İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı
Azvision.az - ın Milli.Az-a istinadən məlumatına görə, israilli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər.
Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır.
Ekspertlərin sözlərinə görə, bu 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb olub.
"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib.
İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb.
"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib.
Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir.
İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.
Teqlər: