“Bəxtinizi bir daha sınayın, görək!” – Ədalət Verdiyev Camalyana faktlar və rəqəmlərlə cavab verdi

      “Bəxtinizi bir daha sınayın, görək!”    – Ədalət Verdiyev Camalyana faktlar və rəqəmlərlə cavab verdi
  30 Sentyabr 2021    Oxunub:3732
Ermənistandan olan hərbi ekspert David Camalyan sentyabrın 29-da keçirdiyi mətbuat konfransında 2-ci Qarabağ Müharibəsi zamanı baş verən hadisələri tamamilə təhrif edib. Onun fikirlərinə cavab yazmaq üçün mətndəki absurd iddiaları olduğu kimi sıralayıram:
1) Camalyan bildirib ki, guya üçtərəfli Birgə Bəyanatın imzalandığı 9 noyabr tarixində Azərbaycan tərəfinin hücum imkanları praktiki olaraq tükənibmiş;
2) Bundan başqa, Camalyan Azərbaycan Ordusunun müharibənin ilk günündə Ermənistanın müdafiə zolağını yara bilməməsini, təxminən bir həftə ərzində cənub-şərq istiqamətində ermənilərinin cəbhə xəttinin kifayət qədər sabit olmasını iddia edir;
3) Sonda isə Camalyan daha dərinə gedir: “Noyabrın 9-da Ermənistanda hakimiyyət dəyişikliyi olsaydı və müttəfiq Rusiya ilə dost İrandan bir az dəstək alsaydıq, sizi əmin edirəm, mənzərə tamam başqa cür olardı. Faciə ondan ibarətdir ki, noyabrın 9-da Azərbaycana ala bilməyəcəyi ərazilər təslim edildi. Sonda Əliyev etiraf etdi ki, bütün bunlar bir neçə həftə daha davam edərdisə, o zaman qış yaxınlaşdığına görə Kəlbəcəri götürmək mümkün olmazdı”.

Camalyana cavab yazmaya da bilərdim, çünki hər absurd açıqlamaya itirəcək zamanım yoxdur. Amma 2013-cü ildə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanın müşaviri olduğu üçün ona bir azərbaycanlı kimi cavab yazmağı özümə borc bildim. Beləliklə, Camalyanın absurd hesab etdiyim fikirlərinə rəqəm və faktlarla cavab verməyə çalışacağam.

Rəqəmlər hər şeyi deyir

Əvvəlcə Azərbaycan tərəfinin hücum imkanlarının “praktik olaraq tükənməsi” barədə. Müharibənin sonunda 135 minlik Azərbaycan Ordusunun itkiləri 2900 nəfər şəhid və 12000 yaralı olmaqla, cəmi 15000 nəfərə, yəni 11 faizə yaxınlaşdı. Naxçıvan Ordusunun, 3-cü Ordu Korpusunun, DSX-nın, Daxili Qoşunların döyüş bölgəsindən kənarada yerləşən və hazırlıq keçən ehtiyatlarının döyüş əməliyyatlarına cəlb edilməsinə ehtiyac qalmadı. 100 min nəfərdən artıq Azərbaycan vətəndaşı isə səfərbərlik şöbələrində könüllü olaraq orduya getmək üçün növbə gözləyirdi. Azərbaycan zirehli texnika, artilleriya sistemləri, HHM, pilotlu və pilotsuz aviasiya vasitələrinin itkiləri 5-10 faiz arasında oldu. Azərbaycanın texnika və canlı qüvə itkiləri heç bir halda 10 faizi keçmədi.

Ermənistanın 45 minlik ordusu müharibədə 5000 nəfəri ölü, 11300 nəfəri yaralı, 10.000 nəfəri isə fərari olmaqla, itki verib. Başqa sözlə, Ermənistan ordusunun müharibədə şəxsi heyət itkisi 60 faizə qədər olub. Ermənistan vətəndaşlarının döyüşə könüllü getmək üçün növbə gözləməsi hallarına rast gəlinməyib.
Ermənistanın məhv edilən və qənimət götürülən tanklarının sayı mövcud olan 220 ədədə qarşı 366 ədəd olub. Əlavə 146 ədəd tankın Ermənistana müharibə zamanı gətirildiyi və beynəlxalq təşkilatların nəzarətindən kənarda saxlamaq üçün Qarabağda gizlədildiyi ehtimal olunur.
Əlavə olaraq qəsbkar ordunun müharibə zamanı 10 ədəd “S-300” kompleksinin atıcı qurğu və RLS-ləri, 352 müxtəlif çaplı artilleriya vasitəsi, o cümlədən, 97 ədəd “Qrad”, 4 ədəd “Smerç”, 2 “Uraqan” YARS-ları, 1 “Tos” odsaçanı, bir neçə “Toçka-U” və “Elbrus” operativ raket kompleksləri, 22 ədəd PUA-sı, 5 ədəd “Su-25” təyyarəsi, 50 ədəd “Tor”, “Osa”, “Kub” və “Kruq” zenit-raket kompleksi də məhv edilib. Bu isə Ermənistan ordusunun müharibədəki itkilərinin 30 faiz (pilotlu aviasiyada) ilə 170 faiz (tanklarda) arasında dəyişdiyini nümayiş etdirir. Başqa sözlə, Ermənistanın müharibədə texnika və insan resursları itkilərinin 60-70 faizdən aşağı olmadığını görə bilərik. Erməni ekspertləri özləri isə itkiləri bəzən daha böyük faizlə ifadə edirlər.

