ABŞ-ın "Taliban"a ötürdüyü cəbbəxana: Bu silahlar kimə qarşı işlədiləcək?

 ABŞ-ın "Taliban"a ötürdüyü cəbbəxana:  Bu silahlar kimə qarşı işlədiləcək?
  29 Sentyabr 2021    Oxunub:5413
ABŞ Ordusu Əfqanıstanı tərk edəndən sonra ortada bir neçə böyük sual qalıb. Onlardan biri Amerika əsgərinin həmin ölkədə qoyduğu silahlarla bağlıdır. Aydındır ki, ABŞ kimi nəhəng logistika imkanlarına malik dövlət istəsə, Əfqanıstandakı arsenalını qısa müddətdə çıxara bilərdi. Böyük ehtimalla, bunu bilərəkdən etməyib. Niyə?
İstər-istəməz yada Çexovun tamaşanın əvvəlində divarda asılan tüfəng haqqında dediyi məşhur sözlər düşür. Bəlli olduğu kimi, həmin tüfəng növbəti səhnələrdə atəş açmalıdır. Bəs amerikalıların Əfqan dramında divardan asdıqları "tüfəng" tamaşanın hansı səhnəsi üçün nəzərdə tutulub? Onlar nə vaxt və ən əsası, kimə atəş açacaqlar?

Əvvəlcə tüfəngin özü barədə. Hələ avqust ayının sonlarında "Reuters" Pentaqondakı mənbələrə istinadən belə bir məlumat yaymışdı ki, yaraqlıların əlinə məşhur "Blackhawk"- çoxməqsədli "UH -60" helikopterləri də daxil olmaqla onlarla hərbi hava nəqliyyatı, iki mindən çox quru texnikası keçib. Taliban həmçinin bir neçə güclü hücum vertolyotuna və "ScanEagle" pilotsuz təyyarələrinə yiyələnib.


Əlbəttə, Qərb mediası amerikalıların atıb qaçdıqları silahların sayını dəqiqliklə hesablaya bilməz. Bunu yalnız hərbi kəşfiyyat və elə ABŞ rəsmilərinin özləri bilirlər. Amma hazırda əsas sual kəmiyyətlə bağlı deyil. Əgər ABŞ ordusu "imperiyalar qəbirsanlığı" adını alan Əfqanıstanda yüngül silahlarını qoyub çıxsaydı, bu, elə də təəccüb doğurmaz və ciddi suallar yaratmazdı. Amma bu qədər hərbi maşınlar, zirehli texnika, "33 Mİ-17" və "Blackhawk" helikopterləri və infoqrafikada gördüyünüz digər vasitələr məqsədin başqa olduğunu düşünməyə əsas verir. Əsas sual budur: Əgər hesab etsək ki, bu silahlar növbəti mərhələdə tətbiq olunmaq üçündür, onda, belə bir cəbbəxana necə, hansı tipdə müharibənin aparılmasına hesablanıb və həmin müharibə kimə qarşı yönələ bilər?

Hərbi ekspert Ruslan İmanquliyev deyir ki, risk analizində həmişə ehtimallar olur. Yəni Əfqanıstanda yeni müharibə ocağının alovlanacağı istisna deyir: "Təbii ki, böyük dövlətlər həmişə oxşar addımlar atırlar; müəyyən ərazidə bu cür əmlakın buraxılması boşuna deyil. Amerikalıların Əfqanıstandan çıxış şərtlərinə də nəzər salmaq lazımdır. ABŞ hansı şəraitdə və mühitdə o bölgəni tərk etdi? Bu çıxış təcili idimi? Yaxud, ərazidə buraxılmış avadanlıq və silah-sursatlara baxmaq lazımdır ki, onlar hansı mərhələdə, hansı səviyyədə və ən əsası, kimlərə qarşı istifadə edilə bilər. Arsenalın tərkibini incələmək gərəkdir".


