Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"a qarşı

 Azərbaycan Premyer Liqası:  "Neftçi" "Qarabağ"a qarşı
  12 Sentyabr 2021    Oxunub:1269
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.
Azvision.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 6 xalla turnir cədvəlinə başçılıq edir. "Dənizçilər" isə 3 xalla 5-cidir. Komandalar indiyədək ölkə çempionatında 14 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 5-də meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanıblar. 2 görüş heç-heçə yekunlaşıb. Topların fərqi də qonaqların xeyrinədir - 15:12. “Sumqayıt” son 2 görüşdə quru hesabla qələbə qazanıb. “Səbail” isə son 3 ev matçında qol buraxıb.

Turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutacaq. Son çempion "Neftçi" ötən mövsümün gümüş mükafatçısı "Qarabağ"ı qəbul edəcək. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 20:30-da başlayacaq. Hazırda eyni - 4 xala malik iki kollektiv 2 - 4-ci yerləri bölüşdürür. Ağdam klubu yalnız top fərqinə görə rəqibini qabaqlayır. Bu oyun komandalar arasında Premyer Liqada 84-cü derbi kimi tarixə düşəcək. Əvvəlki 83 qarşılaşmada "köhlən atlar"ın aşkar üstünlüyü var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 30 oyunda qələbə qazanıbsa, "ağ-qaralar" 23 görüşdə rəqibini məğlub edib. 30 oyunda isə qalib müəyyənləşməyib. Qonaqların vurduğu 92 qola meydan sahibləri 76 qolla cavab veriblər. “Neftçi” son 6 oyunda yalnız 1 dəfə uduzub. “Qarabağ” rəqib meydanındakı son 4 matçdan üçündə xal qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlarda "Qəbələ" "Sabah"a, "Zirə" isə "Keşlə"yə qalib gəlib.

Azərbaycan Premyer Liqası
III tur

12 sentyabr

18:00. “Səbail” – “Sumqayıt”


Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”.

20:30. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bakcell Arena”.

Azvision.az


Teqlər:





Xəbər lenti