Nəynən, Paşik?! Ermənistan da dəhliz yaratmaq eşqinə düşüb

  Nəynən, Paşik?!  Ermənistan da dəhliz yaratmaq eşqinə düşüb
  09 Sentyabr 2021    Oxunub:4987
44 günlük müharibədə acı məğlubiyyətdən sonra ölkə daxilində və xaricdən ciddi təzyiqlərlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan, vaxtaşırı, obrazlı desək, əsl Napoleon iddiları ilə çıxış edir. Açığı onun bu qəbildən bəyanatlarını eşidəndə istər-istəməz məşhur “evində yox urvalıq, könlündən keçir darğalıq” məsəli yada düşür.
Ermənistanın baş nazirinin qonşu Gürcüstana səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlərdə böyük-böyük planların həyata keçirilməsi iddiasından dəm vurması buna əyani sübutdur. Parisdə doğulub, boya-başa çatmış Gürcüstan prezidenti Salome Zurabişvili ilə əlüstü görüşdən sonra Nikol Paşinyan əsas işgüzar məsələlər barədə Gürscüstanın baş naziri İrakli Qaribaşvili ilə müzakirələr aparıb. Onların iştirakı ilə keçirilən geniştərkibli görüşdə ənənəvi qaydada Azərbaycanı destruktiv və ermənifob siyasətdə, habelə regionda sülhə və təhlükəsizliyə təhdid sərgiləməkdə suçlandıran Paşinyan Qarabağ münaqişəsinin həllində Gürcüstanın ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə söykənən prinsiplər çərçivəsində tarazlı mövqe tutmasının vacibliyini vurğulayıb.
Paşinyan: “Qarabağ yalnız Azərbaycanın ola bilərdi”

Ermənistanın baş nazirinin bu bəyanatını hansı tərəfə yozsan, istənilən halda onun ya məğlubiyyəti etiraf etməsi, ya da ki, həqiqətdən və məntiqdən necə bixəbər olması reallığı ortaya çıxacaq. Əgər 44 günlük müharibənin ilk günündən indiyədək Gürcüstan Azərbaycanın öz ərazilərini işğaldan azad etmək yönündə atdığı addımlara etiraz etməyibsə, deməli rəsmi Tbilisi Bakının bu siyasətini dəstəkləyir. Minsk Qrupunun həmsədrlərinin təkilflərində də münaqişənin həllinin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulmurdumu? İkincisi, Paşinyan münaqişənin həllindən danışırsa, Gürcüstan da elə sərgilədiyi mövqe ilə münaqişənin bitdiyilə razılaşdığını sübuta yetirmirmi? Yoxsa Paşinyan düşünür ki, separatçılıq alovu nəticəsində təxminən 12,8 min kvadrat kilometr ərazisi üzərində nəzarəti itirmiş Gürcüstan Azərbaycanı erməni separatizmi və Ermənistanın təcavüzkar siyasətilə barışmağa çağırmalı idi? Özü də Abxaziyadakı separatçı qüvvələrin tərkibində vuruşan iki erməni batalyonunun dinc gürcülərin başına hansı müsibətləri gətirdiyini bilə-bilə...


Hazırda bir qədər səngisə də, 90-cı və 2000-ci illərdə Gürcüstanın Cavahetiya bölgəsində tüğyan edən erməni separatizmi əhval-ruhiyyəsi bəlkə çıxıb gürcülərin yadından? Tam əminəm ki, heç də yox! Əgər Tbilisini dəstəkləyən Qərbin barmaq silkələməsi olmasa idi, 2008-ci ilin avqustunda yaşanan 5 günlük Rusiya-Gürcüstan müharibəsindən cuşa gələn Ermənistanın bu bölgəni qamarlamaq planı bəyəm kiməsə sirdirmi? Həm Ermənistanda həm də Rusiyada İrəvanı bu təcavüzə çağıranlar kifyət qədər idi. Bəlkə, bütün erməni fəsadlarının və təcavüzkar siyasətinin müəllifi və havadarı olan Erməni Apostol Kilsəsinin Gürcüstanda yüzlərlə kilsəyə sərt iddialarına rəsmi Tbilisi “bəçeşm” deməlidir?

