Yalan xronikası: Müharibənin 6-cı günü ermənilər nə deyirdilər

  Yalan xronikası:  Müharibənin 6-cı günü  ermənilər nə deyirdilər
  02 Oktyabr 2021    Oxunub:1945
Bu günlərdə Azərbaycan mediası kimi, Ermənistan KİV-i də 44 günlük müharibənin xronikasını araşdırıb, yenidən təqdim etməklə məşğuldur. Əgər biz həmin tarixin hər gününü qürurla, şərəflə anırıqsa, ermənilər əksinə, necə axmaq yerinə qoyulduqlarını xatırlayır və sual edirlər: Bunun hesabını kim verəcək?!
Məsələn, “news.am” saytının dərc etdiyi xronika Ermənistan rəhbərliyinin öz xalqını və beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatığını ifşa edir. Çünki həmin günlərdə Ermənistan hökumətinin dediklərindən belə çıxırdı ki, əks-hücuma keçərək “düşmən”in onurğa sütununu sındırırlar, bu gedişlə tezliklə Azərbaycanı diz çökdürəcəklər... Gəlin, xatırlayaq ki, oktyabrın 2-də - müharibənin altıncı günü Erməni tərəfi nələr deyirdi...

Gecəyarısı Paşinyan “Facebook” səhifəsində yazır ki, Kotayk və Geqarkunik vilayətlərində düşmənin 4 PUA-sı məhv edilib: "Arxayın və əmin olun. Biz qalib gələcəyik”.
Sayt niyə baş nazirin müntəzəm olaraq mətbuat xidmətinin və ya Müdafiə Nazirliyinin funksiyalarını öz üzərinə götürdüyünü sual edir. Müharibəyə qədər və onun getdiyi müddətdə “Facebook”da aktivliyi ilə seçilən Paşinyan müharibədən sonra, ümumiyyətlə, sosial şəbəkələrdən uzaqlaşıb, mətbuat konfransları keçirmir və jurnalistlərin suallarına cavab vermir.
Müharibənin 19-cu günü: Azad olunan ərazilərin coğrafiyası genişlənir

Təxminən yarım saat sonra Müdafiə Nazirliyinin təmsilçisi Ermənistan səmasında 4 PUA-nın vurulduğu barədə açıqlama verir.
- Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə, 00:15 radələrinə qədər ölkənin silahlı qüvvələri 4 PUA vurublar: biri Ermənistanın Kotayk, 3-ü isə Geqarkunik vilayətlərində. PUA-ların hamısı kəşfiyyat aparatları olub,- Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.
Ermənistanın Azərbaycan ərazisində müharibə aparmasına baxmayaraq, Azərbaycanın heç vaxt Ermənistan sərhədini pozmadığı və orada hərbi əməliyyatlar aparmadığı beynəlxalq ictimaiyyətə, hətta İrəvanın havadarlarına da çox yaxşı məlumdur. Ona görə də Şuşan Stepanyan guya Ermənistan səmasında vurulmuş PUA-ların kəşfiyyat aparatları olduğunu deməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır.

Sübh tezdən qondarma “Artsax”ın “prezidenti” də “Facebook”da post yerləşdirib: “İndicə müdafiə ordusunun məntəqəsində bizim əfsanəvi komandirlərdən biri olan Karen Calavyana “Artsaxın Qəhrəmanı” rütbəsini verdim. Biz aparılan hərbi əməliyyatlar nəticəsində onların nəinki zəruri sayılan strateji yüksəklikləri və dayaq məntəqələrini ələ keçirdiklərinin, hətta düşməni yalnız bu gün yox, ümumiyyətlə, son günlər ərzində necə böyük itkilərə məruz qoyduğunun şahidi olduq”.

Söhbətin hansı “strateji yüksəklik”lərdən getdiyi naməlum olaraq da qaldı. Həqiqətdən uzaq olan bu paylaşm erməni cəmiyyətində ordularının qalibiyyətli müharibə apardığına inam yaratmağa hesablanmışdı.

“Türkiyənin Minsk qrupunda iştirakı dayandırılmalıdır. Çünki bu ölkə özünü qərəzli və davakar aparır. Buna görə də artıq vasitəçi ola bilməz. Azərbaycan tərəfindən qurbanların 30%-i xarici muzdlulardır, Türkiyə və Azərbaycan bu hücuma görə məsuliyyət daşımalıdırlar. Bu müharibəni 2016-cı ilin hərbi əməliyyatları ilə yox, daha çox 1915-ci ilin “soyqırım”ı ilə müqayisə etmək olar”,- Nikol Paşinyan “Le Figaro” nəşrinə müsahibəsində deyib.
Müsahibədə yalnız çağırışla kifayətlənən Paşinyan rəsmi şəkildə nə həmsədrlərə, nə də ATƏT-ə müraciət edir. Sual olunur: “Niyə müharibədən sonra Paşinyan bu çağırışı təkrarlamır?!”