İki sual

İndi isə Ermənistanın müdafiə nazirinin müşaviri olmuş D.Camalyana iki sualım var:
- Dağlıq və yüksək dağlıq ərazilərdə hücumda olan tərəfin, hazırlıqlı müdafiədə olan tərəfdən 6-7 dəfə daha az itkiyə məruz qalmasına aid ikinci bir fakt göstərə bilərsinizmi?
- “Tükənən” bir ordu artilleriya və zirehli vasitələrə malik 3000-dən çox erməni əsgərinin qoruduğu Şuşanı texnikadan istifadə etmədən, yalnız fərdi silahlar və bir neçə daşınan “Spike” tank əleyhinə raket kompleksi ilə silahlanmış 400 nəfərə qədər xüsusi təyinatlı ilə necə azad edə bilərdi?

Artilleriya və zirehli texnikalarla qorunmaqla yanaşı, qayaların üstündə yerləşən Şuşa qalasında özündən sayca 8 dəfə az, əliyalın Azərbaycan əsgəri qarşısında tab gətirməyən erməni əsgəri müharibənin davam edəcəyi təqdirdə hansı müqaviməti göstərə bilərdi? Siz başqa planetdən gəlməmisiniz, heç olmasa, Şuşanın küçələrində qoyub qaçdığınız və qurd-quşa yem olan yüzlərlə erməni əsgərlərin cəsədlərini görməzliyə vurmayın!

Şuşanın azad edilməsi faktından dünyada bu sahədən anlayışı olan bir çox ekspert, o cümlədən, az sayda erməni mütəxəssislər də danışıblar. Bu barədə ABŞ, Almaniya, Yaponiya və s. kimi xarici ölkələrin mətbuatında ciddi məqalələr dərc olunub. Bu möhtəşəm əməliyyatın dünya hərb tarixinə gətirdiyi yeniliklərin qarşılığında D.Camalyanın son açıqlamaları sadəcə “qısır toyuq korluğu”dur.

Camalyan “tükənən” ordunun əməliyyatlar zamanı Ermənistandan 65 dəfə az hərbçisinin döyüş meydanında itkin düşməsini, 1700 nəfərə qədər erməni cəsədlərinin qalıqlarının Qarabağın müxtəlif ərazilərində aşkarlanmasını və müharibənin başa çatmasından 10 ay keçməsinə baxmayaraq, “cəsəd toplama əməliyyatı”nın hələ də davam etməsini nə ilə izah edə bilər?

Toyuğun gecə üzləşdiyi problem

Azərbaycan Ordusunun müharibənin ilk günü Ermənistanın müdafiə zolağını yara bilməməsinə, təxminən bir həftə ərzində cənub-şərq istiqamətində ermənilərinin cəbhə xəttinin sabit olmasına gəlincə, Camalyanın nəzərinə çatdırıram: Döyüş əməliyyatlarının nəinki ilk bir həftəsi ərzində, hətta ilk saatlarında Azərbaycan Ordusu sizin və tabe olduğunuz körpə qatili Seyran Ohanyanın yaratdığı müdafiə sədlərini darmadağın etmişdi. 27 sentyabr, saat 14.00-da Azərbayacan Ordusunun bölmələri cənub istiqamətində Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılin isə Böyük Mərcanlı, Nüzgar kəndlərini, həmçinin şimal-şərqdə Ağdərə və Murovdağ istiqamətlərində yerləşən yüksəklikləri Ermənistanın 30 illik işğalından azad etdi. Başqa sözlə desək, əks-hücumun ilk 6 saatında Azərbaycan 6 kəndi və 2 yüksəkliyi azad etməklə həm Cəbrayl-Füzuli yolunu, həm də Basarkeçər-Kəlbəcər yolunu nəzarəti altına aldı.

Camalyanın göstərdiyi əməliyyatların ilk həftəsi ərzində isə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl şəhəri ilə bərabər Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri, Füzuli rayonunun isə Aşağı Əbdürrəhmanlı kəndi Erəmənistan tapdağından azad olunub. Bu faktlar çox sayda peyk görüntülərində əksini tapıb, KİV-də kifayət qədər məlumatlar yayıb. Ermənistanın müdafiə nazirinin müşaviri olan və hərbi ekspert kimi açıqlamalar verən Camalyan nə qədər kor olmalıdır ki, rəqib tərəfindən 1 şəhərin, 23 kəndin və 2 yüksəkliyin azad edilməsininə baxmayaraq, “cəbhə xəttinin kifayət qədər sabit olmasını” iddia etsin?!

