Yaşı 18-dən az olan 125 nəfərin ürəyi əməliyyat olunub

   Yaşı 18-dən az olan 125 nəfərin ürəyi əməliyyat olunub
  16 Sentyabr 2021    Oxunub:1010
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində 58 şəhər və rayonda 388 min 969 vətəndaşa 1 milyon 477 min 981 tibbi xidmət göstərilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Azvision.az -a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 636 min 930 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 299 min 760-ı ambulator, 178 min 221-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin avqust ayı üzrə həmin regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (475) və Şirvan (211) şəhərləri, Yevlax (197), Ağdaş (194), Qəbələ (192), Göygöl (186), Beyləqan (181), Qax (169), Xaçmaz (165) və Ucar (163) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (135 min 71), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (110 min 851), Yevlax (74 min 776), Xaçmaz (74 min 735), Quba (54 min 458), Şəki (54 min 240), Ağdaş (53 min 416), Bərdə (42 min 163), Göyçay (37 min 689) və Qusar (37 min 534 ) rayon mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Bərdə, Ağdaş, İsmayıllı və Göyçay rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş, Quba, Xaçmaz, Qusar, Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Salyan rayon mərkəzi xəstəxanaları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin avqust ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq belədir: Bərdə-Yevlax TƏB (319 min 426), Şəki-Zaqatala TƏB (208 min 396), Quba-Xaçmaz TƏB (208 min 265), Gəncə TƏB (174 min 234), Şəmkir-Tovuz TƏB (106 min 143), Göyçay-Kürdəmir TƏB (105 min 249), Dağlıq Şirvan TƏB (101 min 26), Ağdam-Ağcabədi TƏB (98 min 174), İmişli-Sabirabad TƏB (59 min 752), Lənkəran TƏB (57 min 191) və Cəlilabad-Salyan TƏB (40 min 125).

2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Məlumata əsasən, bütün ölkə üzrə avqust ayı ərzində 594 min 898 nəfərə 959 min 227 müraciət üzrə 2 milyon 165 min 265 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 797 min 382-si ambulator, 367 min 883-ü isə stasionar şəraitdə göstərilib.

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 15 min 238 göndəriş verilib. Bu göndərişlərin 6118-i invaziv radiologiya, 2499-u radiologiya, 1999-u oftalmologiya, 1361-i urologiya, 1222-si ürək-damar cərrahiyyəsi, 705-i neyrocərrahiyyə, 231-i travmatologiya, 201-i kardiologiya, 15-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 887 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 14 min 239-u (93 faiz) planlı, 999-u (7 faiz) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 9 min 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 297 nəfərini uşaqlar təşkil edib. 18 yaşdan yuxarı 3712 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 125 nəfər 18 yaşdan aşağı olanlardır. Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 milyon 812 min 918 nəfər tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 milyon 207 min 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 10 milyon 734 min 244-ü (81 faiz) 18 yaşdan yuxarı, 2 milyon 473 min 312-si (19 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Azvision.az



Teqlər: Əməliyyat  





Xəbər lenti