Heydər Əliyev Fondu Bərdədə məktəb inşa edib

   Heydər Əliyev Fondu Bərdədə məktəb inşa edib
  30 Sentyabr 2021    Oxunub:2426
Heydər Əliyev Fondu tərəfindən Bərdə şəhər 3 nömrəli tam orta məktəbi üçün inşa edilmiş 1200 şagird yerlik məktəb binası istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Bərdədə son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıb.



Bildirilib ki, Bərdə şəhər 3 nömrəli tam orta məktəb 1936-cı ildə inşa olunmuş 23 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 1200 şagird yerlik yeni məktəbin inşasına 2020-ci ilin aprel ayında başlanılıb və 2021-ci ilin avqust ayında yekunlaşıb. Dördmərtəbəli bina 4 korpusdan ibarətdir.



Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və valideynlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər. Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Məktəb binasında 43 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.



Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 1200 şagirdin, məktəbəhazırlıq qrupunda isə 80 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 103 nəfər pedaqoji işçi çalışır.

Azvision.az



Teqlər: HeydərƏliyevFondu  





Xəbər lenti