Sosial şəbəkədə taliblərin Kabildə Amerika hərbçilərinə məxsus "M4" avtomatı və "M24" snayper tüfəngilə gəzdiklərini göstərən şəkillər yayılmışdı. Onların çoxu hətta NATO orudusunda istifadə olunan zirehli geyim və gecəgörmə cihazları ilə təchiz olunmuşdu. Yeri gəlmişkən, ABŞ bu ölkədə 16,035 gecəgörmə cihazı qoyub çıxıb. 162,043 radiocihazın da Taliblərin əlinə keçdiyi bildirilir. ABŞ ordusunda istifadə edilən 358,530 avtomat da taliblər üçün saxlanılıb.

2002-2017-ci illər arasında ABŞ Əfqanıstan hökumət qüvvələrinin silahlanması üçün də xeyli müasir silahlar göndərib. Bu müddət ərzində həmin məqsədlə təxminən 28 milyard dollar ayrılmışdı. Kabilə gecəgörmə cihazları, müasir raketlər, avtomatlar və bir neçə yüz döyüş təyyarəsi göndərilib. Lakin indi bunlar hərbi qənimətlər formasında "Taliban"ın əlinə keçib. Hökumət qüvvələri "Taliban"a demək olar, müqavimət göstərmədiklərindən, bütün texnikalar saz vəziyyətdə qalıb.

Hərbi ekspert Ruslan İmanquliyev istisna etmir ki, hazırda ortaya çıxanlardan başqa, bəlli olmayan real siyahılar da var: "Bir var üzdə olan silah-sursat, avadanlıqlar, bir də var, bizim bilmədiyimiz, görmədiklərimiz. Ümumilikdə bu ölkədəki durumu dərindən analiz etmək lazımdır. Son proseslər diqqətlə izlənilməlidir. Əfqanıstanın yeni rəhbərliyinin İranla davranışları, Türkiyəyə yönələn mesajlar, region ölkələri ilə əlaqələri bəllidir. Hazırda Rusiyanın da, Çinin də, Pakistanın da bu bölgə ilə bağlı xüsusi bir gözləntiləri var".


Ehtimallardan biri odur ki, bu cəbbəxana regionda Rusiya üçün yeni başağrısı yaratmaq üçün qalıb. Silahların təyinatına və çeşidlərinə baxanda belə qənaətə gəlmək olar ki, yaxın gələcəkdə Əfqanıstan sərhədlərində yeni hərbi əməliyyatların başlayacağı istisna deyil. Belə cəbbəxanalar və müasir silahlarla isə nəinki gündüz, hətta gecələr də aktiv müharibələr reallaşdırıla bilər. Vaşinqton indi elə bir şərait yaradıb ki, taliblər asanlıqla ölkənin şimal sərhədlərində "qaynar nöqtə"lər formalaşdıra bilsinlər. 90 və 2000-ci illərin əvvəllərindən fərqli olaraq, müasir silahlarla güclənmiş taliblər hər an ABŞ-ın peşkəş etdiyi texnikalar və raketlərin köməyilə birbaşa Rusiyanın müttəfiqlərinin sərhədlərinə doğru irəliləyə bilərlər.

Rusiyalı ekspertlər də belə düşünürlər ki, ABŞ yaxın müddətdə Tacikistan, Özbəkistan və Türkmənistana doğru hərəkət edəcək yaxşı təlim keçmiş təhlükəli ordunun yaranmasına dolayı dəstək verib. Burada İran amili də var. Təsadüfi deyil ki, son illər İranın ABŞ və müttəfiqləri ilə olan münasibətlərində gərginlik pik həddə çatıb. Düzdür, "Taliban" daha böyük dövlətlərlə qarşıdurmaya müstəqil şəkildə hazırlaşa bilməz. Ancaq onlar yaxın illərdə Mərkəzi Asiya ölkələrinin "cırtdan orduları"na qarşı hücumlar təşkil edə bilərlər. Hərçənd, İran da sürprizlə üzləşə bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   Əfqanıstan   Silah   Müharibə   Taliban   İran  





Xəbər lenti