Bu baxımdan, Ermənistanın baş nazirinin öz gürcüstanlı həmkarı ilə mətbuata birgə açıqlamasında iki dövlət arasındakı münasibətlərdə Gürcüstandakı güclü erməni icmasının mövcudluğunu vacib amil kimi qiymətləndirməsi diqqət çəkən məqamlardan biridir. Xüsusilə də, Gürcüstanda yaşayan ermənilərin bu ölkənin tamhüquqlu vətəndaşları kimi Gürcüstanın inkişafına və sabitliyinə xidmət etməli olduqlarını və Ermənistanın məhz belə yanaşma sərgilədiyini deməsi erməni siyasi həyasızlığının ən bariz nümunəsidir. Yeri gəlmişkən, Gürcüstanda yaşayan erməni icmasının öz identikliyini qoruyub-saxlaması üçün bütün imkanları yaratdığına görə Paşinyan həmkarı İrakli Qaribaşviliyə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Tbilisinin bu siyasəti iki ölkə arasındakı münasibətləri daha effektli, daha perspektivli və daha strateji xarakterli edir. Atalar demişkən, inanan daşa dönsün. Axı, erməni “minnətdarlığı”nın ömrünün necə qısa olduğunu və onun sonradan törətdiyi faciələrin ağrı-acısını biz çox dadmışıq. Özü də yalnız bizmi? Bir Paşinyandan soruşan gərək ki, bəs bu qədər erməniyə Gürcüstan hökuməti dediyin imkanları yaratdığı halda, Ermənistanda nübarlıq üçün bir gürcünü ortaya çıxara bilərsənmi? Cavab yəqin ki, hamıya aydındır.


Amma Paşinyanın Qaribaşvilinin böyür-başına dolanmasının başlıca səbəbi tam başqadır. Necə deyərlər, qara qızın dərdi varmış. Dərd də budur ki, Paşinyan yeni kommunikasiya layihələrinə nəfəs vermək siyasəti apardığını göstərməyə çalışır. Bu kontekstdə, Gürcüstanın baş naziri ilə görüşdə İran Körfəzindən Qara dənizə qədər beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan-İran beştərəfli əməkdaşlığının vacibliyi vurğulanıb. Qeyd edək ki, hələ 2016-cı ildə İranın təşəbbüsü ilə gündəmə gələn bu layihə ətrafında 5 raund danışıqlar aparılsa da, heç bir nəticə də ortaya qoyulmayıb. İlk növbədə ona görə ki, iştirakçıların geosiyasi baxışları və maraqları böyük ziddiyyətlər təşkil edir. Digər tərəfdən, 1920-ci illərdə ABŞ prezidneti Vudro Vilsonun “Böyük Ermənistan” layihəsi ilə bərabər Qara dəniz sahillərinə yiyələnmək iddiaları torpağa gömülmüş Ermənistanın indi belə hiyləgər variantlarla xülyasını reallışdırmağa cəhdlər göstərmək ehtimalı sözügedən ölkələri narahat edir.

Bununla belə, sözügedən layihənin gerçəkləşdirilməsi yönündə əsas problemlərdən biri maliyyə məsələsidir. İştirakçıların sırasında maliyyə kisəsinin ağzını aça biləcək ölkə tapmaq çox çətindir. Ermənistandan isə ümumiyyətlə heç danışmağa dəyməz. Çünki Paşinyanın da, Ermənistanın da buna DÖVT-ü, yəni dövlət təminatı yoxdur. Yaxşı əgər DÖVT-ün yoxdursa, onda nə başını başlara qoşursan? Yox, əgər ənənəvi qaydada Ermənistan mənfəət götürə biləcəyi layihələrin maliyyə yükünün digər ölkələrin boynuna qoyulmasını palnalaşdırırsa, onda başqa məsələ. Belədə, Azərbaycan kimi tərəfdaşla, dilənçi və məkrli Ermənistan arasındakı fərq həmin dövlətlərin rəhbərləri üçün ən sərrast indikator rolunu oynamalıdır.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti