"Bütün dünyanın gözü bu təlimdədir" - Türkiyəli ekspert (Eksklüziv)

 "Bütün dünyanın gözü bu təlimdədir" -  Türkiyəli ekspert (Eksklüziv)
  13 Sentyabr 2021    Oxunub:2426
Hazırda ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilir. Bütün dünyanın gözü bu təlimdədir. Təlim hərbi əməkdaşlığın, qarşılıqlı biliklərin artırılması ilə yanaşı, həm də dünyaya verilən bir mesajdır.
"Türkiyə, Azərbaycan və Pakistanın əməkdaşlığı yeni bir şey deyil. Yaxın keçmişdə, Qarabağ savaşından öncə və sonra ortaq iradə özünü daha çox göstərməyə başladı. Hazırda daha sürətli inkişaf müşahidə edirik. Təntənəli açılış mərasiminə baxarkən son dərəcədə əhatəli və bir o qədər də inamlı mesaj verildiyini görürük". Bunu Azvision.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdulla Ağar deyib. O, qeyd edib ki, bu əməkdaşlıq yüksək nəticələr verəcək:

- Bu əslində Asiya coğrafiyasında geosiyasi əməkdaşlıqdır. Tam istənilən səviyyədə olduğunu demək olarmı? Təbii ki, yox, amma olmasının arzulandığına dair bir iradə var ortalıqda. Türkiyə və Azərbaycan arasındakı strateji işbirliyinin nəticələri və uğurlarını hər kəs gördü, Pakistan da bu əməkdaşlığın içində olmağı arzuladı. Dövlətlərin və güc ünsürlərinin bir-birinə inteqrasiyası, uyğunluğu, koordinasiyası kimi bir çox məsələlər o qədər sadə bir şey deyil. Digər tərəfdən, üç dövlətdən əlavə, bu kimi işbirliyi səyləri bütövlükdə türk çoğrafiyasında da müşahidə olunur. Təbii ki, bunu zaman göstərəcək. Onu da qeyd edək ki, bu əməkdaşlığı istəməyən qüvvələr və dairələr var. Bu qardaşlıq və işbirliyi xaric güclərin manipulyasiyasının, provokasiyasının hədəfinə çevrilməyimizə də əsas verə bilər. Biz bununla da mübarizə aparmalıyıq. Türkiyə, Azərbaycan və Pakistanın qardaşlıq iradəsini ortaya qoyması nəticə etibarilə olduqca önəmli, anlamlı və dəyərlidir. Ancaq bunun həyata keçirilməsi və nəticə əldə olunması daha önəmlidir.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Hərbi-təlimlər   Türkiyə   Pakistan   Azərbaycan  





Xəbər lenti