORĞU

Futbolumuzun kosası və keçəli seçildi – SORĞU
  20 Mart 2014    Oxunub:7500
Bu gün Azərbaycanda xalqımızın ən qədim bayramı sayılan Novruz qeyd olunur. Bayramının əsas rəmzi kosa və keçəl olduğundan, “AzVision.az” bəzi idman yazarları və futbolçularla əlaqə saxlayıb, Azərbaycan futbolunun kosa və keçəlini seçməyi xahiş edib.

Görək, kim hansı futbolçunu bəhs etdiyimiz obrazlara uyğun görür.

Rüstəm Piriyev (“ExtraTime.az” saytinin redaktoru):

- Kosa obrazında “Qəbələ”nin arxa xətt oyunçusu Elnur Allahverdiyevi, keçəl kimi isə “Neftçi”dən Mahir Şükürovu qeyd edərdim. Məncə, kosa ilə keçəl daim oz dostluğu ilə digərlərinə nümunə olub. Onlar Novruz bayramının əvezedilməz atributları, əvəzolunmaz iştirakçıları və sevilən personajlarıdır. Onlarsız Bayram hiss olunmaz. Elnurla Mahir də futbolumuzun əvəzolunmaz simaları və hamıya örnək ola biləcək dostluğa sadiq insanlardır. Hətta onların dostluğu bizim yığma komandada nadir hallardan biri hesab oluna bilər. Bu mənada Kosa və Keçəl kimi sehrli personajlar qismində mən Elnurla Mahiri görurəm. Qoy, onların möhkəm dostluğu əbədi olsun!

Elhad Nəziri (“İnter” klubunun müdafiəçisi):

- Maraqlı sualdır. Mən kosa qismində komanda yoldaşım Ruslan Əmircanovu görürəm. Novruz bayramının digər atributu sayılan keçəl obrazına isə milli komandamızın və “Qəbələ”nin qapıçısı Kamran Ağayev uyğun gəlir.

Natiq Muxtarlı (“Komanda” qəzetinin redaktoru):

- Adətən başqa xalqların bayram qəhrəmanları şənliklər zamanı sovqat paylayırlar. Məsələn, buna misal olaraq Şaxta babanı göstərəmək olar. Yeni ildə uşaqlar Şaxta babanı səbirsizliklə gözləyirlər ki, onlara sovqat gətirəcək. Amma bizim Novruz "qərəmanları" sovqat paylamırlar, sovqat toplayırlar. Bu baxımdan yanaşsaq, Azərbaycanda dəyərindən artıq məvacib alan bütün futbolçular elə kosa və keçəldirlər. Onlar xalqın vəsaitini layiq olmadıqları halda mənimsəyirlər.

Mahir Şükürov kosa obrazı üçün əvəzsiz personadır. Bu adam bütün klublardan intizamsılğına görə qovulub. Amma çox asanlıqla da yüksək qiymətə digər klubla anlaşıb. Kosalar belə işlərdə - sovqat qoparmaqda pərgar olurlar axı. Mahir Şükürov da bu baxımdan olduqca "istedadlıdır". Kamran Ağayev də keçəl obrazı üçün uyğun gəlir. O da maşallah klubları soyub-talamqda unikal keçəldir. Ancaq mənə görə Azərbaycan futbolunun ən böyük kosası və keçəli futbolçular yox, AFFA-nın baş katibi Elxan Məmmədovla, millinin baş məşqçisi Berti Foqtsdur. Çünki xalqdan alırlar, ortada isə heç nə yoxdur. Berti Foqts da ən bic keçəldir. Gör neçə ildi ki, nəticə verməyə-verməyə ildə 2 milyon dolar aparır Azərbaycanadan. Hələ üstəlik, Alamniyadan 4-5 əlavə keçəl də gətirib, onları da Azərbaycanın hesabına milyonçu edib.

Amil Ağacanov (“Simurq” komandasının qapıçısı):

- Mən dediyiniz obrazlara “Qəbələ” klubunun oyunçularını uyğun sayıram. Belə düşünürəm ki, kosa kimi “Qəbələ”nin qolkiperi Anar Nəzirov daha münasibdir. Keçəl obrazı isə müdafiəçi Ruslan Tağızadənin ifasında daha yaxşı alınar.

Anar Xanlarov (“Rekord.az” saytının redaktoru):

- Kosa və keçəl elə obrazlardır ki, bu obrazı oynayanlar gərək həm şən olsun, həm deyib-gülməyi, insanları əyləndirməyi bacarsın, həm də ən əsası bir tandem təşkil edə bilsinlər. Azərbaycan futbolunda bütün bu keyfiyyətləri özündə cəmləşdirən iki futbolçunun adını çəkə bilərəm: Kamran Ağayev və Ruslan Əmircanov.
Hər ikisinin komik qabliyyəti var, meyxana demək bacarıqlarını göstərməklə də bunu sübut ediblər. Sadəcə, boy fərqinə görə, Kamranı kosa, Ruslanı isə keçəl seçərdim. Ümid edirəm ki, heç biri bu seçimdən inciməz.

Ramal Hüseynov (“Qaradağ Lökbatan” klubunun üzvü):

- Mən kosa kimi milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovu görürəm. Keşəl kimi onunla tandem təşkil edə biləcək biri olaraq isə sabiq futbolçu, son olaraq “Kəpəz”də baş məşqçi kimi çalışmış Azər Məmmədovu qeyd edə bilərəm.

Sənan Şəfizadə (ATV kanalının idman şərhçisi):

- Kosa və keçəl obrazları Novruz bayramının əsas qəhrəmanlarıdır. Hər il martda xalq onları gözləyir və bayramı birgə qeyd edir. Futbolumuzda kosa və keçəl obrazı tapmaq həm asandır, həm çətindir. Asandır ona görə ki, oxşarlar var. Çətindir ona görə ki, kosa və keçəllə müqayisə olunanlar inciyə bilər. Kosa və keçəl mehriban obrazlardır. Onlar bayram payı toplayırlar. Kosa hər il çalışır həmkarı Keçəlin toyunu etsin. Bu, mənə klubdan kluba qaçan futbolçu və onun meneceri duetini xatırladır. Menecerlər futbolçunun oyunundan asılı olmayaraq, onu daha baha qiymətə kluba təqdim edir. Bax hər il yeni komandada oynayan, çıxış etdiyi klubların sayı vurduğu qollardan çox olan futbolçuyla menecer həmin Kosa və Keçəl obrazına bənzəyər. Fərq ondadır ki, futbolçuyla meneceri martda deyil, yay aylarında meydana atılır.

Vüqar Bəybalayev (“Bakı” komandasının üzvü):

- Yəqin ki, adını çəkəcəyim futbolçular məndən inciməz. Hər iki obraza komanda yoldaşlarımı uyğun görürəm. Mənim fikirimcə, kosa rolu Vüqar Mustafayevə, keçəl obrazı isə Elvin Əliyevə yaraşar.

Əli Həyati (“Futbolmedia.az” saytının baş redaktoru):

- Yerli futbolçulardan bir çoxunu bu obrazlara uyğun görmək olar, amma bunlardan ikisini xüsusi qeyd edərdim. Rail Məlikov kosa obrazında daha yaxşı alınar. Keçəl obrazında isə Mahir şükürov. Məncə, bunların tipajı da bu obrazlara daha yaxındır.

Səbuhi Həsənov ( Ukrayna “Zarya” klubunun müdafiəçisi):

- Əvvəlcə, bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. İnşallah, bu il də xalqımız üçün ruzili-bərəkətli olsun. Sulınıza gəlincə, məncə, kosa obrazının ən yaxşı ifaçısı “Bakı” klubunun qapıçısı Aqil Məmmədov olardı. Keçəl olaraq isə onun komanda yoldaşı olan Azərbaycan yığmasının üzvü Cavid Hüseynovun adını çəkə bilərəm.

Səxavət Qurbanov (“İdmanxeber.com” saytının baş redaktoru):

- Məncə, kosa obrazında Vaqif Cavdovun olması daha yaxşı olar. Çünki xarici görnüşü adətən kosaya oxşayır. Sadəcə papağı, xurcunu əskikdir. Keçəl obrazında isə Elvin Əliyevi görürəm. Açığı sadəcə keçəl olması bu seçimi mənə buraxır. Başqa xüsusi bir nüans yoxdur ki, məhz ona görə seçim edim. Ancaq keçəli bəxtsizlik amilinə görə, “Bakı”nın üzvü Şəhriyar Əlyevə də bənzətmək olar.

Elmar Baxşıyev (“Qəbələ”nin yarımmüdafiəçisi):

- Belə düşünürəm ki, kosa rolunun mahir ifaçısı “İnter”in üzvü Ruslan Əmircanov olardı. Keçəl kimi isə komanda yoldaşım Rail Məlikovdan yaxşısını tapmaq olmaz.

Zaur Xudiyev (“Gündəlik teleqraf” qəzetinin əməkdaşı):

- Məlumdur ki, Novruz qədim bayramımızdır. Və bu əziz bayramın bir çox atributları var ki, bunlardan biri də Kosa və Keçəl tandemidir. Kosa və Keçəllə bağlı bir çox maraqlı hərəkətlər, hadisələr yaşanr bayram günündə. Əsas maraqlı olan da bu ikilinin deyişməsidir. Hazırcavablıq üzərində qurulmuş bu deyişmə bir az indiki meyxana janrına oxşayır. Ona görə də, mən bu ikiliyə bizim futbolçularımızdan Kamran Ağayevi və Ruslan Əmircanovu oxşadıram. Xatırlayırsınızsa, onların da maraqlı meyxana deyişməsi olmuşdu bu yaxınlarda. Ancaq kim Kosadı, kim Keçəldi - buna mən qərar verə bilmərəm, özləri aydınlaşdırsınlar.

Elnar Kərimov (klubsuz):

- Fikirimcə, kosa rolunun ən yaxşı ifaçısı “Qarabağ”ın və milli komandamızın üzvü Bədavi Hüseynov ola bilər. Onunla cütlük təşkil edən keçəl obrazına isə “Sumqayıt”ın kapitanı Samir Abbasov uyğun gəlir.

Tural Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti