Gəncədə soyqırımı qurbanları yad edildi

Gəncədə soyqırımı qurbanları yad edildi
  01 Aprel 2013    Oxunub:1678
Şəhidlər xiyabanına toplaşan şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri 31 mart azərbaycanlıların soyqırımı gününü hüznlə yad etdilər
AzVision.az-ın məlumata görə, əvvəlcə şəhidlərin ruhuna dualar oxunub. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev 31 mart azərbaycanlıların soyqırımından danışarkən bildirib ki, tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.

1918-ci ilin martında Bakıda azərbaycanlı əhaliyə qarşı kütləvi surətdə başlayan soyqırımı siyasəti Bakıətrafı kəndlərdə, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Salyanda, Göyçayda, Ərəşdə, Nuxada, Kürdəmirdə, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Gəncəbasarda, əzəli Azərbaycan torpağı olan indiki Ermənistanda və digər bölgələrdə xüsusi qəddarlıqla davam etdirilmiş, 50 minə yaxın soydaşımız qətlə yetirilib.

Xalqımız öz dövlət müstəqilliyini əldə etdikdən sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərman tariximiz üzərindən qara pərdəni götürüb. 1948-1953-cü illərdə soydaşlarımızın öz tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında 18 dekabr 1997-ci il tarixli və azərbaycanlıların soyqırımı gününün qeyd edilməsi haqqında 26 mart 1998-ci il fərmanları ermənilərin müxtəlif vaxtlarda, daha doğrusu 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə həyata keçirdikləri etnik təmizləmə və kütləvi deportasiya siyasətinin həqiqi mahiyyətini ifşa etməklə bu tarixi faciələrə hüquqi, siyasi qiymət verilməsini gündəmə gətirib.

İcra başçısı sözünə davam edərək deyib ki, ulu öndərimiz Heydər Əliyev müdrikliyinə və dünyanın yeni geosiyasi reallığına söykənən möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımız azad olunacaq.
Mərasimdə çıxış edən professorlardan Həsənbala Sadıqov, Nurəddin Məmmədov iri dövlətlərin əlində oyuncaq olan ermənilərin torpaq iddialarının bütün sərhəd ölkələrinə,Türkiyəyə, Gürcüstana da yönəldiyini bildiriblər. Bu o deməkdir ki, genosid ermənilərin dövlət siyasəti olub, təkcə milli-etnik dini mötivlərə görə deyil, həm də torpaq iddialarına əsaslanır.

Mərasimin sonunda Xatirə abidə kompleksinin önünə, eləcə də Vətən yolunda canlarından keçmiş şəhidlərin məzarı üstünə gül dəstələri qoyuldu.


Teqlər:  





Xəbər lenti