NATO təlimi görən əsgərlər niyə Talibanın tərəfinə keçir?

      NATO    təlimi görən əsgərlər niyə    Talibanın tərəfinə keçir?
  08 Sentyabr 2021    Oxunub:1580
Son ayların dünya gündəminə çevrilmiş Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Taliban hərəkatının hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsindən sonra bu ölkədə sosial-siyasi böhran daha da dərinləşib.
Azvision.az xəbər verir ki, əfqanlar kütləvi şəkildə xarici ölkələrə qaçmaq istəyirlər, ölkədə yeni və sərt qadağalar tətbiq olunur, idarəetmədə isə xaos hökm sürür. Dünya ölkələrinin böyük əksəriyyəti isə hələlik Talibanı Əfqanıstanın yeni iqtidarı kimi rəsmi qaydada tanımır. Amma hərbi və siyasi ekspertləri düşündürən indiki proseslər deyil, taliblərin müəmmalı və asan şəkildə şəhər və kəndləri zəbt edərək uğurlu əməliyyatlar keçirməsidir. Bu günlərdə Talibana qarşı son dirəniş nöqtəsi kimi ad çıxarmış Pəncşir əyaləti ilə bağlı hadisələr də bir daha məlum sualları gündəmə daşımış oldu.

Pəncşirdəki müqavimət qüvvələrinin taliblərə məğlub olması xəbərindən sonra ingilis ordusunun zabitləri, Taliban silahlılarını əks etdirən yeni fotoşəkilləri təhlil ediblər. Maraqlıdır ki, Taliban tərəfindən döyüşən yaraqlılar arasında keçmiş hökumət qüvvələrinə məxsus əsgərlər də olub. Bu barədə məqalə dərc edən "The Times" yazır ki, Əfqanıstan qoşunları hərbi əməliyyatlarda İngiltərə, ABŞ və NATO ölkələrindən olan təlimatçılardan öyrəndikləri üsullardan istifadə edirlər.

Taliban Pəncşirə yeni qubernator təyin etdi
Adı açıqlanmayan ingilis hərbi təlimatçılardan biri Pəncşir döyüşləri ilə bağlı fotoları analiz edərkən orada Taliban döyüşçülərinin silahlardan istifadə üsullarının məhz Qərb hərb sisteminə uyğun olduğu qənaətinə gəlib. Təkcə bir məqama diqqət çəkən təlimçi qeyd edib ki, döyüşçülərin barmaqlarını silahın qoruyucusuna yaxın tutması, NATO əsgərləri kimi davranması onun peşəkarlardan təlim görməsindən xəbər verir. İngilis hərbçilərin dediyinə görə, Talibanın veteran döyüşçüləri isə öz silahları ilə bu formada davranmırlar.



"Bu səbəbdən də belə ehtimal edilir ki, əfqan əsgərləri üsyançıların Pəncşir əyalətində məğlubiyyətindən sonra Taliban tərəfinə keçiblər",-məqalədə yazılıb.

"Dragonfly" kəşfiyyat təşkilatından olan ingilis hərbi analitik Barbara Kelemen də belə qənaətə gəlib ki, taliblər tərəfindən döyüşənlər məhz bir vaxtlar Qərbin təlim keçdiyi hökumət qüvvələrində xidmət etmiş əsgərlər olublar. O qeyd edib ki, Əfqanıstan silahlı qüvvələrinin bir çox əsgəri müxtəlif səbəblərə görə ordu sıralarını tərk edərək taliblərin tərəfinə keçib. Bu səbəbdən də o Pəncşirlə bağlı ortaya atılmış yeni fərziyyəni tam olaraq qəbul edir. Klemenə görə, peşəkar hərbçiləri bu addıma məcbur edən bir sıra səbəblər olub. Bunların arasında Talibanla keçmiş əlaqələrin mövcudluğu, iqtisadi maraq, şəxsi və ailə təhlükəsizliyinin qorunması amilləri var.

Qeyd edək ki, hələ Pəncşir əməliyyatından əvvəl Taliban Əfqanıstanda hərbi əməliyyatların bitdiyini elan etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Taliban   Pəncşir   Əfqanıstan   NATO  





Xəbər lenti