Böyük oyunun detalları: ABŞ-ın məqsədi “sünni İranı” yaratmaqdır – TƏHLİL

 Böyük oyunun detalları:  ABŞ-ın məqsədi “sünni İranı” yaratmaqdır –  TƏHLİL
  13 Sentyabr 2021    Oxunub:5584
Vaxtilə Amerikanın xeyir-duası və Səudiyyə Ərəbistanının maliyyə dəstəyilə Pakistan ərazisində Molla Məhəmməd Ömər adlı din xadiminin yaratdığı “Taliban” hərəkatının ilkin məqsədi Sovet qoşunlarına qarşı vuruşmaq olub. Başqa sözlə, amerikalılar “Taliban”ı sovet qoşunlarını Əfqanıstandan çıxarmaq üçün yaratdılar və öz məqsədlərinə də çatdılar. Bu gün isə “Taliban” Amerikaya qarşı müharibəyə qalxır və dünya hegemonu olan dövləti uzaqlaşdıraraq, Əfqanıstana nəzarəti ələ alır. Dünya mediası bu hadisəni ABŞ-ın Əfqanıstanda məğlubiyyəti, “Taliban”ın “işğalçılar üzərində parlaq qələbəsi” kimi qələmə verir.
Əslində isə “Taliban” yarandığı ilk gündən dediyimiz kimi, Amerikanın layihəsi olub və tarixi tələblərə uyğun olaraq, Vaşinqtonun sifarişlərini yerinə yetirib. SSRİ qoşunlarının Əfqanıstanı tərk etməsindən tutmuş, 1996-2001-ci illərdə hakimiyyətin ələ keçirilərək, qatı şəriət sistemilə dövlət idarəetməsinin qurulması, sonradan 2001-ci ildə yenidən gözdən itmələri və nəhayət, 2021-ci ildə hərbi-siyasi səhnəyə parlaq debütlə atılıb, yenidən hakimiyyəti ələ almaları əvvəlcədən hazırlanmış ssenarinin uğurlu premyerasına çox bənzəyir.

“Taliban” hərəkatı Vaşinqtonun Yaxın Şərqdəki əsas strateji tərəfdaşlarından olan Qətərin paytaxtı Dohada açıq şəkildə fəaliyyət göstərən nümayəndəliyi vasitəsilə Amerika ilə danışıqlar aparırdı. “Taliban”-ABŞ danışıqları 2011-ci ildən başlamışdı və bu danışıqlarda əsas vasitəçi ölkələr Türkiyə ilə Qətər idilər. Danışıqların bilinən əsas nəticəsi odur ki, Vaşinqtonun Əfqanıstandan qoşunlarını çıxarmasının müqabilində “Taliban” ölkə ərazisində İŞID və Əl-Qaidənin fəaliyyət göstərməsinə şərait yaratmayacağına söz verir. Təbii ki, ABŞ-ın qeyd olunan məqsədlər üçün “Taliban”la 10 ildən artıq danışıqlar aparması, 20 ilə yaxın Əfqanıstana trilyon dollardan çox vəsait xərcləməsi gülünc səslənir. Əslində 10 il ərzində Yaxın Şərq regionunda tətbiq olunacaq yeni geosiyasi planın konturları cızılır və əsas oyunçular müəyyən edilirdi. “Taliban” isə bu geosiyasi lövhədə fiqurlardan biri olacaqdı.

Yaxın Şərqin iki sünni dövləti, İranın başçılıq etdiyi “şiə oxu”na qarşı birgə müttəfiqliyə imza atmış Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər 2014-cü ildən pisləşməyə başladı. Ər-Riyad Dohanı özünə təhlükə hesab etdiyi təşkilatları dəstəkləməkdə günahlandırırdı. Söhbətin hansı təşkilatlardan getdiyi məlum deyildi və yalnız ehtimallar irəli sürülürdü. Nəhayət, bu konfrantasiya 2017-ci ildə Ər-Riyadla Dohanın diplomatik münasibətlərin pozulmasıyla nəticələndi. Halbuki, bu iki ölkə 2014-cü ildəki “Ərəb baharı”ndan sonra Yəməndə sünni hakimiyyəti qurmaq üçün İranın dəstəklədiyi qüvvələrə qarşı birgə mübarizə aparırdılar. Qətər Səudiyyə Ərəbistanının İrana qarşı qurduğu sünni ittifaqının ən fəal üzvü hesab olunurdu. Qətərlə Səudiyyə Ərəbistanının diplomatik münasibətlərinın qırılmasından ruhlanan “sünni ittifaqı”nın BƏƏ, Bəhreyn və Misir kimi digər üzvləri də bu ölkədən üz döndərdilər.

