Gün var, əsrə bərabər: Möhtəşəm 44 günün birincisi

    Gün var, əsrə bərabər: Möhtəşəm 44 günün birincisi
  27 Sentyabr 2021    Oxunub:3325
Elə bir gün təsəvvür edin ki, böyük xalq 30 il onun həsrətində olsun. Və o gün heç kimin gözləmədiyi bir anda yetişsin. Elə bir gün ki, insanlar ölümə risk və qorxu yox, şans kimi baxsınlar. Ümumiyyətlə, “ölüm” sözü dillərdən yığışsın. Elə bir gün ki, onu görə bildiyinə görə hamı sevincindən ağlasın. Elə bir gün ki, 10 milyon vücudda ancaq bir ürək döyünsün, bir beyin işləsin. Günlərin günü. Bu, Qiyamət idi, amma tərsinə - hamının dirildiyi Qiyamət günü!
...Bir gün daşıb-tökülməliydi yerə
illər boyu bağrımızdan axan qan...
Can, Cənab Ali Baş Komandan!
- yazmışdı Salam Sarvan və bu, həmin Gün idi. “Gün o gün olsun ki...” sözləri “o gün bu gündür!” ifadəsilə əvəzlənmişdi. Hamımızın həyatının ən möhtəşəm Günü. Nə qədər ləyaqətli insanlar bu Günü görmədən getdilər. Nə qədər ləyaqətli insanlar bu Gündən sonra doğulacaqlar. Ancaq yalnız bizə onu görmək, birlikdə yaşamaq nəsib oldu. Bu, nə böyük şərəf idi!

...Səhər erməni silahlı qüvvələrinin Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutması xəbərilə açıldı. Eyni vaxtda, bir neçə istiqamətdən düşmənin silahlı qüvvələrinin cəmləşməsi və hücuma hazırlaşmaları müşahidə edilir.
Rusiyalı tarixçi Oleq Kuznetsov həmin gün verdiyi açıqlamada bunu 1941-ci ilin 22 iyunu ilə müqayisə etmişdi: "O vaxt Hitler Almaniyasının qoşunları eynilə indiki kimi - istirahət günü, xaincəsinə və müharibə elan etmədən Sovet İttifaqına hücuma keçmişdi. Hərçənd, nasist Qaregin Njdenin ideyasının davamçılarının başqa cür hərəkət edəcəyini gözləməyə dəyməzdi... Ümidvaram ki, bu müharibə ölkənin ən yeni tarixinə “Azadlıq müharibəsi”, hətta “Vətən müharibəsi” adı ilə düşəcək və dünya tarixində bu cür müharibələrin hamısı kimi o da zəfərlə başa çatacaq”.
Kuznetsov gələcəyi görə bilmişdi.

...Əməliyyat şəraiti nəzərə alınaraq, Prezidentə - Silahlı Qüvvələrin Ali Baş Komandanına,- məruzə olunur və Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayır. Nəticədə düşmənin ön xətti yarılaraq, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri işğaldan azad olunurlar.
Bu adlar xəstə könülə məlhəm kimi gəlirdi. Uzun ayrılıqdan sonra Azərbaycanın qoynuna qayıdan ilk 6 kənd! Vətən Müharibəmizin ömürlük yaddaşımızda qalacaq ilk altı adı: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd. Bu kəndlərdən olan insanlar günortadan sonra sosial şəbəkədə “Mən artıq qaçqın deyiləm” yazırdılar.

Müdafiə Nazirliyinin rəsmi məlumatları:
08:35. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur
09:10. Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
(Bu xəbəri oxuyanda gözümdən qeyri-ixtiyari necə yaş axdığı dəqiq yadımdadır. Ümumiyyətlə, həmin Günlər Günü axşama qədər ağlamaqla keçmişdi.)
10:53. Ermənilərin yalanı təkzib olundu
11:08. “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”
12:11. Azərbaycan Ordusunun əks-həmləsi uğurla davam edir

Və Ali Baş Komandanın xalqa Vətən Müharibəsilə bağlı ilk müraciəti. 44 gün ərzində hər biri böyük həsrət və maraqla gözlənilən, cümlə-cümlə diqqətlə dinlənilən daha 6 belə müraciət olacaqdı.


