"43 hərbçimiz Şuşada mühasirəyə salınaraq öldürülüb" - Erməni mediası

 "43 hərbçimiz Şuşada mühasirəyə salınaraq öldürülüb" -   Erməni mediası
  13 Sentyabr 2021    Oxunub:1659
İkinci Qarabağ müharibəsindən 10 ay keçməsinə baxmayaraq, Azərbaycan Ordusunun Şuşada keçirdiyi xüsusi əməliyyatlar hələ də gündəmdədir. Ermənistanda isə bir sıra siyasi qüvvələr işğalçı orduya ağır zərbə vuran Şuşa əməliyyatının əhəmiyyətini azaltmaq üçün müəyyən cəhdlər edir, mətbuatda şayiələr yayaraq, guya şəhərin döyüşsüz alınmasına dair fikirlər səsləndirirlər.
Maraqlısı isə budur ki, erməni mediası tez-tez Şuşada məhv edilmiş hərbçilər haqqında məqalələr dərc edərək, siyasətçilərinin fikirlərini ifşa edir.

Buna misal olaraq bu gün Şuşada öldürülən döyüşçülərdən biri haqqında gedən məqaləni göstərmək olar.

"Edqar Qasparyan polisdə işləyirdi və komandir olub. Onun bölüyü bir ay Kəlbəcərdə qaldıqdan sonra noyabrın 4-də Şuşaya aparılıb. Noyabrın 7-də səhər evə zəng vuraraq yaralı olduğunu söyləyib", - bunu Edqarın məzarını ziyarət edən əmisi oğlu Hasim Xaçatryan deyib.

Ermənistanda 4 aydır itkin düşən əsgəri tapa bilmirlər
Şuşada meyidi tapılan erməni döyüşçü haqqında məqalədə qeyd edilir ki, əslində şəhər uğrunda gərgin döyüşlər gedib və azərbaycanlılar xeyli sayda hərbçini mühasirəyə salıblarmış:

"O, evə zəng edərək deyib ki, "mən də digərləri kimi qayıtmayacağam, yaralıyam. Mühasirədə qalmışıq və artıq səsimi eşitməyəcəksiniz". Onun əsgər yoldaşlarından bəziləri sağ qalıb. Onlar deyirlər ki, Edqar əvvəl qolundan, sonra başından yaralanıb. Edqarla birgə olan 43 hərbçinin hamısı Şuşada öldü", - məqalədə yazılıb.

Yazıdan da göründüyü kimi, hərbçilərimizin Şuşa uğrunda apardığı döyüşlər kifayət qədər uğurlu olub və əsgərlərimiz şəhərə nəinki gözlənilməz istiqamətdən daxil olublar, həm də onu mühasirəyə alaraq, 43 düşməni də məhv ediblər.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Şuşa   Müharibə  





Xəbər lenti