Müharibənin 19-cu günü: Azad olunan ərazilərin coğrafiyası genişlənir

 Müharibənin 19-cu günü:  Azad olunan ərazilərin coğrafiyası genişlənir
  15 Oktyabr 2021    Oxunub:1641
Oktyabrın 15-də Türkiyənin NTV telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimizin hər gün uğurlu əməliyyatlar keçiridyini və bizim zəfər marşında olduğumuzu vurğuladı. Bu baxımdan, müharibənin 19-cu günü də istisna təşkil etmədi.
Həmin gün Azərbaycan Prezidenti özünün rəsmi “Twitter” səhifəsində “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözlərini yazdı.


Ermənistan tərəfi isə Dağlıq Qarabağda məhv edilmiş daha 49 hərbçisinin adını açıqlayraq, canlı qüvvə itkisinin 622-yə çatdığını bildirdi. Halbuki, bu rəqəmin bir neçə dəfə azaldıldığı hamıya yaxşı bəlli idi.
Həmin gün məhv edilən erməni işğalçıları arasında əvvəllər Ermənistan ordusunun sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik etmiş general-mayor Artak Tonoyan, hərbi hissə komandiri polkovnik Vahan Asatryan və ağır atletika üzrə Ermənistan çempionu Eduard Maranjyan da var idi. Yeri gəlmişkən, bir müddət əvvəl ağırlıqqaldırma üzrə daha bir Ermənistan çempionu - Tatul Harutyunyan da Qarabağda məhv edilmişdi. Necə deyərlər, niyyətin hara, mənzilin də ora.

Oktyabrın 14-dən 15-nə keçən gecə Silahlı Qüvvələrimizin zərbələri nəticəsində düşmənin xeyli sayda hərbi texnikası da məhv edildi və sıradan çıxarıldı: 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA və avtomobil.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti itkilərin həqiqi miqyasını gizlətməyə çalışan Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmaları ələ keçirdi. Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın Müdafiə nazirinə göndərdiyi iki məktubdan birində "Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdır. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək",- deyilir.

Vəziyyətdən daha çox məlumatlı olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları isə Azərbaycana qarşı döyüşə getməkdən imtina etməyə başladılar. Döyüşdən qaçanlar barədə sərt cəza tədbirləri görülür. Onlara cinayət işinin açıldı, bəziləri təcridxanada işgəncələrə məruz qalırdılar.

Cəbhədəki ağır məğlubiyyətlər Ermənistandakı sosial-iqtisadi sferada da böhranı gücləndirir, Paşinyan hökumətinin ölkəni uçuruma apardığını bəyan edən siyasi qüvvələrin sıralarını genişləndirirdi. Bu acı reallıqdan lap azğınlaşan düşmən müharibənin 19-cu günü dəfn mərasimi keçirilərkən Tərtər şəhər qəbiristanlığını ağır artilleriyadan intensiv atəşə tutaraq, 4 dinc soydaşımızı qətlə yetirdi, 5 nəfəri isə ağır yaraladı.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində təkcə dronların Ermənistana 1 milyard dollar ziyan vurduğunu deyərək, rəsmi İrəvanın havadarlarına və dünya ictimaiyyətinə maraqlı mesaj ünvanladı.
- Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır, onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər,- Prezident İlham Əliyev sual edib.

Sözsüz ki, bu sual ilk növbədə elə işğalçı Ermənistanı hər vəchlə dəstəkləməyə çalışan və ona müxtəlif səpkili yardımlar edən Fransa prezidenti Emmanuel Makrona aid idi. Bununla bağlı aparıcının verdiyi suallara Azərbaycan Prezidentinin cavablarına diqqət yetirək: “Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi…Bizim tərəfdən guya muzdluların vuruşması barədə mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır”.

Türkiyənin NTV kanalına müsahibəsində isə Azərbaycan Prezidenti real vəziyyəti öyrənmək istəyən erməni xalqının bizə qulaq asmasının vacibliyini və bizim istədiyimizə nail ola biləcəyimizə əminliyini vurğuladı.
Hadisdələrin sonrakı gedişi İlham Əliyevin strateji düşüncəsinin dəqiqliyini sübuta yetirdi.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: 44-Gün   Vətən-Müharibəsi  





Xəbər lenti