Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinisin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirildi ki, şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur. Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.
Bəs kimlər müharibə veteranı hesab edilir?
1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il, 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.
Hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilir. Xəsarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən sonra 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.
Bundan əlavə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. Müharibə veteranı vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd təyinat aparılaraq ödənişə göndərilir.
- I Qarabağ müharibəsində iştirak edən, yaralanan şəxslərə əlillik statusu düşmürsə də, veteran adı almalıdırlar,- Qarabağ qazisi Rey Kərimoğlu AzVision.az-a bildirib. Bundan əlavə, hərbi əməliyyatlar zamanı yaralananlara sığorta pulları da düşür. Lakin II Qarabağ müharibəsindən fərqli olaraq, I Qarabağ müharibəsində döyüşənlər bu ödənişi ala bilməyiblər. Prezident İlham Əliyevin sərəncamı ilə onlara da sığorta pullarının yanvar ayından verilməsi gözlənilir. Bu barədə göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bu, birdəfəlik ödənişdir. Amma veteranlara hər ay 80 manat verilməlidir. Bu vəsaiti bir çox müharibə iştirakçısı ala bilmir, çünki veteran vəsiqəsi yoxdur.
R.Kərimoğlu I Qarabağ müharibəsi iştirakçılarının bəzilərinin haqqında məlumatların arxiv sənədləri arasında olmadığından veteran vəsiqəsini ala bilmədiklərini də vurğuladı:
- Veteran statusu almaq üçün hərbi bilet, oradakı qeydlər, Müdafiə Nazirliyinin arxivindən arayış lazımdır. Müdafiə Nazirliyinin veteran komissiyasında müraciət araşdırılır və veteranlıq verilir. Lakin I Qarabağ müharibəsində bir çox müharibə iştirakçısı barədə arxiv sənədləşdirilmələri getmədiyi üçün müharibə veteranlarının bir qismi bu statusu ala bilmir. Bu da veteranın günahı deyil, həmin dövrdəki müvafiq Müdafiə Nazirliyi strukturlarının günahıdır. Həmin şəxslər onlardan gileylənir. İştirakçı var ki, hərbi biletində giriş möhürü var, çıxışı yoxdur. Və yaxud hərbi biletdə hamısı var, amma arxiv sənədi yoxdur. Bütün bunlar onların narazılığına səbəb olur. Nazirlər Kabineti yanında veteranlarla iş üzrə komissiya yaradılıb. Hələlik komissiyanın işindən xəbərimiz yoxdur. Amma fakt odur ki, I Qarabağ müharibəsinin veteranları bu statusu və onlara çatacaq sığorta pullarını almaqda çətinlik çəkirlər.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