Fransa prezidenti Emmanuel Makron 300-dən çox suriyalı islamçının Türkiyənin Qaziantep vilayətindən keçməklə Dağlıq Qarabağ münaqişə bölgəsinə göndərildiyini bəyan edib . O, bildirib ki, bu təsdiqlənmiş faktdır və Rusiyanın da belə məlumatı var.
“Belə davranış NATO üzvünə yaraşmayan hərəkətdir, biz hesab edirik ki, belə hərəkətlər yolverilməzdir. İndiki halda qırmızı xətt artıq keçilib. Biz habelə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik... Mən Avropa İttifaqının üzvlərinə ATƏT-in Minsk qrupunun 3 həmsədrinin – ABŞ, Rusiya və Fransanın kommünikesi, Ermənistanla Azərbaycan arasında fəal vasitəçilik üçün həyata keçirməyi düşündüyümüz təşəbbüslər barədə məruzə etdim” – Makron vurğulayıb.

Amma nə Makron, nə Ermənistan hakimiyyəti, nə də ki, Ermənistanın digər havadarları sona qədər bu “danılmaz fakt”la bağlı heç bir dəlil-sübut təqdim edə bilmədilər. Əksinə, Azərbaycan Ermənistan tərəfində vuruşan Yaxın Şərqdən və Avropa ölkələrindən gəlmiş muzdlular barədə faktları açıq şəkildə ortaya qoydu, onların əsir düşənləri isə məhkəmə qarşısında cavab verdilər. Fransa vətəndaşı olan erməni əsilli terrorçuların bu ölkədə Qarabağda Azərbaycana qarşı vuruşmaq üçün açıq-aşkar muzdlular toplaması, bölgədə gedən döyüşlərdə iştirakı isə bütün dünyaya bəllidir.

“Fox News”-a müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo ölkəsinin Qarabağ münaqişəsinin beynəlmiləlləşdirilməsini istəmədiyini deyib.
- Biz hesab edirik ki, kənar dövlətlər aralı durmalıdırlar. Biz atəşin kəsilməsinə çağırırıq. Biz istəyirik ki, hər iki tərəf geri çəkilsin. Ermənistan və Azərbaycan rəhbərləri ilə danışaraq, onları bu addımı atmağa çağırmışıq. Qarşıdakı günlərdə onların zorakılığın mövcud münaqişələri həll edə bilməyəcəyini başa düşəcəklərinə ümidliyik. Üçüncü tərəfləri – digər ölkələri cəlb etmək vəziyyəti yalnız qəlizləşdirəcək, - Mayk Pompeo açıqlayıb.
Erməni nəşri bildirir ki, ABŞ çağırışlardan və öz narazılığını bildirməkdən savayı irəli getmədi.

Mətbuat yazır ki, ədliyyə naziri Rüstəm Badasyan qurumun əməkdaşlarını silahdan atəş açma hazırlığına göndərib. Özü də yalnız kişilər yox, qadınlar da bu hazırlığı keçməlidirlər. Qadınların göndərilməsi nazirlikdə konfuz yaratmaqla bərabər “nazirin özü atəş açmağı bacarırmı və özü də bu hazırlıq məşqlərinə gedəcəkmi?” sualını gündəmə gətirib.
Nəşr xatırladır ki, skolioz (onurğa sütununda deformasiyası) mərəzi üzündən Badasyan orduda xidmət etməyib.

“Qraparak” qəzeti yazır ki, qondarma “Artsax”ın qondarma “prezidenti” Araik Arutyunyanın artan reytinqi Ermənistan hakimiyyətini narahat etməyə başlayıb və bu reytinqin “endirilməsi” üçün yaxın vaxlarda müəyyən addımların atılacağı gözlənilir. Ermənistan hakimiyyətinin Arutyunyanın fonunda ikinci plana keçməməsi üçün, onu birləşdirici təşkilatçılıq rolunu aşağı salacaq addımlar atmağa sövq edəcəklər.

“Artsax”ın "müdafiə ordusu"nun mətbuat xidməti xəbər verib ki, gecə münaqişə zonasında vəziyyət nisbətən gərgin olub. Bəzi istiqamətlərdə artilleriyadan və kiçik çaplı silahalardan atışmalar davam edib. Əməliyyat-strateji vəziyyətdə önəmli dəyişmələr qeydə alınmayıb. Hazrıda cəbhə xəttinin bütün istiqamətlərində hərbi əməliyyatlar yenidən qızışıb. "Düşmən"in canlı qüvvəsinə və texnikasına zərbələr endirilir, onun bütün hücumları dəf edilir.

“CNN” də Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün suriyalı muzdluların cəlb olunduğu barədə məlumat verib. Telekanal Azərbaycana getməyə razılaşan bir kişi ilə söhbət edib. Adını demək istəməyən bu adam Dəməşqdə doğulduğunu, lakin indi Suriyanın şimalındakı Afrin rayonunda yaşadığını bildirb. O, Türkiyənin dəstəklədiyi “Suriya Milli Ordusu”nun üzvü olduğunu deyib.