Ancaq bu məqamda gözlənilməz bir hadisə baş verdi. Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi qayğı ilə yanaşan Ərdoğan nədənsə kiçicik Qətər dövlətini dəstəkləmək qərarına gəldi və bununla da, “sünni ittifaqı” Ankaraya düşmən kəsildi.

Həmin dövrə bugünki reallıqların fonunda baxanda aydın olur ki, Səudiyyə Ərəbistanının Qətərlə düşmənçiliyi Amerikanın Əfqanıstanı qatmaqla uzadılmış Yaxın Şərq platformasında ona yer verilməməsinə etirazının təzahürü idi. ABŞ regionda Türkiyə, Pakistan və Qətərin tərəftdaşlığı ilə yeni ittifaq yaratdı və Əfqanıstan bura daxil edildi. Eyni zamanda, Azərbaycanın Türkiyə-Pakistan ittifaqına qoşulmasını ABŞ-ın böyük geosiyasi planının tərkib hissəsi hesab etmək olar.

Amerikanın bu ittifaq üçün Səudiyyə Ərəbistanından imtina etməsi də başadüşüləndir. Vaşinqton Ər-Riyadın başçılıq etdiyi koalisiyanın güclənməsindən ehtiyat edərək, regionda balansı qorumaq üçün onunla rəqabətə girə biləcək ikinci bir sünni koalisiyası qurmağa məcbur idi.


2011-ci ildən bu yana keçən on il ərzində Türkiyə və Qətər tərəfindən Əfqanıstanın müxtəlif ranqlarda olan bürökratik aparatı və təhlükəsizlik qüvvələrinə təlimlər keçirilir, faktik olaraq idarəçi korpusu formalaşdırılırdı. “Taliban”ın hakimiyyəti ələ keçirdikdən sonra məmur ordusu və təhlükəsizlik qüvvələrinə toxunmayacağını bildirməsi bu anlamda təsadüfi sayıla bilməz. ABŞ faktik olaraq 20 il ərzində qurulmuş idarətetmə mexanizmini hazır vəziyyətdə “Taliban”a təhvil verdi. Lakin bu, mexanizmin əsl sahibinin “Taliban” olduğu anlamına gəlmir, əsas idarəetmə pultunun Amerikanın əlində olunduğunu əminliklə söyləmək olar.

“Taliban” hərəkatının üzvlərinin islah olunması və qoyulmuş cizgilərdən çıxmaması ilə bağlı ciddi işin aparıldığını da demək olar. Hərəkatın lideri, Molla Ömərin 2011-ci ildə, yəni Qətərdə Talibanın ofisinin açılmasından sonra naməlum şəraitdə qətlə yetirilməsi, onun ardınca hərəkatın lideri seçilən Axtar Məhəmməd Mənsurun Pakinstanda Amerika PUA-sı tərəfindən vurulması da təsadüf deyildi. ABŞ nəyə görə ölkəni təhvil vermək üçün danışıqlar apardığı təşkilatın liderini vursun ki? Bəlkə ona görə ki, şərtlərilə razılaşmırdı?

“Taliban” rəhbərlərinin bəyanatlarını, ABŞ və tərəfdaşlarının siyasi gedişlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Əfqanıstanda İran modelli nisbi demokratik hüquqların mövcud olduğu teokratik təmayüllü idarəetmə sistemi qurulacaq. İranda olduğu kimi, “Taliban”ın hazırki lideri Xeybətulla Axundzadə Ali dini Lider tipli ömürlük vəzifə tutacaq, hərəkatın nüfuzlu üzvlərindən ibarət məşvərət şurası qurulacaq. İrandan əsas fərq isə ondan ibarət olacaq ki, Əfqanıstan sünni dövləti olacaq. Beləliklə regionda iki qarşı duran sunni-şiə dini dövləti olacaq.

Əfqanıstan kənardan xaos dövlət təsiri bağışlasa da, əslində idarəolunan xaos dövləti olacaq və bu xaos öz sərhəddində yerləşən Rusiya, Çin və İran kimi dövlətlər üçün hələ uzun illər ciddi başağrı mənbəyinə çevriləcək.

Tofiq Vahid
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti