44 günün salnaməsi: Vətən müharibəsi anbaan bir kitabda

Kitabda qeyd olunur ki, Azərbaycanın qazandığı tarixi zəfər “Dəmir yumruq” kimi birləşmiş bütün Azərbaycanın qələbəsidir, lakin burada başqa bir mübahisəsiz faktor da var – Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev faktoru: “...Müharibə dövrünün ən ağır yükü Azərbaycan əsgəri ilə bərabər həm də Prezidentin çiyinlərində idi – “Dəmir yumruq” sahibi olan Ali Baş Komandan “dəmir məntiqi” ilə də döyüşürdü. O, böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi – diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşının ən ön cərgəsində... Nəinki təkcə müharibənin gedişinə dair, həmçinin Qarabağ münaqişəsinin 30 illik tarixinə dair elə bir detal, hadisə, ideya, məqam yox idi ki, Prezident 44 gün ərzindəki çıxış, müraciət, görüş və müsahibələrində ona toxunmamış olsun, ona münasibət bildirməmiş, onu aydınlaşdırmamış olsun. Xalqın və dünyanın gözü-qulağı 44 gün ərzində yalnız onda idi. Hamı onun nə deyəcəyini gözləyirdi. Müharibənin hər anı, hər detalı Prezidentin çıxış və müsahibələrində rəsmiləşib salnamələşirdi”.
44 günlük savaşın bütün tarixi ən düzgün və obyektiv şəkildə məhz həmin çıxışlarda əks olunub. Bu çıxışlar Vətən müharibəsinin müfəssəl tarixidir, bir növ Vətən müharibəsi ensiklopediyasıdır, 44 günün salnaməsidir. Jurnalist Famil Cəfərli tərəfindən tərtib olunan 644 səhifəlik bu kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı məxəz rolunu oynayacaq.