"Müdafiə ordusu" komandanının müavini Artur Sarkisyan bildirib ki, təyyarələrdən, helikopterlərdən, raket komplekslərindən, zirehli texnikadan, xüsusi təyinatlı qüvvələrdən istifadə edən "düşmən" müdafiə ordusunun mövqelərinə hücuma keçib. Onun sözlərinə görə, şimal və cənub istiqamətlərində istifadə olunan silahın, hərbi texnikanını və şəxsi heyyətin sayı misilsiz dərəcədədir. Lakin taktiki və strateji vəziyyətdə dəyişiklik yoxdur. Gecə gərginlik səngisə də, artilleriya atəşləri fasiləsiz qaydada davam edib.

Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində 6 gün ərizndə Azərbaycan tərəfinin itkilərini əks etdirən rəqəmlər yerləşdirib: -1750 nəfər ölüb, 107 PUA, 10 helikopter, 250 ədəd zirehli texnika, 5 təyyarə və 1 “SMERÇ” reaktiv artilleriya sistemi məhv edilib.
Şuşan Stepanyanın açıqladığı “həqiqət”in məntiqinə inansaq, belə çıxır ki, artıq müharibənin 6-cı günü Azərbaycan Ordusu darmadağın olmaq ərəfəsində imiş. Amma nəticə nədənsə tam bunun əksi oldu.

Artsrun Ovannisyan daha bir ruhlandırıcı post yazıb və fotoşəkil yerləşdirib. “Bu isə T-90-dır, uşaqlar onu çox asanlıqla vurublar. Heyif ki, çox yaxınlaşa bilmədim, atəş açırdılar”, - Ovannisyan yazıb.
Görünür, can şirin şey imiş Artsurun!

Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan paylaşdığı postda İsrailin Türkiyə ilə bundan sonra münasibətləri pisləşdirəcəyi ehtimalını qeyd edib: “Uzun müddət Yerusəlim üzərində Osmanlı imperiyasının nəzarəti olmasına əsaslanan Ərdoğan bildirib ki, bu şəhər Türkiyəyə mənsubdur. Türkiyəyə satılan PUA-ların gec-tez Yerusəlim tərəfə uçacaqlarını İsrailin dərk etməsini vaxtıdır”.

Artsrun Ovannisyan bildirib ki, "düşmən" tərəf mülki obyektləri də ballistik raketlərdən atəşə tutur. Güman ki, hətta “LORA” raketlərindən istifadə etməklə. Qeyd edək ki, LORA-nın istehsalçısı İsraildir.
Avropa İttifaqının Dağlıq Qarabağda barışıq yaradılmasını dəstəklədiyini bildirən Almaniya kansleri Angela Merkel hərbi metodlarla münaqişənin dinc yolla həll etməyin mümkün olmadığını qeyd edib.
Avropa İttifaqı və Almaniya bundan o yana getmədilər.

Kremldən xəbər veriblər ki, Paşinyan yenə də RF-in prezidenti Vladimir Putinə zəng vurub və münaqişə zonasında vəziyyəti müzakirə edib.
- Erməni tərəfin təşəbbüsü ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı olub. Dağlıq Qarabaş münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etirilib,- Kremlin məlumatında deyilir.

Artsurun Ovannisyan axşam bəyan edib ki, saat 21:00-a olan məlumata görə, düşmən tərəfdən 540 nəfər ölüb, 700-dən çox adam yaralanıb, 45 ədəd zirehli texnika, çoxu hələ havaya qalxmamış 6 təyyarə, 3 helikopter və 6 PUA itirilib.
Şuşan Stepanyanın məlumatı ilə heç cür üst-üstə düşmür. Yoxsa, Arsturun Azərbaycan Ordusunun bir gün ərzində itkilərindən danışır? Onda laq pis! Hansı sağlam düşüncəli adam belə “həqiqətin” toruna düşər?

Axşamdan xeyli keçmiş Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla növbəti dəfə telefonla danışıb. Paşinyan müharibənin başlanmsına qarşı tutduğu prinsipial və konstruktiv mövqeyinə görə Fransaya təşəkkür edib. Tərəflər xarici muzdlu terrorçuların hərbi əməliyyatlarda iştirakının yolverilməz olduğunu bildiriblər. Fransa prezidenti hərbi əməliyyatların daha dayandırılmasının və ATƏT-in Minsk qrupu həmsədr dövlətləri prezidentlərinin 1 oktyabr 2020-ci il bəyanatı məcrasında sülh prosesinin dirçəldilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın həqiqətən də Fransaya dəfələrlə və dönə-dönə təşəkkür etməsinə dəyər. Çünki rəsmi Paris və şəxsən Emmanuel Makron qədər həm müharibə dövründə, həm də sonra Azərbaycana qarşı ifrat qərəzli münasibət sərgiləyən dövlət və siyasətçi olmadı və olmayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: 44-gün  





Xəbər lenti