"İran müharibəyə başlamağa cəsarət etməz" - Pakistan Hərbi Kəşfyyatının sabiq direktoru (EKSKLÜZİV)

 "İran müharibəyə başlamağa cəsarət etməz" -  Pakistan Hərbi Kəşfyyatının sabiq direktoru (EKSKLÜZİV)
  05 Oktyabr 2021    Oxunub:9602
“İran Azərbaycana qarşı total müharibə apara bilməz və buna cürəti çatmaz”. Bu sözləri Pakistan Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyatının direktoru, istefada olan general-leytenant, 1965 və 1971-ci illərin Hindistan-Pakistan müharibələrinin iştirakçısı Amcad Şoayib Azvision.az -a müsahibəsində söyləyib.
- Son zamanlar İran-Azərbaycan münasibətləri xeyli gərginləşib. Buna bir neçə səbəb var. Əvvəla, İran İsrail ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlığı, digər tərəfdən isə, Azərbaycan, Türkiyə və Pakistan xüsusi xidmətlərinin keçirdiyi birgə hərbi təlimləri həzm edə bilmir. Odur ki, buna cavab olaraq Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başlayıb. Amma təəccüblüdür ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu 30 il ərzində bunu heç vaxt etməyib. İranın bu davranışını necə şərh edərdiniz?

- Zənnimcə, İran Azərbaycanla sərhəddə bu hərbi təlimləri keçirməyə tələsib, çünki Türkiyə, Azərbaycan və Pakistanın keçirdiyi birgə təlimlər ona heç bir təhlükə törətmirdi. İranın bu təlimlərə Azərbaycan tərəfdən hücuma məruz qalacağından ehtiyatlandığı üçün getdiyini düşünmürəm. Ancaq görünür, İran ərazisində yaşayan azərbaycanlıların milli şüurunun güclənəcəyindən ciddi narahatdır. Azərbaycanlılar İranın şimal-qərbində əhalinin böyük hissəsini təşkil edir, farslardan sonra bu ölkənin sayca ikinci etnosu və ən böyük milli azlığıdırlar. Ola bilər ki, İranda onların hakimiyyətə loyallığından o qədər də əmin deyillər və İran azərbaycanlılarının Şimali Azərbaycanla hər hansı razılaşmaya gedə biləcəyindən ehtiyat edirlər. Mənə elə gəlir ki, ikitərəfli münasibətlərdə hər hansı mənfi nəticələr olmaması üçün Azərbaycan İrana müraciət edərək, onun bu məsələdəki əndişələrini dağıda bilərdi.

- Necə düşünürsünüz, bu gün İran Türkiyə və Azərbaycanla mübarizə aparmaq üçün nə dərəcədə yüksək psixoloji hazırlığa malikdir?

- İranın Türkiyə və Azərbaycana qarşı hər hansı hərbi əməliyyatlara başlaya biləcəyinə inanmıram. İran total müharibə aparmaq imkanına malik deyil və buna cürəti çatmaz. Onun iqtisadiyyatı iflas vəziyyətindədir, dövlət aparatı təhlükəsizliyinə əmin deyil. Bu gün İran höküməti çox sərt Amerika sanksiyalarının məngənəsində sıxıldığından, özünü ciddi təhlükədə hiss edir. Başqa bir təhlükəli məqam İsrail agentlərinin İranın bütün dövlət institutlarına sızmasıdır.
Zaman-zaman İran alimlərinə və nüvə obyektlərinə “Mossad”ın maliyyələşdirdiyi hücumlar müşahidə edirik. Buna görə də, İran qonşu ölkələrin müdafiə potensialına şübhə ilə yanaşır. Hazırkı İran rejimi total müharibədənsə, ölkə ərazisində gizli, təxribatçı fəaliyyətə inanır.

- Əgər İran Azərbaycan ərazisinə müdaxilə etsə, sizcə, Pakistan özünü necə aparar? İslamabadın buna reaksiyası necə olar?

- İki müsəlman ölkəsi arasında münaqişə olarsa, Pakistan ilk növbədə açıq hərbi əməliyyatların dayandırılması istiqamətində fəaliyyətə üstünlük verər və nəticə etibarilə problemin həlli üçün danışıqlar yolu seçməkdə hər iki tərəfə öz aktiv diplomatik səyləri ilə kömək etməyə çalışar. Lakin Azərbaycanla hərbi əməkdaşlığımız istənilən halda davam edəcək.

- Tehranda əmindirlər ki, əgər Türkiyə və Azərbaycan Böyük Britaniya və İsrailin köməyilə Ermənistanı İrandan ayırsalar, bu, İran üçün geopolitik məğlubiyyət olacaq. Bəzi İran hərbçiləri deyir ki, bu halda İran Azərbaycan tərəfindən sərhədlərinin pozulmasının qarşısını almaq üçün Ermənistanın fikrini soruşmadan qoşunlarını bu ölkənin ərazisinə yeridəcək. Bunu necə şərh edərdiniz?

- Bəli, bu halda İran və Ermənistan ümumi sərhədlərini qorumaq üçün birləşə bilərlər. Amma bu tam olaraq fərziyyəyə əsaslanan ssenaridir və çətin ki, reallaşsın. İranın müdaxilə təhlükəsi Türkiyə və Pakistanın Azərbaycanla hərbi əməkdaşlığına istənilən halda mane ola bilməyəcək. Diplomatik cavaba gəldikdə isə, Pakistan iki müsəlman dövləti arasında birbaşa konfliktin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək.

Seymur Məmmədov
Nadir Quliyev

Azvision.az


Teqlər: Pakistan   Azərbaycan   Türkiyə   İran  





Xəbər lenti