Müharibənin ilk günündən Azərbaycan Ordusunun Basarkeçər-Kəlbəcər yolundan istifadəni məhdudlaşdırmasını, Ermənistanın Qarabağ əməliyyatlar teatrına əlavə qüvvələr cəlb etməkdə çətinlik çəkməsini, onun manevr imkanlarının hər iki istiqamətdə minimallaşdırılmasını, təkcə Cəbrayıl istiqamətində 800 nəfər erməni silahısının məhv edilməsini Camalyan Ermənistan üçün “cəbhə xəttinin kifayət qədər sabit” olması kimi görürsə, deməli onun həm də psixioloji yardıma ehtiyacı var.

Yeməklə doymayan daban yalamaqla doymaz

Camalyanın “Noyabrın 9 -da Ermənistanda hakimiyyət dəyişikliyi olsaydı və müttəfiq Rusiya ilə dost İrandan bir az dəstək alsaydıq, mənzərə tamam başqa cür olardı. Noyabrın 9-da Azərbaycan ordusuna ala bilməyəcəyi ərazilər təslim edildi. Sonda Əliyev etiraf etdi ki, bütün bunlar bir neçə həftə daha davam etsəydi, qış yaxınlaşdığına görə Kəlbəcəri götürmək mümkün olmayacaqdı” fikrinə gəlincə isə, əvvəla, onu deyim ki, İran və Rusiya Ermənistana daim yardım ediblər, amma “yeməklə doymayan daban yalamaqla doymaz”.

Kəlbəcərin azad edilməsinin hər iki tərəfdən itkilərlə müşaiyət olunması labüd idi, amma əvvəlki statistikaya və ermənilərin geri çəkilmə zamanı qoyub qaçdıqları cəsəd və texnika sayına baxdıqda, bu itkilərin hansı tərəf üçün daha böyük miqyasda olacağı barədə müzakirəyə ehtiyac qalmır.

Şuşanın azad edilməsi nəticəsində özünün ən yüksək mənəvi-psixoloji üstünlüyünə çatan Azərbaycan Ordusunun qarşısında nə sərt iqlim, nə də yüksək dağlıq ərazi əhəmiyyət daşıyacaqdı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və mükəmməl idarəetməsi nəticəsində Azərbaycan Əsgəri 200 illik “Böyük Ermənistan” ideyası ilə birgə 30 illik “məğlubedilməz erməni ordusu” mifini cəmi 44 günə darmadağın etdi. “Qəhrəman erməni sərkərdələri” köməksiz və çarəsiz erməni əsgərlərini döyüş meydanında qoyub, qaçdılar. Həmin “sərkərdələrin” nə özləri, nə də yaxınları arasında bir nəfər belə Qarabağ uğrunda canından keçməyə razı olmadı.

Müharibə zamanı Azərbaycan əhalisi 7-dən 77-yə orduya dəstək vermək üçün ayaqda idisə, Ermənistan ordusu müharibənin ilk 5 günündə 1500, sonunda isə 10 min fərariyə malik idi. Noyabrın 10-a qədər ölən və yaralananları çıxsaq, erməni ordusunun 50 faizi fərarilərdən ibarət idi. Hazırda Ermənistan 21-ci əsrin ilk fərari ordusuna malikdir.

Camalyanın erməni hərbi ekspert V.Ambartsumyanin azərbaycanlı jurnalistə verdiyi müsahibədə ordularının 80 faiz məhv edildiyini etiraf etməsindən yəqin ki, xəbəri yoxdur. Əslində buna heç kim şübhə etmirdi, sadəcə, faktı erməni tərəfi boynuna almırdı. Əgər kimsə erməni ekspertin dediklərinə şübhə edirsə, son bir ildə yayımlanan videolardakı məhv edilən erməni hərbçilərini və texnikalarını saymağa cəhd etsin, fərarilərlə bağlı statistikanı izləsin, İrəvandakı “Yerablur” qəbristanlığına və Bakıdakı “Hərbi Qənimətlər Parkı”na təşrif buyursun.

21-ci əsrin “unikal” fərari erməni ordusunun Azərbaycan Əsgəri qarşısında Xankəndi və Kəlbəcərdə hətta bir neçə saat tab gətirəcəyi belə şubhə altında idi. Əks təqdirdə, Ermənistan baş naziri N.Paşinyan naməlum məkanda, bəlkə də sanitar qovşaqda kapitulyasiya aktını imzalamazdı.

Əgər Ermənistanda kimlərsə Azərbaycan Ordusunun imkanlarına, yazılan faktların və gətirilən arqumentlərin doğruluğuna növbəti dəfə əmin olmaq istəyirsə, o zaman ölkələrinin mövcudluğunu şübhə altına almaq üçün qara bəxtlərini bir də sınasınlar.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: Ordu   Qarabağ  





Xəbər lenti