- ...Biz öz torpağımızda vuruşuruq,- Ermənistanın bütün təxribatlarını sadalayandan sonra cənab Ali Baş Komandan bəyanatın son cümlələrini belə yekunlaşdırdı – Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Müdafiə Nazirliyinin rəsmi məlumatları davam edir:
14:00. Azərbaycan Ordusu bir sıra kəndlərimizi və vacib yüksəklikləri azad edib
15:05. Düşmənin döyüş texnikaları məhv edilib
...Və ilk Video! Bu videolar 44 gün ərzində hər birimiz üçün dünyanın ən baxımlı filmlərindən daha maraqlı olacaqdılar. Müdafiə Nazirliyinin videolarının açılış musiqisi dünyanın ən gözəl simfoniyasından daha təntənəli səslənəcəkdi.



Artıq günün nəbzi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovun keçirdikləri müntəzəm brifinqlərin ritmilə döyünməyə başlayır, onları izlədikcə cəmiyyət psixoloji olaraq Vətən Müharibəsi reallığına adaptasiya olunurdu.

Günortadan sonra Prezident Təhlükəsizlik Şurasının iclasını keçirir.


- Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir,- deyir Cənab Ali Baş Komandan,- Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, “ Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayır. Milli Məclis növbədənkənar iclas keçirərək, bunu təsdiqləyir. Ölkə tam Müharibə əhvalına köklənir. Əks-hücum əməliyyatı yeni başlayanda Ermənistanın informasiya təxribatın qarşısını almaq üçün ölkə üzrə internetdən istifadə də məhdudlaşdırılmışdı.

...Müdafiə Nazirliyinin rəsmi məlumatları davam edir:
16.47.
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

Müharibənin ilk saatlarından qardaş Türkiyənin birmənalı və qətiyyətli dəstəyini hiss edirik. Prezident Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarına telefonla zəng edərək, həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayır. Parlament sədrləri arasında da telefon danışığı olur.
- Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islaholunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır. Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək ,- Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop verdiyi açıqlamada vurğulayır.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar isə bildirir ki, "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın qardaşlarımızın yanında olacağıq. Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olur. Həmin danışığın necə keçdiyini təsəvvür etmək çətin deyil.

Axşama doğru Ermənistanın rəsmi təbliğat maşını yalanları uydurmaqda davam etsə də, qarşı tərəfdə reallığı dərk etməyə başlamışdılar. “Nə deyim, ölkənin təhlükəsizliyinin bir nömrəli cavabdehi degenerat olanda belə olur”,- politoloq Hrant Melik-Şahnazaryan öz "Facebook" səhifəsində yazmışdı. Və Azərbaycanın Müdafiə Nazirliyi də onu təsdiqləyir.

...Müdafiə Nazirliyinin rəsmi məlumatları:
18:18.
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır (VİDEO)
18:28. Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
20:15. Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)
22.34. Murov zirvəsi azad olundu

Gün ərzində bütün xalq ancaq bir dilək, bir arzu ilə yaşamışdı: Bu əks-hücum dayanmasın. Günün sonuna doğru artıq əksəriyyət başa düşmüşdü ki, yox, bu dəfə məsələ başqadır. Amma yenə də bilmiridik ki, qarşıda bizi nə gözləyir. Qarşıda isə sevinc, kədər, qan, tər və Dəmir Yumruq var idi. Möhtəşəm 44 gün belə başlamışdı...

Vüsal Məmmədov

Azvision.az


Teqlər: Anım-Günü   44-gün   Vətən-Müharibəsi  





Xəbər lenti