Rusiya iki “T” arasında: Tacik-Talib münasibətləri ciddi diqqət tələb edir – TƏHLİL

  Rusiya iki “T” arasında:  Tacik-Talib münasibətləri ciddi diqqət tələb edir –  TƏHLİL
  15 Sentyabr 2021    Oxunub:3571
Endryu Koribko* (Andrew Korybko)
Xüsusi olaraq Azvision.az üçün
(Yazını ingilis dilində buradan oxuya bilərsiniz)

Ötən ay Talibanın Əfqanıstanı ildırım sürətilə ələ keçirməsi Mərkəzi və Cənubi Asiyanın kəsişməsindəki geostrateji vəziyyəti kökündən dəyişdirdi. Taliban Rusiya və bir çox başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınır. Buna baxmayaraq, Kreml sülh və təhlükəsizlik maraqlarını üstün tutaraq, Talibana qarşı praqmatik mövqe nümayiş etdirir. Əslində, Rusiya Əfqanıstanla diplomatik əlaqələrini hələ də davam etdirən ölkələr sırasındadır, bu da onun Əfqanıstanda müəyyən dərəcədə təsirini saxlamaq niyyətindən xəbər verir.
Çox güman ki, Moskva zamanla regional sabitliyin təminatına kömək məqsədilə təsir gücünü artırmağa çalışacaq. Lakin qonşu Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə müttəfiqi olduğu rus tərəfdaşlarından tamamilə fərqli bir yanaşma nümayiş etdirir. Prezident Rahmon Tacikistanın Müstəqillik Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı beynəlxalq ictimaiyyəti tənqid edərək, Əfqanıstanda insan haqlarına və ümümən ölkədəki vəziyyətə biganəlikdə qınamışdı. Bundan başqa, ölkənin Üləmalar Şurası Talibanın fəliyyətinin İslam əleyhinə olduğunu bəyan etdi ki, bu da Əfqanıstanın regional tərəfdaşları arasında Talibana qarşı ən sərt mövqe hesab edilə bilər.

Aralarında hərbi tərəfdaşlıq müqaviləsi olmasına baxmayaraq, Rusiya ilə Tacikistanın Talibana münasibətdə mövqelərindəki ziddiyyət onların Əfqanıstan münaqişəsindəki fərqli maraqları ilə izah olunur. Bu, həm də onu göstərir ki, Moskva bəzi ekspertlərin iddia etdikləri kimi, heç də Düşənbəni idarə etmir. Həm Rusiya, həm də Tacikistan Əfqanıstanda terrorun yayılmasına qarşıdır. Onların birgə hərbi təlimləri və Rusiyanın Tacikistanın Silahlı Qüvvələrinə göstərdiyi dəstək də elə bu mövqedən irəli gəlir.

Onlar həmçinin, başqa ölkələrdən “qaçqın” adı alıtında sızan terrorçular da daxil olmaqla, Orta Asiyada sabitliyi pozacaq regional miqrant böhranın yaranacağından narahatdırlar. Prinsipcə bu məsələdə onları fərqləndirən cəhətləri Talibana siyasi yanaşmalarıdır. Rusiya Talibanı tanımır (rəsmi Moskva hələ də talibləri terrorçu hesab edir), buna baxmayaraq, qınamır da. Bir müddət əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov qadağan edilmiş digər bir terrorçu qrupa - İŞİD-ə qarşı döyüşdüyünə görə Talibanı təqdir etmişdi.


Bu arada Tacikistanı iki əsas amil narahat edir. Birincisi, Əfqanıstanda əhalinin ikinci ən böyük qrupunu təmsil edən taciklər tarixən sayca onlardan üstün olan və əksəriyyəti puştunlardan ibarət Taliban tərəfindən idarə edilməyə qarşı çıxıblar. İkincisi, Əfqanıstan tacikləri, xüsusən Talibanın daxilində olan taciklər puştunlarla müqayisədə daha sekulyardırlar və Talibanın yürütdüyü sərt şəriət qaydaları altında yaşamaq istəmirlər. Bəli, bəzi taciklərin Talibana qoşulmasına və hətta qrupun daxilində liderlik səviyyəsinə yüksəlmələrinə baxmayaraq, bu, belədir.

Tacikistan özü sekulyar bir dövlətdir, buna görə də, sərt şəriət qaydalarını zorla tətbiq etməyə çalışan qonşusu ilə ideoloji problemlərinin olması təbiidir. Ən başlıcası, bu problem ölkədə orta sinfə mənsub tacikləri də narahat edir. Onlar düşünürlər ki, dövlətləri təzyiq altındadır və ondan Talibana münasibətdə “yumşaq” mövqe nümayiş etdirməmək tələb olunur.

Məsələyə bir az da aydınlıq gətirmək üçün qeyd edək ki, Tacikistanda yaşayan taciklər təbii olaraq, özlərini Əfqanıstanda yaşayan soydaşlarına yaxın hiss edirlər və onların vəziyyətindən narahatdırlar. Onlar öz qan qardaşlarının, keçmişdə də olduğu kimi, mənafeləri naminə öz qaydalarını, fikirlərini zorla başqalarına tətbiq etməyə alışmış fərqli bir etnik qrupun hegemonluğu altında qorxu içərisində yaşamasını istəmirlər. Bu səbəbdən, Düşənbə belə əsaslı narahatlıqlar qarşısında səssiz qala bilməz, bununla yanaşı, anti-taliban qruplara hərbi dəstək vermək kimi addımlar ataraq, vəziyyəti pisləşdirə biləcək hərəkət etməməlidir. Əks halda, Düşənbə elə çıxılmaz vəziyyətə düşər ki, onu bu dilemmadan yalnız Moskva xilas edə bilər.

Ancaq bu missiya hətta Kremlin dünya səviyyəli diplomatları üçün belə çox çətin olacaq. Talibanla Tacikistan arasındakı gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq üçün Rusiya öz maraqlarını balanslaşdırmalıdır. Moskva Talibanın əsasən puştunlardan ibarət və taciklərin demək olar ki, təmsil olunmadığı hazırkı dövlətini dəstəkləyə bilməz. Əks halda, Tacikistan tarixi müttəfiqi Rusiyanı onun maraqlarını gözardı etməkdə günahlandıra bilər.


Digər tərəfdən, Rusiya Talibanı sərt tənqid də edə bilməz, əks halda, qruplaşma üzərində çətinliklə qazandığı təsir gücünü itirər. Halbuki, bu təsir gücü ona Talibanın fəaliyyətini dolayı yolla tənzimləməklə regional sülhə və təhlükəsizliyə töhfə verə bilmək imkanı yaradır. Ən yaxşısı Kremlin elə hazırda tətbiq etdiyi yanaşmadır. Rusiya tacik müttəfiqinin sərhəd təhlükəsizliyi və qaçqınlarla bağlı narahatlıqlarını əyani şəkildə dəstəkləməklə bərabər, Talibana qarşı balanslı siyasət yürüdür; taliblər Əfqanıstanın de-fakto liderinə çevriləndən sonra onu nə dəstəkləyir, nə də qınayır.

Rus-Taliban-Tacik balansı hazırda dünyanın ən hiyləgər geosiyasi tarazlığıdır. Bu üçlüyün istənilən birinin səhv hərəkəti aralarındakı strateji vəziyyəti xeyli pisləşdirə bilər. Talibanın xüsusi regional genişlənmə planı olmasa da, özünün cəmiyyət haqqındakı ideoloji baxışlarını başqalarına tətbiq etməyə çalışır. Talibanla taciklər arasında hər hansı ciddi qarşıdurma Tacikistandakı etnik qrupları könüllü olaraq Talibana qarşı mübarizəyə təhrik edəcək. Ən yaxşı halda, sözügedən qruplar hökumətdən Talibana qarşı sərt tədbirlər görməsini istəyəcəklər. Düşənbə artan qaçqın böhranı, dünyəvi hökumətin islamçı qruplaşmaya qarşı ideoloji etirazı və Əfqanıstandakı soydaşlarına dəstək vermək ehtirası ilə ayağa qalxan xalqı nəzarətdə saxlamaq ehtiyacı səbəbindən hərtərəfli təzyiq altındadır.

Sadaladığımız amillərdən üçüncüsü Tacikistanın sabitliyi üçün ciddi təhdiddir, çünki bu, vətəndaşlarının əksəriyyətinin təbii reaksiyası olmaqla, ciddi neqativ fəsadlar doğurma riski yüksəkdir, odur ki, asanlıqla idarə edilə bilməz. Bu səbəbdən, Tacikistan hökuməti həm milliyətçi hisslərin daha da alovlanmasının qarşısını almaq, həm də Əfqanıstan sərhədi boyunca təhlükəsizliyi qoruyub, saxlamaq üçün atdığı hər addımda son dərəcə diqqətli olmalıdır.


Vəziyyəti təhlil edərkən belə nəticəyə gəlmək olar ki, Taliban-Tacik əlaqələrini gücü çatan qədər və məsuliyyətlə idarə etmək Rusiyanın üzərinə düşür. Rusiyanın hər iki tərəf üzərində təsiri məhduddur, lakin diplomatları tərəflərlə ayrı-ayrılıqda əlaqələr yaradaraq, onları biri-birilərini anlamağa təşviq edə bilərlər. Dinc taciklər mövqelərini müdafiə etmək üçün Talibana qarşı çıxarlarsa da, Taliban onlara təzyiq göstərməməlidir. Tacikistan isə, Əfqanıstan məsələsinə hər hansı müdaxilə əvəzinə, ölkədə artan millətçilik ehtiraslarını nəzarət altına almalı və Rusiya ilə birgə sərhəd təhlükəsizliyini təmin etməklə kifayətlənməlidir.

Ən yaxşı ssenari bu olardı ki, Rusiya Talibanla Tacikistan arasında “soyuq sülh” adlandıra biləcəyimiz vəziyyətə nail olsun. Bu zaman onlar aralarında münasibətlərin olmamasına baxmayaraq, bir-birinin maraqarına xələl gətirəcək heç bir addım atmırlar. Rusiya ilə tərəfdaşlıqları amili ehtiyac yarananda münasibətlərinin tənzimlənməsinə və qarşılıqlı hörmətin güclənməsinə səbəb ola bilər.
Ən pis ssenari isə odur ki, Moskva onların arasındakı gərginliyi idarə edə bilməsin və tərəflərdən hər hansı biri bütün regionda zəncirvari qeyri-sabitlik reaksiyasına səbəb olacaq addımlar atsın. Ümid edirəm ki, bütün hallarda bu, baş verməyəcək və Kreml Rusiya-Taliban-Tacik üçbucağında yaşananları nəzarətdə saxlaya biləcək.


* Endryu Koribko - ABŞ ilə Avrasiya ölkələrinin münasibətlərini araşdıran siyasi ekspertdir. O, həmçinin Çinin “Bir kəmər, bir yol” layihəsi və Hibrid Müharibələr üzrə mütəxəssis yazıları ilə tanınır.
Tərcümə: Səbinə Həsənova


Teqlər: Taliban   Tacikistan  





Xəbər lenti